Ermənistanın təbliğ etdiyi faşistlər Rusiyada "qəhrəman"a çevrilə bilməz - PETİSİYA

Rusiyada petisiya hazırlanıb, Faşist Qaregin Njdenin xatirə lövhəsinin sökülməsini tələb edirlər 



Rusiyanın Krasnodar diyarının Armavir şəhərində Ermənistanın milli qəhrəmanı, faşist Qaregin Njdenin xatirə lövhəsinin sökülməsi ilə bağlı petisiya hazırlanıb. Petisiyada Armavir şəhərinin rəhbərliyinə, eləcə də ictimaiyyətə Q.Njdenin xatirə lövhəsinin sökülməsi üçün səyləri artırmağa çağırış edilib. Bildirilib ki, Q.Njdenin xatirə lövhəsi Böyük Vətən Müharibəsi veteranlarının xatirəsinə təhqirdir və Rusiyanın nasizmin qəhrəmanlaşdırılmasına qarşı apardığı mübarizə ilə ziddiyyət təşkil edir. Vurğulayaq ki, Prezident İlham Əliyev MDB dövlət başçılarının Aşqabad şəhərində keçirilən iclasında Ermənistanın keçmiş hökumətinin İrəvanın mərkəzində Qaregin Njde ləqəbli faşist cəllada abidə qoymasını sərt tənqid etmişdi.

Dövlət başçısı düşmən ölkənin bu addımını açıq şəkildə faşizmə dəstək kimi dəyərləndirib. Ona görə də ehtimal edilir ki, Rusiyanın bir çox bölgəsində İrəvan hökumətinin addımına qarşı petisiyalar hazırlanacaq və etiraz səsləri yüksələcək. Rusiyada Ermənistan hökumətinin addımına qarşı başladılan kampaniyanın Prezidentin məlum çıxışından və çağırışından sonra gündəmə gəlməsi də xüsusi əhəmiyyət kəsb edir. 

Petisiya ilə bağlı “Şərq”ə fikirlərini bölüşən siyasi ekspert Anar İmanov deyib ki, Ermənistanda tarixən terrorçulara böyük rəğbət bəslənilib. Analitikin sözlərinə görə, düşmən ölkədə terrorçular təbliğ edilir və gənc nəsillərə qəhrəman kimi təqdim olunur:

“Gec-tez bu məsələ ciddi etirazlar doğurmalı idi. Artıq bir çox tanınmış insanlar Ermənistanda təbliğ edilən siyasətin çirkin üzünü ifşa edir. Məsələn, israilli ekspert Yuri Boçarov qeyd edib ki, “faşist əlaltıları Ermənistanın qəhrəmanına çevriliblər”. Teleaparıcı Yevgeni Mixaylov da “Ermənistan səylə nasizmin qəhrəmanlaşdırılmasını təbliğ edir” ifadəsini səsləndirib. Çoxları bəyan edir ki, Paşinyanın Aşqabad sammitində dedikləri heç bir məntiqə sığmır. Onun Njdenin “qəhrəman”lığı barədə bəyanatları tamamilə destruktivdir. İlk növbədə Ermənistanın təhlükəsizliyinin qarantı olan Rusiyanın dəstəklədiyi nasizmin qəhrəmanlaşdırılması ilə mübarizə strategiyasına ziddir”. 

A.İmanov vurğulayıb ki, Paşinyan açıqlamaları ilə özünü dalana dirəyib:

“Onun naşı və eyni zamanda çox təhlükəli yanaşmalarına bütün dünya gülür. Baş nazir çox böyük səhv etdiyini özü də anlayır. Dünya faşizmə qarşı mübarizə apardığı halda Ermənistanda faşistlər təbliğ olunur, özü də dövlət səviyyəsində. Rusiyanın reaksiyası bir az gecikmiş sayıla bilər. Amma bu o demək deyil ki, Ermənistanın təbliğ etdiyi faşistlər Rusiyada da “qəhrəman”a çevriləcəklər. Əksinə, Rusiya hər zamanki kimi Ermənistana, ələlxüsus Paşinyana layiq yerini bir daha göstərəcək”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu