Məktəblilər marşrutdan pulsuz istifadə etməlidirlər - BÖYÜK XƏRC DEYİL

Son günlər sosial şəbəkələrdə müzakirə olunan əsas məsələlərdən biri də şagirdlərin ictimai nəqliyyatdan pulsuz istifadə etmələridir. Ancaq təəssüflər olsun ki, bəzi sürücülər bunu qəbul etmir, hətta gediş haqqını ödəyə bilməyən məktəbliləri təhqir etməkdən də çəkinmirlər. Təhsil eksperti Kamran Əsədovun fikrincə, şagirdlər avtobus və metrodan istifadə edərkən gediş haqqı ödəməməlidirlər.

“Azərbaycan dövlətinin öhdəliklərindən biri təhsil alanların təhsil hüququna şərait yaratmasıdır. Bunun üçün dövlət hər cür şərait yaradır, o cümlədən yeni təhsil müəssisələri istifadəyə verilir, 1-11-ci sinif şagirdlərinə dərsliklər pulsuz paylanılır. Düşünürəm ki, şagirdləri ictimai nəqliyyatdakı ödənişdən azad etmək də məqsədəuyğundur. Bu gün ölkəmizin 4447 orta ümumtəhsil məktəblərində 1.5 milyon şagird təhsil alır. Lakin onların heç də hamısı gündəlik olaraq ictimai nəqliyyatdan istifadə etmir.

Bunun iki səbəbi var. Birincisi, əksər şagirdlərin evlərinə yaxın məktəblərdə oxumaları, ikinci isə valideynlərin öz şəxsi avtomobilləri ilə övladlarını məktəbə aparmalarıdır. Statistikaya əsasən deyə bilərəm ki, paytaxtda 318 məktəbdə 440 min şagird təhsil alır. Onlardan çox az bir qismi, təxminən 10 minə yaxını fəal surətdə ictimai nəqliyyatdan istifadə etməli olur. Bu isə onu göstərir ki, məktəblilərin ictimai nəqliyyatdan pulsuz istifadə etmələri ay ərzində dövlət büdcəsinə 44-56 min manat arası təsir edə bilər. Həmin məbləği rayonlar və marşrut xətləri üzrə bölsək, təqribən 709 manat edir ki, bu da elə də böyük xərc deyil”.


Kamran Əsədov: "Ən azından aztəminatlı ailələrin maddi durumu nəzərə alınmalıdır”


Təhsil eksperti onu da əlavə edib ki, məktəblilərin ictimai nəqliyyatdan istifadə zamanı ödənişdən azad olmaları dünya praktikasında da var:

“Qardaş Türkiyədə məktəblilərə xüsusi “Yaşıl kart” verilib. Bununla şagirdlər avtobusdan, metrodan istifadə zamanı pul ödəmirlər. Düşünürəm ki, bu, ölkəmizdə də tətbiq olunmalıdır. Azərbaycanda bir sıra peşə sahibləri, o cümlədən polislər ictimai nəqliyyatdan istifadə zamanı pul ödəmirlər. Bu şərait şagirdlərə də yaradılmalı, məktəblilər həftənin 1-6-cı günləri saat səhər səkkizdən, axşam altıya kimi ictimai nəqliyyatdan istifadə edərkən gediş haqqı ödəməməlidirlər. Nazirlər Kabineti və sərnişin daşınmasını həyata keçirən qurum bu məsələyə ciddi yanaşmalıdır.  Çünki ümumilli lider Heydər Əliyevin dediyi kimi, təhsil millətin gələcəyidir. Odur ki, təhsilin inişafına mümkün qədər şərait yaradılmalı, ən azından aztəminatlı ailələrin maddi durumu nəzərə alınmalıdır”.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəisi Mais Ağayev isə deyir ki, bu, Nazirlər Kabinetinin səlahiyyətlərinə daxil olan məsələdir:

“Biz icraedici qurumuq. Qərarları isə Nazirlər Kabineti verir. Hansı qərar qəbul olunursa, biz də onu tətbiq edirik”.

Kənan Novruzov

Paylaş

Bizi Facebookda izləyin
menu
menu