Ramal İsrafilov: "Simamı itirmədən maşından əlimi çəkmişəmsə, bu mənim qazancım oldu"

"Mən kimsənin haqqını yemədim, kimsənin torbasını tikmədim"


"Aqşin 18 yaşında xəbərçi, yalançı oğlan təəssüratı yaratdı. Onunla bağlı təəssüratım çox mənfi oldu"



"Maşın" şou bu dəfə də tamaşaçıların ən çox izlədiyi şou oldu. Maşın ətrafına toplaşan 18 iştirakçı arasında həmişəki kimi gərginliklər də yaşandı, qruplaşmalar da oldu, oyunda düzgün strategiya qura bilməyənlər də ordan uzaqlaşdırıldı. Maşından əlini çəkib gedənlər arasında susanlarla yanaşı, ittihamlar səsləndirənlər də tapıldı, kimlərisə suçlayanlar da az olmadı. İstənilən halda "Maşın"ın budəfəki surəti finala gəlib çatdı. Finala qalan 3 iştirakçı Ramal İsrafilov, Lalə Mustafayeva və Suna Kazımoğlu maşın uğrunda mübarizə apardılar. Ramal İsrafilov əlini maşından son gündə götürməli olub.

"Maşın"ı qazanmaq üçün isə iki xanım iştirakçı mübarizə aparıb. Ramal İsrafilovla əlaqə yaratdıq. Müğənni "Maşın"a məhz Murad Dadaşovun dəvətini qıra bilmədiyi üçün qatıldığını qeyd etdi: «Murad Dadaşov mənim yaxın dostumdu. Ondan təklif gəldi, yox deyə bilmədim. Çünki bundan əvvəl bir neçə "Maşın" sürətinə yox demişdim, vaxtım olmurdu. Bu dəfə qatıldım. Kənardan maşın ətrafında dayanmaq, mübarizə aparmaq bəlkə də asan görünür. Amma qətiyyən belə deyil. Həqiqətən  maşın ətrafında səbirli dayanmaq, ağılla taktiki gediş etmək, doğru seçim vacibdir. Orda hər bir söz səni maşından kənarlaşdırmaq üçün səbəb ola bilər. Qaldı qruplaşmalara, əvvəlində az-çox qruplaşmalar olur. Bu normaldı. Kim istəyir oyununu tək aparır. "Maşın" bir də tanınmışların simasını göstərmək üçün güzgüdür. Həqiqətən orda hər kəs öz iddiası ilə yanaşı xarakterini, mənəvi yükünü, kimliyini, mədəniyyətini, tərbiyəsini sərgiləmiş olur. Əvvəl 2 gün sakit mübarizə aparmaq mümkündü. Artıq 3 gündən sonra mübarizə həqiqətən başlayır. Heç kim də kiminsə əli ilə ordan çıxmasını  istəmir, bunu özünə yaraşdırmır. Bir məqamı həmin vaxt unudurlar ki, onsuz da sonda maşın birinin qisməti olacaq. Hamı dəmir parçasıdır deyir, amma o dəmir parçasını qazanmaq, sona qədər orda dayanmaq üçün hərə min maska taxıb çıxara bildi oyun zamanı. Ora bir məktəbdi sanki, kimlərisə tanımaq istəyirsənsə, maşının ətrafında 5 gün dayanmaq yetərlidir.  Mən Aqşini belə tanımırdım. Adını eşitmişdim ki, meyxanaçıdı. Amma şəxsən tanımırdım. Kaş elə nə qədər tanımışdım, o qədərini biləydim. 5 gün sakit dayandı. Sonra məlum oldu ki, ondan buna, bundan ona xəbər aparıb gətirən, ara vuran bir insandı. Elə bil 18 yaşında uşaqdı. Nə yaşına, nə meyxana sənətinə uyğun hərəkət edirdi. Axşam qruplaşıb birinin torbasını tikməyə başlayırdılar, efirə 10 dəqiqə qalmış bir də görürdün başqasının torbası tikildi.



"Maşın"dakı budəfəki iştirakçılar arasında Aqşin Fateh qədər ara vurub xəbər aparıb gətirən 2 iştirakçı bəlkə də olmadı. Yəni o ciddi oğlan sözü ki deyildi, mən orda ciddi oğlanı görə bilmədim. Aqşin 18 yaşında xəbərçi, yalançı oğlan təəssüratı yaratdı. Onunla bağlı təəssüratım çox mənfi oldu. Hamı oyun oynamaq üçün orda iştirak edirdi. Amma insan mənəviyyatını da unutmadan oynamağı bacarmalıdır. Nə deyim, əslində hamı orda kiminsə arxasından danışırdı. Əlimi vicdanıma qoyaraq ordan rahat ayrıldığımı söyləyə bilərəm. Finala qədər gəlib çatdım. Heç kimin haqqına girmədiyimi düşünürəm. Düzdür, heç kim öz ayranına turş demir. Amma elə həqiqətlər var ki, onları gizlətmək mümkün deyil. Mən kimsənin haqqını yemədim, kimsəyə də arxadan bıçaq vurmadım, kimsənin torbasını tikmədim. Ona görə də simamı itirmədən maşından əlimi çəkmişəmsə, bu mənim qazancım oldu. Mən açıq şəkildə deyirəm ki, sonda Lalənin maşını qazanmasını istəyirəm. Bunu da maşın yanında olarkən açıq şəkildə bildirmişəm. Lalənin xətrini  çox istəyirəm, onun qazanması üçün  dua etmişəm. 18 ildir Laləni tanıyıram. Evində də olduq. Anası ilə yaşayışını  gördüm, ürəyim ağrıdı. O bəzən ağlayırdı, çünki kövrək xasiyyəti var, bəziləri elə bilirdi yalandan belə edir ki, kiminsə ona yazığı gəlsin. Onu tanıyıram deyə, bilirdim ki, ağlağandı. Ona görə ağlamır ki, artistlik edir, sadəcə gözü sulu qızdı. Kənardan o təəssürat var ki, subay qızdı, gəzdiyi, saxladığı ola bilər.

Camaat elə bilir ki, varı-dövləti var. Amma qətiyyən elə deyil. Əgər gəzib, oturub durduğu kimsə varsa belə, ondan düzgün istifadə etmir. Yəni Lalənin maddi sıxıntıları hamıdan çoxdu. Onun o  maşına daha çox  ehtiyacı var.  Artıq bildiyim qədər qalib bəllidir. Axşama qədər isə gözləməliyik ki, qalibi öyrənək. "Maşın"dan çıxandan sonra isə hərə bir söz deyir. Mən çox danışmaq niyyətində deyiləm. Bəzi tanınmışlar var idi ki, onlar tamaşaçının gözündən düşdülər. Çünki orda kişilikdən danışanlar, nə  bilim əxlaq, insanlıq-filanı bayraq edənlər var idi ki, onların hərəkətləri müzakirə mövzusuna çevrilib. Əslində elə məqamlar var ki, onları açıqlaya bilmərik. Çünki şouya qatılanda bəzi müqavilədəki şərtlərlə razılaşıb ora qatılmışıq. Ona görə də hər bildiyimizi, gördüyümüzü də demək doğru olmaz. Mən bir onu deyirəm ki, kim qalib olarsa, halal xoşu olsun. Orda olmaq asan deyil. Sonda şətrlər sərtləşir. Mən yenə deyirəm, əgər qazansaydım, imkan verilsəydi ki, maşını hədiyyə edim, mən onu Laləyə hədiyyə edərdim. Son saatlarda 2 saatdan bir əlimi dəyişə bilirdim. Artıq səbrim də qalmamışdı. Ritm çalırdım ki, yuxum qaçsın. Əlimi tərpətdim, oyundan çıxmalı oldum. Kimin qisməti olarsa Allah yaxşı yerlərə sürməyi qismət etsin».

Paylaş

Bizi Facebookda izləyin
Tahirə Məmmədqızı Yazarın yazıları
menu
menu