Narkotik qədər təhlükəli: Enerji içkiləri "geç partlayan bomba"dır 

“Əksər ölkələrdə enerji içkilərinin istifadəsinə məhdudiyyət tətbiq olunur”. Bunu Sherg.az-a açıqlamasında “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.

Ekspert bildirib ki, dəfələrlə bu qadağanın tətbiqini təklif etsə də, reaksiya olmayıb: 

“Axır ki, müvafiq orqanlar təhlükənin fərqinə vardılar. Gecikmiş olsa da, doğru qərar verdilər. Son vaxtlar nəinki gənclər, yeniyetmələr arasında, hətta azyaşlı uşaqlar arasında da energetik içkilərin istehlakı artıb ki, bu çox pis tendensiyadır. Məlum olduğu kimi bu içkilər orqanizm üçün çox zərərli, dağıdıcı təsir göstərir. Xüsusilə də uşaqlara böyük fəsadlar verir. Bu, Rusiyada, Almaniyada, Çində aparılan çoxsaylı elmi tədqiqatlarla sübut olunub. Energetik içkiləri heç də boş yerə “geç partlayan bomba” adlandırmırlar. Onların insana əlavə enerji verməsi ilə bağlı iddialar səhvdir. Bu içkilər insana enerji vermir, əksinə onun daxilindəki enerji ehtiyatını xərcləyir. Orqanizmin vacib funksiyalarını yerinə yetirən orqanların enerjisini alır. Sonra bu orqanlar fəaliyyətlərini yerinə yetirə bilmir və yorğunluq, yuxusuzluq, əsəb və depressiya şəklində təzahür edir. Üstəlik, asılılıq yaradır, yəni bir növ narkomaniyadır”.



İqtisadçı: "Bu içkilər insana enerji vermir, əksinə onun daxilindəki enerji ehtiyatını xərcləyir"


İqtisadçı vurğulayıb ki, bu qadağa tətbiq olunanda icrasına ciddi nəzarət olunmalı, qadağanı pozanlara qarşı sərt cəza tədbirləri görülməlidir: 

“Enetgetik içkilər milli genefondumuzu dağıdan məhsullardan biridir. Üstəlik, sonsuzluqdan tutmuş xərçəngə və digər təhlükəli xəstəliklərə qədər səbəb olur. Bunu vicdanlı həkimlər, ekspertlər, jurnalistlər ictimaiyyətə izah etməli, maarifləndirməli və bu içkilərə qarşı təbliğat aparmalıdırlar. Ona görə də, valideynlər, o cümlədən müəllimlər uşaqlarının bu içkiləri içməməsinə nəzarət etməlidirlər. Təklif edərdim ki, təkcə məktəblərin yaxınlığında yox, bütün satış məntəqələrində bu içkilərin uşaq və yeniyetmələrə satışı qadağan edilsin. Lap yaxşı olardı ki, ümumiyyətlə ölkədə satışı qadağan edilsin. Dövlət milli genefondu qorumağa məcburdur. Kimlərsə milyonlarla pul qazanacaq deyə bizim genefondumuz dağılmalı, əhali arasında sonsuzluq və digər ağır xəstəliklər yaranmalı deyil. Qida Təhlükəsizliyi Agentliyi və digər aidiyyatı orqanlar bununla bağlı ciddi tədbir görməlidirlər”.

"Sonsuzluqdan tutmuş xərçəngə və digər təhlükəli xəstəliklərə qədər səbəb olur"


Qeyd edək ki, oktyabrın 18-də energetik içkilərin reklamının qadağan olunması ilə bağlı sənəd hazırlanıb. “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”nın icrasına həsr olunan müşavirədə həmin sənədin AQTA tərəfindən hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim olunduğu, Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçdiyi diqqətə çatdırılıb. Sənədin hazırlanmasında beynəlxalq təşkilatların və dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən, eləcə də Avropa Birliyinin elmi tədqiqatlarından istifadə olunduğu bildirilib. 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı sözügedən sənədlə qadağan olunub. 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək sənədə görə, məktəb və uşaq bağçalarının yaxınlığında bu tipli içkilərin satışına icazə verilməyəcək.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu