Zaxarovanın fikirləri ziddiyyətlidir: “O, “Lavrov planı”nı nəzərdə tutur, amma...

Rusiya rəsmisinin münaqişə ilə bağlı bəyanatı reallığı əks etdirmir


“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə razılaşdırılmış sənədlərimiz var”. Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova hər il keçirdiyi ənənəvi brifinqdə deyib. Rusiya XİN təmsilçisinin sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin əsas vəzifəsi Dağlıq Qarabağ münaqişəsinin həllini mümkün qədər tezləşdirməkdən ibarətdir”. Zaxarovanın açıqlaması Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb. Siyasi şərhçilərin qənaətincə, reallıqda Azərbaycan və Ermənistan tərəfinin birgə razılıq verdiyi heç bir həll sənədi mövcud deyil. Ola bilər ki, XİN sözçüsü sadəcə Kremlin “razılaşdığı” hansısa həll paketini nəzərdə tutur. 

Rusiya XİN rəsmisinin açıqlamasını “Şərq”ə analiz edən Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib ki, Zaxarova ənənəvi olaraq mücərrəd fikirlər səsləndirib.



Partiya təmsilçisinin sözlərinə görə, problemin həlli üçün Rusiyanın “razılaşdırılmış” sənədlərimiz var” bəyanatı reallığı əks etdirmir:

“Çox güman ki, Zaxarova “Lavrov planı”nı nəzərdə tutur. Bu plan indiyə qədər dəfələrlə müzakirə edilsə də, konkret nəticə əldə olunmayıb. Əslində “Lavrov planı” heç də yeni mövzu deyil və 2008-ci ildən müzakirə obyektidir. Burada yeni məqam 5 rayonun qaytarılması qarşılığında Dağlıq Qarabağa keçici statusun verilməsi təklifidir. Azərbaycan tərəfi bu təklifi ümumilikdə qəbul etsə də, statusun formasında və səlahiyyətlərində razılıq əldə olunmayıb. Problem Dağlıq Qarabağın türk əhalisinin keçici qurumda təmsilçiliyinin olmamasıdır. Ona görə də belə bir sənədə imza atmaq gələcəkdə böyük əngəllər yarada bilər. Dövlət başçısı İlham Əliyev “Valday” konfransında məsələ ilə bağlı öz qəti mövqeyini ortaya qoydu. Cənab İlham Əliyev “Dağlıq Qarabağ xalqı” terminini tamamilə rədd edərək  bölgənin erməni və türk əhalisinin eyni hüquqlara malik olması fikrini bir daha yüksək tribunadan diqqətə çatdırdı”. 

Politoloq vurğulayıb ki, 2017-ci ildə Minsk Qrupunun amerikalı həmsədri Endryu Şofer bölgəyə səfəri zamanı 7 rayonun qaytarılması təklifini irəli sürmüşdü:

“O zaman bu təklifin arxasında separatçı rejimə kiçik statusla yanaşı, Laçın dəhlizinin Ermənistanın nəzarətinə verilməsini nəzərdə tutulurdu. Əslində, bu təklifi korrektə edərək Laçın dəhlizinə hər iki tərəfin birgə nəzarəti şərtinə razılıq vermək olardı. Türkiyə ordusunun Suriyada müzəffər olması dünya güclərinin diqqətini bu bölgəyə yönəltdi. Yaxın Şərqdə baş verən hadisələr bir daha sübut etdi ki, güc faktoru və inadkarlıq nümayiş etdirmədən milli təhlükəsizliyin təminatı üçün mövqe ortaya qoymaq mümkün deyil. Türkiyə silahlı qüvvələrinin və hörmətli Ərdoğanın israrlı və qəti qərarından sonra ABŞ və Rusiya qardaş ölkənin bölgədəki haqqını tanımağa məcbur oldu. Heç şübhə yox ki, bu zəfərdən sonra  türk xalqının özgüvəni daha da artacaq. Dağlıq Qarabağ probleminin həlli üçün də eyni mövqeni davam etdirməliyik. Ötən günlərdə sərhəd rayonlarımızın “Qarabağ yürüşü” aksiyasını təqdirəlayiq hesab edirəm. Biz israrla və inadla torpaqlarımızın işğaldan azad olunmasını tələb etməliyik”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu