Sürücülük kateqoriyalarının verilməsi ilə bağlı YENİLİK EDİLDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası “Avtomobil sürücülərinə ixtisas sinfinin verilmə Qaydaları”nda dəyişkilik edib.
APA -nın məlumatına görə, bu Qaydalar “Yol hərəkəti haqqında” qanuna uyğun olaraq müəyyən kateqoriyalara aid edilən nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinə malik olan büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda çalışan avtomobil sürücülərinə onların peşəkarlıq səriştəsi və işgüzar keyfiyyətləri nəzərə alınmaqla ixtisas sinfinin verilməsi qaydasını müəyyən edir.

Avtomobil sürücülərinə peşəkarlıq səriştəsindən və işgüzar keyfiyyətlərindən asılı olaraq 1-ci və 2-ci ixtisas sinfi verilir. Avtomobil sürücüsünün peşəkarlıq səriştəsi müvafiq kateqoriyalardan olan nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsinə və sürücülük stajına malik olması ilə müəyyən edilir. Avtomobil sürücüsünün işgüzar keyfiyyətləri yol hərəkəti qaydalarına riayət etməsi və əmək funksiyasını vicdanla yerinə yetirməsi ilə müəyyənləşdirilir. 2-ci ixtisas sinfi 3 il fasiləsiz sürücülük stajına malik olan, son bir ildə yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyətə cəlb edilməyən, əmək funksiyalarını vicdanla yerinə yetirən və intizam tənbehi olmayan aşağıdakı kateqoriyalara daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ verən sürücülük vəsiqəsi olan sürücülərə verilir:

- “B”, “C”, “D” ;
- “BE”, “C”;
- “B”, “CE”.

1-ci ixtisas sinfi 2 ildən az olmayaraq 2-ci ixtisas sinfində fasiləsiz sürücülük stajına və yaxud 5 ildən az olmayaraq sürücülük stajına malik olan, son bir ildə yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyətə cəlb edilməyən, əmək funksiyalarını vicdanla yerinə yetirən və intizam tənbehi olmayan aşağıdakı kateqoriyalara daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ verən sürücülük vəsiqəsi olan sürücülərə verilir;

- “BE”, “C”, ”D”;
- “B”, “CE”, “D” ;
- “B”, “C”, “DE”.

Bu Qaydalarla müəyyən edilən peşəkarlıq səriştəsinə və işgüzar keyfiyyətlərə malik olan avtomobil sürücülərinə ixtisas sinfinin verilməsinə işəgötürən tərəfindən yaradılmış “Sürücülərin ixtisas sinfi üzrə komissiya” (bundan sonra komissiya adlandırılacaq) tərəfindən baxılır. Komissiyanın qərarı komissiya üzvlərinin səs çoxluğu ilə qəbul edilir və işəgötürənin əmri ilə rəsmiləşdirilir. Komissiyanın tərkibinə işəgötürənin təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik olan işçilərindən 5 nəfərdən çox olmayaraq tək sayda üzvlər seçilir. İşəgötürəndə həmkarlar ittifaqı təşkilatı mövcud olduqda komissiyanın bir üzvü onun nümayəndəsi olmalıdır. Komissiyanın sədri onun üzvləri tərəfindən səs çoxluğu ilə seçilir.
İndiyə qədər əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi vasitəsilə 1-ci və 2-ci ixtisas sinfini almağa namizəd olan sürücülər sistem tərəfindən müəyyənləşdirilərək bu barədə işəgötürən tərəfindən məlumatlandırılıblar. İşəgötürən ixtisas sinfi verilmiş və ya ixtisas sinfindən məhrum edilmiş sürücülər barədə məlumatı əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə daxil edib.

Dəyişikliyə əsasən, bundan sonra işəgötürən 1-ci və 2-ci ixtisas sinfini almağa namizəd olan sürücüləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsilə müəyyənləşdirəcək və həmin sürücüləri bu barədə məlumatlandıracaq. Eyni zamanda işəgötürən ixtisas sinfi verilmiş və ya ixtisas sinfindən məhrum edilmiş sürücülərin əmək müqavilələrinə müvafiq dəyişikliklər edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edəcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu