ABŞ-da kilsələrə gedənlərin sayı azalır, xristianlığa inam itirilir



Nüfuzlu Pyu Tədqiqatı Mərkəzinin ABŞ-da din məsələlərinə dair apardığı ictimai rəy sorğusunun nəticələri göstərib ki, Amerika kilsələrinə gələnlərin sayı azalmaqdadır. Hesabatda qeyd edilir ki, ölkədə xristianların sayı sürətlə azalır.

AZƏRTAC bu araşdırmanın müəlliflərinə istinadla xəbər verir ki, yaşlı amerikalıların yalnız 65 faizi özlərini xristian hesab edir. Müqayisə üçün qeyd edək 2009-cu ildə bu göstərici 77 faizə bərabər idi.

Eyni zamanda, 2009-cu ildən indiyə qədər ABŞ-dakı ateist və aqnostiklərin sayı 9 faiz artıb. Bu müddətdə protestantizm 8 faiz, katolisizm isə 3 faiz azalıb.

Məruzədə qeyd edilir ki, mütəmadi olaraq kilsələrə gedənlərin sayının azalması müşahidə olunur. Ayda azı 1-2 dəfə kilsəyə getdiklərini bildirən respondentlərin sayı 7 faiz azalıb. Rəyi soruşulanların 54 faizi kilsəyə ildə bir neçə dəfə və ya daha gec-gec getdiklərini, 45 faizi isə kilsəyə hər ay getdiklərini bildiriblər.

Araşdırma müəlliflərinin sözlərinə görə, bu dəyişiklik gənclər arasında daha çox müşahidə olunur. Sorğunun gənc iştirakçılarının təqribən yarısı özlərini xristian, 40 faizi isə ümumiyyətlə qeyri-dindar hesab etdiklərini bildiriblər. Araşdırma göstərib ki, respublikaçılarla müqayisədə demokratlar arasında dindarlıqdan imtinaya meyillilik daha güclüdür, lakin dinə inanmayanların sayı hər iki partiyada artmaqdadır. Qeyd edək ki, bu sorğu 2018 və 2019-cu illərdə ABŞ-ın 12700-dən çox yaşlı sakini arasında aparılıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu