Aynur Camal: "Düşüncələrdə qadına münasibət dəyişməlidir" - PROBLEM

"Bəzi bölgələrimiz var ki, orada qızlar məktəbdən yayındırılır, nigah yaşına çatmadan ərə verilir"



Dünən Nizami küçəsində, “Torqovı” adlanan ərazidə  bir qrup feminist qadın aksiya keçirib. Aksiya iştirakçıları qadınlara qarşı  zorakılıq edilməsini və qadınların qətlə yetirilməsini pisləyib. Onlar “Şiddətə susma!”, “Şiddətə dözmə!” şüarlarını səsləndiriblər. Aksiya iştirakçıları Azərbaycanın məişət zorakılığına qarşı mübarizəni nəzərdə tutan İstanbul konvensiyasına qoşulmasını tələb ediblər. Polis icazəsiz aksiyanın qarşısını alıb, heç bir insident baş verməyib.

Qeyd edək ki, ölkəmizdə qadınlara şiddət və zorakılığa qarşı müvafiq qanunlar var. Atası, qardaşı, əri və ya sevgilisi tərəfindən öldürülən qadın, məhz qanunun tələbi ilə müdafiə olunur. Şiddəti törədənlər isə qanunvericiliyin tələbi ilə cəzalandırılır. Bəs, belə olduğu təqdirdə bu cür aksiyaların keçirilməsinə ehtiyac varmı?

“Teleqraf Holdinq”in baş direktoru Aynur Camal Sherg.az-a açıqlamasında qeyd edib ki, qadın zorakılığı kifayət qədər aktual və həssas mövzudur.

O bildirib ki, ölkənin ziyalı adamları, alimlər, media mənsubları, ümumiyyətlə ictimai-siyasi xadimlər bu mövzunu xüsusi diqqətdə saxlamalıdırlar:

“Təbii ki, aksiyanı keçirmək həm olar, həm də yox. Amma keçirilən aksiyaların, xüsusilə polislərlə qarşıdurmaya səbəb olan tədbirlərin bütövlükdə prosesə xeyri varmı? Düzünü desəm, bu, mənim üçün bir qədər qaranlıqdır. Düşünürəm ki, bu yöndə ciddi şəkildə maarifçilik işlərinin aparılmasına ehtiyac var. Fikrimcə, sosial şəbəkələrin imkanlarından istifadə etmək olar. Eyni zamanda ölkənin aparıcı media orqanlarının imkanlarından da istifadə etmək mümkündür. İnsanların qadına qarşı düşüncə tərzi, münasibət dəyişməlidir. Məişət zorakılığı ciddi şəkildə müzakirə olunmalıdır. Müvafiq qanunvericiliyimizdəki bəzi boşluqlar var ki, onlarla bağlı millət vəkillərinin iştirakı ilə dəyirmi masalar keçirilməlidir. Bu məsələdə vətəndaş cəmiyyəti də aktiv olmalıdır. Onlar da tez-tez bu yöndə tədbirlər keçirməlidirlər".

A.Camalın qənaətincə, qadın hüquqları ilə məşğul olan mütəxəssislər dünya təcrübəsindən müsbət nümunələr götürərək, qanunvericiliymizdəki boşluqların doldurulması üçün dəyişikliklər etməlidir:

“Lakin ilk növbədə düşüncələr dəyişməlidir. Beyinlərdə qadınla bağlı daşlaşmış bir münasibət var. Hansı ki, bu düşüncələr qadını bir çox hallarda məhv edir və onu məişət zorakılığının qurbanına çevirir. Bu gün bütövlükdə Azərbaycanda qadına münasibət qənaətbəxş deyil. Amma təəssüflər olsun ki, bəzi bölgələrimiz var ki, orada qızlar məktəbdən yayındırılır, nigah yaşına çatmadan ərə verilir. Bu, olduqca qorxulu tendensiyadır. Bəzi valideynlər düşünür ki, qızlarını tez ərə verməklə problemdən yaxa qurtarır. Amma başa düşmür ki, sabahı gün problem daha ağır formada onun üstünə qayıdır. Validyenlər mütləq qız övladlarının təhsilinə önəm verməlidirlər. Ailələr qız övladlarını elə yetişdirməlidirlər ki, onların heç kimə - nə ataya, nə qardaşa, nə ərə qarşı maddi asılılığı olsun, öz ayağının üstündə dura bilsin. Bu isə ilk növbədə təhsildən asılı olan məsələdir. Təhsilə diqqət yetirməliyik. Bəzi bölgələrimizdə qızlar orta məktəblərdən yayındırılırlar. Bu da qanuna tamamilə ziddir. Çünki Azərbaycanın müvafiq qanunvericiliyində orta təhsil məcburidir. Səhv etmirəmsə, artıq Ukraynada övladlarını orta məktəbdən yayındıran valideynlər üçün cinayət məsuliyyəti var. Düşünürəm ki, Azərbaycanda da bu məsələ müzakirəyə çıxarılmalıdır. Heç bir valdiyenin övladını orta təhsildən yayındırmağa ixtiyarı yoxdur. Bu cür metodlarla və xüsusilə maarifləndirməni gücləndirməklə xoşagəlməz halları tədricdən aradan qaldırmaq olar”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu