Qadın haqları: Nə zorla başını örtməlidir, nə də paltarsız gəzməlidir

“Qadınların aksiya keçirməsinə etiraz etmirəm. Amma bu aksiyalar qanunvericiliyin tələblərinə uyğun olaraq razılaşdırılmış formada olmalıdır”. Bu fikirləri Sherg.az-a açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Deputat qeyd edib ki, bütün dünyada, o cümlədən ölkəmizdə feminizm hərəkatının olması normaldır:

“Hər kəs qanunvericiliyin tələblərinə cavab verərək sərbəst toplaşmaq hüququndan istifadə edə bilər. Lakin bu, müvafiq razılaşdırma yolu ilə olmalıdır. Çünki “Sərbəst toplaşmaq haqqında” qanunun 8-ci maddəsinin 3-cü hissəsində, aksiya üçün qadağan olunan yerlər qeyd olunub. Ona görə də razılaşdırma ilə hər kəs aksiya keçirib haqqını tələb edə bilər. Doğurdan da Azərbaycan qadını hüquqları ilə bağlı unikal vəziyyətdədir. Biz bir yandan türk dünyasında ilk Respublika yaratmışıq və qadınlara səsvermə hüququ vermişik. Hər zaman qadınların azadlığını istəmişik. Bir yandan isə adətlərimizdən doğan bəzi məqamlara uyğun olaraq qadınların hüquqlarını məhdudlaşdırmışıq. Qadın birinci növbədə anadır. Onun uşağı varsa, analıq məzuniyyəti götürərək işləməyə bilər. Amma qadına hər hansı bir şiddətin göstərilməsi ümumiyyətlə insanlıqdan kənar davranışdır. Peyğəmbərimiz deyib ki, cənnət qadının ayaqları altındadır. Elə isə niyə bizim qadınlarımız küçələri süpürürlər? Anaya münasibət belədirmi?". 

Deputat: "Bəzən qadınlar da  müəyyən məqamlardan sui-istifadə edirlər"


Millət vəkili vurğulayıb ki, bir məqamı anlamaq lazımdır: 

"Həqiqətən də qadınların dəyəri kişilərdən çoxdur. Hər zaman övladlarıma da tövsiyə etmişəm ki, analarını məndən çox sevsinlər. Çünki ananın zəhməti yüksəkdir və əzabı ölçülməz dərəcədədir. Düzdür, bəzən insan əsəbləşə bilir. Amma bu vəhşiliklə nəticələnməli deyil. Təəssüf ki, bəzi dini kitablarımızda qadını döymək, onu qapandırmaq normal hal kimi qeyd olunur. Amma qadın özünü əsl azərbaycanlı qadını kimi aparmalıdır. Qadınlar başımızın tacıdır. Onlar adətimizə uyğun olaraq  nə zorla başını örtməlidir, nə də paltarsız gəzməlidir. Analarımız, bacılarımız var ki, səliqəli geyimləri ilə bütün dünyaya nümunədirlər. Bəzən qadınlar da  müəyyən məqamlardan sui-istifadə edirlər. Amma bunu bütün qadınlara şamil etmək olmaz. Lakin bəzi hallarda qadınlar haqlı olaraq inciyirlər və etirazlarını bildirirlər. Ona görə də qanunvericiliyə uyğun olaraq aksiyaların keçirilməsinin əleyhinə deyiləm”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu