Azər Həsrət: "Qanunsuz aksiyada polislər yetərincə təmkinli və peşəkar davrandılar"

“Bakı Şəhər İcra Hakimiyyəti Əli Kərimliyə mitinq üçün yer təklif etsə də o, buna məhəl qoymadı. Əksinə, qanunları kobud və nümayişkaranə şəkildə pozaraq metronun mühafizə zonasında mitinq keçirməyə cəhd göstərdi”.

Bunu Sherg.az-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, siyasi ekspert Azər Həsrət deyib. Analitik bildirib ki, sözügedən zonada istənilən halda hər hansı kütləvi aksiya keçirmək qanunla yasaqdır və bunu hər kəsin bilməsi lazımdır: 

“Mitinqə cəhd edənlərin sayı çox olmasa da, onlar şəhərin mərkəzini bəlli bir müddətə iflic edib insanların və nəqliyyatın hərəkətini əngəlləmiş oldular. Sosial media üzərindən məhz mitinq tərəfdarlarının təqdim etdiyi görüntülərə əsaslanaraq, əminliklə demək olar ki, aksiyaya gələnlərin bir çoxu dinc görünsə də açıq-aydın təxribatçılıq edənlər də az deyildi. Onlar özəlliklə də polislərə qarşı gərəksiz aqressiya nümayiş etdirməklə fiziki güc tətbiqinə nail olmaq istəyirdilər. Lakin polislər yetərincə təmkinli və peşəkar davranırdılar. Aksiyaya gələnlərin bəzilərinin saxlanılması epizodlarına da baxdıq. Döymə və şiddət elementləri yox idi. Sadəcə güc tətbiq edərək tutuqlamalar vardı ki, bu da tam olaraq qanun və normalar çərçivəsində idi. Bir epizodda onu da müşahidə etdik ki, nəqliyyatın hərəkətinin məhz bu adamların üzündən iflic edilməsinə avtomobil sahibləri uzun-uzadı siqnal verməklə etiraz edirdilər. Demək ki, mitinqə cəhd edənlər buna səbəb olmaqda haqlı deyillər”.

A.Həsrət bəyan edib ki, Əli Kərimli aksiyaya dəvəti Azərbaycandan kənarda olan, şübhəli mərkəzlərə xidmət edən xarici media vasitəsilə etmişdi: 

“Bir ölkənin müxalifət lideri öz ölkəsində aksiyaların anonsunu xarici mediadan verməməlidir. Üstəlik, adam açıq-açığına vətəndaş itaətsizliyinə çağırış edirdi. Ona görə də barəsində önləyici tədbir görülməliydi. Amma gec də olsa bu yanlış düzəldildi və Əli Kərimli aksiya cəhdi zamanı saxlanıldı. Polislə bağlı qeydimizə təkrar qayıdıb ayrıca vurğulamaq istərdik ki, onlar peşəkarcasına və təmkinlə davrandılar. Ən azından icazəsiz etiraz aksiyalarında uzun illər iştirak etmiş təcrübəli biri kimi bunu vurğulamağı özümə borc bilirəm. Lakin polisin bu təmkinli davranışı da narazıların bəhanələrinin qarşısını ala bilmir. Onlar iddia edir ki, Azərbaycan polisi hədsiz şiddət göstərib. Harda, necə? Sosial mediada belə iddia ilə çıxış edənlərdən mənə konkret görüntülər göndərmələrini xahiş etmişəm. Hələ ki, o, görüntülər gəlməyib. Yalnız polislərin ayrı-ayrı şəxsləri saxlaması səhnələri var ki, orda da döyülmə, şiddət yoxdur. Sadəcə yol verilə biləcək həddə güc tətbiqi var. Bu da qanun çərçivəsindədir”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu