Alxan Bayramoğlu – 65

Alim və müəllim ömrünün bəhrəsi



Alxan Bayramoğlu (Məmmədov) Bakı Dövlət Universitetinin jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisidir.
O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (keçmiş APİ) fılologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1977-ci ildən Şamaxı rayon Çöl Göylər kənd orta məktəbində dil-ədəbiyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. Eyni zamanda məktəb həmkarlar təşkilatının sədri və Çöl Göylər qiyabi orta məktəbinin müdiri vəzifəsində çalışıb.

A.Bayramoğlu Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspirantı olub (1982-84). “M.Ə.Sabir və ictimai-ədəbi mühit (elmi tərcümeyi-hal məsələləri)” mövzusunda fəlsəfə doktorluğu dissertasiyası (1986) müdafiə edib. 1991-1993-cü illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əyani doktorantı olub. “Şamaxı ədəbi mühiti (XIX əsrin ortalarından mart 1918-ci ilə qədər)” mövzusunda doktorluq dissertasiyası müdafıə edib (1998). Bu dissertasiya ilə o, Azərbaycan ədəbiyyatşünaslığında ədəbiyyatın regional aspektdə tədqiqinin əsasını qoyub. Ondan sonra həmin elmi-nəzəri əsaslar üzrə bir neçə dissertasiya müdafıə edilib.

Müəllifın doktorluq dissertasiyası əsasında hazırladığı monoqrafıyanın (Bakı “Maarif’, 1997, 240 s.) elmi redaktoru AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov, rəyçiləri prof. Məmməd Məmmədov, f.e.d. Ağarəfı Zeynalzadə və p.e.d. Əjdər Ağayevdir. Monoqrafıyada qədim tarixi-ədəbi ənənələrə malik Şamaxı mühitinin timsalında XIX əsrin ortalarından 1918-ci ilin martından ermənilərin Şamaxıda törətdikləri mart qırğınlarına qədərki dövrdə Azərbaycanda maarif və mədəniyyətin inkişafı, maarifçilik hərəkatının başlanması və inkişaf xüsusiyyətləri araşdırılıb.

“Şamaxı ədəbi mühiti (XIX əsrin ortalarından mart 1918-ci ilə qədər)” monoqrafıyasında professor A.Bayramoğlu elmi-tarixi mənbələrə, arxiv materiallarına, ədəbi-bədii nümunələrə istinad edib, milli-mədəni fikir tariximizin mənzərəsini regional aspektdən işıqlandırıb, milli mənlik şüurumuzun formalaşmasının obyektiv-subyektiv əsaslarını göstərib, bu sahədə xidmətləri olan görkəmli ədəbiyyat və mədəniyyət xadimlərinin mövqeyini qiymətləndirməyə çalışıb. Konkret problem – mövzu üzrə (XIX əsrin II yarısında, XX əsrin əvvəllərində ictimai-ədəbi hərəkat və ədəbi mühit) regional araşdırma monoqrafıyanın səciyyəvi xüsusiyyətidir.

Alxan Bayramoğlu Azərbaycan ədəbiyyatşünaslığında Mirzə Ələkbər Sabirin timsalında ilk dəfə klassik sənətkarın elmi tərcümeyi-halını yazıb. Elmi redaktoru AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov olan “M.Ə.Sabir (qısa tərcümeyi-hal )” (Bakı, “Nurlan”, 2001, 139 s.) və “Mirzə Ələkbər Sabir (həyatı və əsərləri)” (Bakı, “Qismət”, 2003, 320 səh., rəyçilər; professor Məmməd Məmmədov və professor Kamran Əliyev) monoqrafıyalarda alim böyük Azərbaycan şairi M.Ə.Sabirin həyat və yaradıcılığına ilk dəfə ədəbi-tənqidi baxış ifadə edib, mühüm elmi müddəaları ilə Sabirşünaslığı zənginləşdirib. Hər iki əsər klassik sənətkarın bioqrafıyasına orijinal yanaşma prinsipləri ilə seçilir. Kitabların axırında M.Ə.Sabirin şeirlərindən seçmə nümunələr verilib.
Ədəbiyyatşünas-alim Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ədəbiyyatı ilə yaxından maraqlanıb, uğurlu tədqiqatlar aparıb. Bu problem ətrafında “Qafqaz imdadına çatan türkün könül nəğmələri” (Bakı, 2002, 163 s.), “Azərbaycan Demokratik Respublikası dövründə ədəbiyyat”( Bakı, 2003), “Hüququnu dərk edən kəslər” (Bakı, 2015) monoqrafıyalarını çap etdirib.
“Qafqaz imdadına çatan türkün könül nəğmələri” kitabının (Bakı, 2002) məsləhətçisi akademik Əli Abbasovdur. Kitab Azərbaycan və Türkiyə sənətkarlarının Azərbaycan Demokratik Cümhuriyyəti dövründə qarşılıqlı yaradıcılıq əlaqələrinin tədqiqinə həsr olunub. Annotasiyada deyilir: “1918-ci ildə Qafqaz İslam Ordusu ilə Azərbaycana gələn türkiyəli qələm əhlinin o dövrdəki mətbuatımızda dərc olunan əsərləri və azərbaycanlı şairlərin qan qardaşlarına, onların tarixi xidmətlərinə və ümumən türk dövlətçiliyinin taleyinə həsr olunmuş yazılarından nümunələr təhlilə cəlb olunmaqla yanaşı, həmin bədii nümunələr iki bölmədə təqdim edilib”.
Qafqaz İslam Ordusunun Azərbaycana köməyə gəlməsinin tarixi-siyasi zərurəti elmi-tarixi faktların dili ilə əsaslandırılıb, türk ordusunun Azərbaycan Cümhuriyyətinə və azəri türklərinə göstərdiyi xilaskarlıq yardımından əsaslı bəhs edilib. Kitabda professor A.Bayramoğlunun “Türk qüdrətinin xilaskarlıq əzmi” adlı ön sözü, “Gül, sevin, biz gəldik” bölməsində türk şairlərindən Məhəmməd Əmin Yurdaqul, Arif Ürfan Qarosman və Rövşən Əşrəfın, “Yolunu bəklərdik” bölümündə Azərbaycan şairlərindən Umgülsüm, Məhəmməd Hadi, Əhməd Cavad, Cəfər Cabbarzadə, Abdulla Şaiq, Salman Mümtaz, İbrahim Şakir, Əlabbas Müznib, M.Hənəfı və başqalarının yazıları özünə yer alıb.

“Azərbaycan Demokratik Respublikası dövründə ədəbiyyat” monoqrafıyasının (Bakı, “Elm”, 2003, 276 s.) elmi redaktoru akademik Bəkir Nəbiyev, rəyçisi professor Asif Rüstəmlidir. Kitabda Cümhuriyyət dövründə ədəbi-ictimai fıkri narahat edən taleyüklü problemlərdən, onların poeziya və nəsrimizdəki ideya-estetik dərkindən bəhs olunub, tənqid və ədəbiyyatşünaslığa konkret baxış ifadə edilib.
Əsər Cümhuriyyət dövrünün ədəbiyyatı haqqında ilk monoqrafık tədqiqatdır. Kitabın “Bədii nümunələr” bölməsində müəllifın ərəb qrafıkasından transliterasiya etdiyi poeziya, nəsr və publisistika nümunələri, izah və qeydlər verilib.
Monoqrafıyanın “Cümhuriyyət ədəbiyyatı...” adlı ön sözünün müəllifı AMEA- nın müxbir üzvü, professor Yaşar Qarayevdir. O, Alxan Bayramoğlunu Cümhuriyyət dövrü Azərbaycan ədəbiyyatının ilk monoqrafık tədqiqatçısı kimi yüksək dəyərləndirib. Alimin “Azərbaycan mühacirət mətbuatına dair mühazirələr” adlı dərs vəsaitinin (Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2004, 102 s.) redaktoru prof. Cahangir Məmmədli, rəyçisi f.e.d. Abid Tahirlidir. Kitabda milli mühacirət irsimiz, xaricdə nəşr olunan “Yeni Kafkasiya”, “Azəri türk”, “Odlu yurd”, “Yaşıl yarpaq”, “Qurtuluş”, “Azərbaycan yurd bilgisi”, “Azərbaycan” jurnalları və “Bildiriş”, “İstiqlal” qəzetləri haqqında müfəssəl elmi-metodik informasiya verilib.
Professor A.Bayramoğlu “M.Ə.Sabir mətbuatda” monoqrafıyasında (Bakı, “Nafta Press”, 2006, 128 s., redaktoru prof. Şamil Vəliyev) satirik sənətkarın mətbuat orqanları ilə işgüzar yaradıcılıq əlaqələrinin tarixindən bəhs edib. O, şairin “Həyat”, “İrşad” və “Tazə həyat” qəzetlərində Şamaxı bölgəsi üzrə müxbiri, “Səda”, “Həqiqət” və “Günəş” qəzetlərində redaksiya əməkdaşı kimi çalışmalarının səciyyəvi xüsusiyyətlərini diqqətə çəkib, habelə, adı çəkilən mətbuat orqanlarında M.Ə.Sabir haqqında ilkin materialları üzrə çıxarıb təhlil predmeti edib.
“Bənzərəm bir qocaman dağa ki ...” məqalələr toplusu (Bakı, “Elm”, 2010, 424 s.) professor Alxan Bayramoğlunun irihəcmli kitabıdır. Nəşrin redaktoru prof. Şirindil Alışanlıdır. Kitabda M.Ə.Sabirin həyat və yaradıcılıq yolu, onun poetik və publisistik irsi, M.Ə.Sabir ədəbi məktəbi, sabirşünaslığın problemlərinə elmi-tənqidi baxış, sənətkarın tərcümeyi-halının yazılması prinsipləri özünə yer alıb, şairin poeziya məktəbinə məxsus bəzi müəlliflər haqqında yeni materiallar tədqiqata cəlb olunub.

Alxan müəllim elmi fəaliyyətlə yanaşı, tədris sahəsində də çalışır. O, Bakı Dövlət Universitetinin professorudur. Bu sahədə fənn proqramları və dərs vəsaitlərinin müəllifıdir. Alimin xüsusilə “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi oçerki (Qədim dövrdən 1930 illərədək)”, “Azərbaycan jurnalistika məktəbləri” və “Jurnalist sənətkarlığı” adlı dərs kitabları diqqəti cəlb edir.

“Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi oçerki” (Bakı, “Elm və təhsil”, 2013, 200 s.) adlı vəsaitin elmi redaktoru akademik Teymur Kərimli, rəyçiləri professor Xəlil Yusifli, professor Təyyar Salamoğlu, professor Yaqub Babayev və dosent Məti Osmanoğludur. Əsər “Kitab və onun yaranmasına dair”, “Uzun yola müxtəsər baxış” adlı ön söz və “Milli ədəbi fıkrin inkişaf yolu” və “Sosrealizm: itkilərimiz, qazanclarımız” hissələrindən ibarətdir. Aydındır ki, Azərbaycan ədəbiyyatı qədim tarixi ənənələrə və inkişaf mərhələlərinə malikdir. Professor Alxan Bayramoğlu çoxillik elmi araşdırmalar və tədris-metodik fəaliyyətinin nəticələrini öz kitabında vahid elmi-nəzəri axarda ümumiləşdirib, ədəbi-ictimai fıkrimizin qədim dövründən başlayaraq 1930-cu illərə qədərki dövrün ədəbi abidələri, tədqiqat istiqamətləri və ədəbi şəxsiyyətləri haqqında məlumat-informasiya verib. “Sosrealizm: itkilərimiz, qazanclarımız” bölməsində müəllif sovet dövründə milli-mədəni düşüncə və yaradıcılıq məsələlərinə nəzər salıb. Kitab fıloloqlar, doktorant və magistrlər, müəllim və tələbələr üçün nəzərdə tutulub.
Professor Alxan Bayramoğlu yazır: “Bu əsəri yazarkən “1998\99-cu tədris ilindən başlayaraq əvvəl Elm və Təhsil Mərkəzi “Təfəkkür’’ Universitetində Azərbaycan ədəbiyyatı və Türk xalqları ədəbiyyatı, 2003\2004-cü tədris ilindən isə Odlar Yurdu Universitetində fılologiya və jurnalistika fakültəsində Azərbaycan ədəbiyyatı tarixi fənnindən mühazirələr oxuyarkən həmin elmi və elmi-metodiki bazaya, həmçinin öz araşdırmalarımıza arxalanmışıq. 2006-cı ildə tərtib və nəşr etdirdiyimiz “Azərbaycan ədəbiyyatı tarixi” adlı tədris proqramında qədim dövrdən 2005-ci ilə qədərki dövr əhatə olunmuşdur....” Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi oçerki (Qədim dövrdən 1930-cu illərədək)” kitabı da həmin elmi-nəzəri və təcrübi-metodiki baza əsasında yazılıb.”
Alxan müəllim BDU-nun “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kafedrasında çalışır. Onun “Azərbaycan jurnalistika məktəbləri” (Bakı, “Avrasiya Press”, 2014, 160 s.) kitabı Azərbaycan Mətbuat Şurası və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə nəşridir. Nəşrin redaktoru və ön söz müəllifı Azərbaycan Mətbuat Şurasının sədri, Əməkdar jurnalist Əflatun Amaşov, rəyçisi f.ü.f.d., dosent Aygün Əzimovadır. “Kitab humanitar sahə mütəxəssisləri – jurnalistlər, fıloloqlar, tarixçilər və həmin ixtisaslar üzrə magistrlər, doktorantlar üçün faydalıdır”. Nəşrdə milli jurnalistikanın müxtəlif yaradıcılıq məktəblərinin xüsusiyyətləri haqqında əhatəli məlumat verilir.
Müəllifin 2015-ci ildə “Jurnalist sənətkarlığı” monoqrafıyası çap olunub (Bakı, “Elm və təhsil”, 2015, 88 s.). Kitabın redaktoru professor Cahangir Məmmədli, rəyçisi professorlar Nəsir Əhmədli və Akif Rüstəmovdur. Əsərdə jurnalistikanın sənətkarlıq xüsussiyyətlərindən bəhs olunub.
A.Bayramoğlu eyni zamanda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsində elmi-tədqiqat fəaliyyəti ilə məşğul olur. O, çapa hazırlanan Azərbaycan ədəbiyyatı tarixi ( V cild) redaksiya heyətinin üzvü və əsas müəlliflərindən biridir.
Uzun illər akademiyanın Ədəbiyyat İnstitutundakı Dissertasiya Şurasının üzvü olan alim hazırda BDU Müdafıə Şurasının üzvüdür. A.Bayramoğlu 600-ə yaxın elmi məqalə, 13 monoqrafiya, tərtib, ön söz, lüğət və şərhlərdən ibarət 6 kitab, ali məktəblər üçün 4 dərs vəsaiti və 7 tədris proqramının müəllifidir.
Alxan Məmmədov (Bayramoğlu) gənclik illərindən başlayaraq fəal, işgüzar və fədakar ziyalı kimi tanınıb, elmi-mədəni tədbirlərdə, konfrans və simpoziumlarda, ictimai işlərdə fəal iştirak edib, mənsub olduğu kollektivin dərin hörmətini qazanıb.
Oktyabrın 22-də Alxan müəllimin 65 yaşı tamam olur. Biz AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Bakı Dövlət Universitetinin professoru Alxan Bayram oğlu Məmmədovu ömrünün 65-ci ili münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, elmi-pedaqoji və ictimai fəaliyyətində yeni uğurlar arzulayırıq.

Əlizadə Əsgərli,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru

Paylaş

Bizi Facebookda izləyin
menu
menu