Nazirlərin görüşü formaldır: Danışıqlarda münaqişənin həll variantları müzakirə edilmir

Əsasən təmas xəttində atəşkəsə riayət olunması və digər humanitar məsələlərdən danışılır

 

Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu ilin dekabr ayında görüşə bilərlər. Bu barədə ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bildirib. O qeyd edib ki, razılaşma olacağı təqdirdə, Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü dekabrda Slovakiyanın paytaxtı Bratislavada baş tuta bilər. Hər zaman olduğu kimi politoloqlar budəfəki görüşdən də hansısa nəticə gözləmirlər. Onların fikrincə, Minsk Qrupu illik hesabatına növbəti bir görüşü də əlavə etmək üçün XİN rəhbərlərini bir araya gətirməyə çalışır. Yəni tərəflərin müzakirəsindən nəticənin çıxıb-çıxmayacağı vasitəçiləri qətiyyən maraqlandırmır. 

Növbəti görüş ehtimalı ilə bağlı “Şərq”ə danışan “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev deyib ki, Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin növbəti görüşü də digərlərindən mahiyyət etibarilə fərqlənməyəcək: 

“Bu görüşlər formal olaraq hər il sonu keçirilir. ATƏT-in Minsk Qrupu bu cür mənasız görüşləri sadəcə öz varlığını xatırlatmaq üçün təşkil edir. Ona görə də ilin sonunda nazirlərin bir araya gəlməsi mühüm əhəmiyyət kəsb etmir. Nəticə üçün mütləqdir ki, Ermənistana hərbi təzyiq göstərilsin. Ancaq hələlik bunu müşahidə etmirik. XİN rəhbərlərinin görüşündə əsasən təmas xəttində atəşkəsə riayət olunması və digər humanitar məsələlər müzakirə olunur. Münaqişənin konkret həll variantları müzakirə edilmir”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu