Suna Kasımoğlu: "Bəzən insan ağlamırsa, bu o demək deyil ki, onun maddi sıxıntısı yoxdu"

"Mən finala qalanda özümlə yarışırdım"



"Lalə başdan uduzdu. Çünki son 3 nəfər qalanda deyirdi ki, Suna, əlini götür. Niyə götürməliyəm deyə sual verirdim. Lalə finalda mənimlə yarışdı deyə uduzdu"



18 nəfərin mübarizəsi ilə start götürən "Maşın" realiti-şousunda 50 minlik avtomobilin sahibi aparıcı Suna Kasımoğlu oldu. Heç kimə sirr deyil ki, maşın ətrafında yetərincə qalmaqallar, intriqalar və qruplaşmalara baxmayaraq Suna Kasımoğlu əvvəl gündən heç bir çəkişmədə, söz-söhbətdə  iştirak etmədi. Suna təkbaşına mübarizəyə üstünlük verdi. İstənilən halda bir həqiqət dəyişməzdi. Maşının qalibi Suna oldu. Maşınla bağlı təəssüratlarını «Şərq»ə danışan

Suna Kazımoğlu  maşını qazanacağına əvvəldən əmin olduğunu da gizlətmədi.

- Artıq qalibsiz, maşını qazandınız. Gərgin mübarizə apardınız. Maşınla bağlı təəssüratlarınız maraqlıdır.

- 18 gün gərginlik içində olmaq, yuxusuzluq,  bağlı məkan, qaranlıqda mübarizə aparmaq. Bütün bunlar yaşanmış həqiqətlərdi. Yəni əsl realiti-şoudur. Oraya girmədən, o maşın ətrafında o mübarizəni aparmadan heç kimsə  ora  barədə fikir söyləyə bilməz. 

- Yəni heç də kənardan göründüyü qədər asan mübarizənin qalibi olmadız? 

- Qətiyyən, mən çox güclü bir insanam. Mənim ruh dünyam, psixoloji hazırlığım "Maşın" şouda iştirak üçün yetərli olsa belə, yenə də asan deyildi. Fiziki  cəhətdən güclü olmağıma baxmayaraq son saatlarda yorulmuşdum artıq. Yəni  psixoloji baxımdan artıq  gücüm qalmamışdı. Amma mən toparlana bildim. Qazandım.

- Şou başlayan gündən heç bir qalmaqalda, qruplaşmada olmadınız. Susurduz.

- Mən həyatda da belə insanam. Yəni savaşı, davanı sevmirəm. Gərginlik yaşamağı və yaşatmağı istəmirəm. Uşaqlarımı da o tərbiyədə böyütmüşəm ki, savaşaraq nəsə əldə etmək doğru deyil. Mən barışığa üstünlük verən bir insanam.  Mənə sual verirdilər ki, niyə heç kimlə münaqişən olmadı? Mən savaşçı biri deyiləm. Bir də orda zatən o qədər dalaşanlar oldu ki, mənə fürsət qalmadı. Kiminləsə bir problemim yox idi. Ramaldan başqa da kimsəni tanımırdım. Mən bunu canlı yayımda da söylədim. Amma iştirakçılar arasında elələri var idi ki, ailə aralarında problemləri vardı, şəxsi münasibətlərdə biri-biri ilə münasibətlərdə gərginliklər yaşayanlar oldu. Kimlərsə biri-biri ilə dost idi də, hər hansı seçimlərdə bu, təsirsiz ötüşmədi, mən isə heç kimə qarışmadan, kimsəni tanımadan "Maşın" ətrafında dayanıb oyunumu aparırdım. Mən  o polemikalara da girmək istəmədim. İstədim ki, iştirakçılar biri-biri ilə münasibətlərini aydınlaşdırsınlar, zatən onlar biri-biri ilə qalmaqallarda elə həddə çatırdılar ki, az qala biri-birlərini  "yeyirdilər". Ona görə də mənə heç fürsət, ya da ehtiyac qalmadı ki, kimləsə münasibət aydınlaşdırım. Onlar öz aralarında savaşırdılar deyə, hali ilə mənimlə savaşmağa zaman tapmadılar.

- Bu fürsəti də siz dəyərləndirə bildiniz, yəni sizin  oyun taktikasına da uyğun gəldi.

 - Təbii. Onlar biri-birini elə "yeyib" bitirdilər ki, mən heç kimin yadına düşmürdüm, bu da mənə əl verirdi.  Əgər onların yadına oyun zamanı gəlmirdimsə, mən bilərək özümü o intriqaların içinə niyə ataydım? Bu, ağılsızlıq olardı. Onlar əvvəlində məni güclü rəqib kimi görmədilər bəlkə də, onlar şəxsi problemləri, münasibətlərini maşın ətrafında həll etməyə çalışaraq ən böyük səhvlərini etmiş oldular. Mən də bundan qazandım. Mən səssiz qalaraq finala yavaş-yavaş gedirdim. Əgər tərəf olsam, hədəf olardım. Bu çox məntiqli deyilmi? Mən də tərəf olmaq istəmədim. Tərəf olmadığım üçün də hədəf seçilmirdim. 



- Realiti-şouya təklif alanda deyilənə görə, ciddi hazırlaşmısız. Bir müddət yeməyinizə diqqət vermisiz, filan.

- Bir məsələyə aydınlıq gətirim. Mən həyatımı doğru yaşamağa kökləyən biriyəm. Yəni bu şouya qədər də idmanla məşğul olan, yeməyimə diqqət yetirən, düzgün qidalanıb, bəslənən biriyəm. Bu mənim həyat tərzimdi. Amma təbii ki, psixoloji baxımdan hazırlıqdan söhbət gedirsə, bəli, gedərkən sadəcə əlimi maşına qoyub yarışmadım. Ora gedəndə mən ağlımdan da istifadə etdim. Mən insanı tanıya bilən bir üstünlüyə sahibəm. İnsanı qısa zamanda müşayiət edərək onu tayına bilirəm. Xarakterini, müsbət və mənfi tərəflərini analiz edə biləcək bacarığa sahibəm. İnanın, 18 iştirakçı idik, onların hər biri haqqında kitab yaza bilərəm, o qədər onları tanıya bildim. Pozitiv bir insanam. Neqativ məqamlar yaşananda o məni üzürdü. Məni təsirləndirən bu olub. Finala son 3 nəfər qalanda, əmin idim ki, qalib olacam. Çünki özümü onlardan güclü görə bilirdim. Fiziki baxımdan da, psixoloji və ağıl baxımından mən güclü olduğuma əmin idim. Amma bir etiraf edim. Finala, ən sona Kəmalə ilə qalmaq istərdim. Maşın ətrafında dayananların əksəriyyətindən ruh dünyası sağlam olan iştirakçı mənə görə Kəmalə idi. Kəmaləni finalda görmək istəyirdim.

- Lalə sizin üçün güclü rəqib deyildi?

- Qətiyyən. Mənim üçün Lalə güclü rəqib deyildi. Ola da bilmədi.

- Lalənin problemi, zəif tərəfi nə idi? 

- Lalə mənim üçün çox zəif idi. Mən hər zaman qeyd etmişəm, dünyada Azərbaycan qadını kimi güclü, iradəli, zəhmətkeş qadın tanımıram. Azərbaycan qadını zəhməti ilə güclü bir qadındı. Bunu Türkiyədə də deyirəm həmişə. Həqiqətən  Azərbaycan qadını mübarizəçi, güclü, ağıllı, zəhməti ilə uğur əldə edən, ailəsinə bağlı qadındı. İşləyən, çalışan, çabalayan qadındı. Hətta kişilərinizdən də güclü ola  bilir yeri gələndə. Sadəcə Lalədə o gücü görmədim. Lalə  son günlər başladı ki, maşını mənə buraxın, qardaşım, mən bu oyuna gələrkən kimə söz vermişdim ki, mübarizəsiz əlimi maşından çəkəcəm. Zatən bu məntiqsiz olardı. Bu bir mücadilə idi. Biz yarışdıq, qazandım. Burada fiziki gücdən də önəmli, mental güc vacib idi. Lalə başdan uduzdu. Çünki son 3 nəfər qalanda deyirdi ki, Suna, əlini götür. Niyə götürməliyəm deyə də sual verirdim. Lalə finalda mənimlə yarışdı deyə uduzdu. Mən isə Lalə ilə yarışmırdım. Mən finala qalandan özümlə yarışırdım. Mən özümə gücümü, səbrimi, iradəmi sərgiləyirdim. Lalə əvvəl andan uduzduğunu sərgiləyirdi, deyirdi ki, Suna, əlini çək. Bu onun uduzmağının göstəricisi idi. Mən ona demirdim ki, əlini çək. Mən deyirdim mücadilə apar, qazan. Kimsə sənə maşını hədiyyə etməyəcək. Qaldı bir söz orda çox səslənirdi ki, Lalənin ehtiyacı var, filankəsin maddi sıxıntısı var. Bilirsiz, bəzən insan ağlamırsa, bu o demək deyil ki, onun maddi sıxıntısı yoxdu. Yəni həyatda hər şey  göründüyü kimi deyil. Mənim də ehtiyaclarım var. Bunu ağlayaraq həll etmək, özümü acındırmaq isə şəxsiyyətimə yaraşmaz. Ora sosial yardım şousu deyildi. Bu, böyük bir yarışma idi. Güclü olan, məntiqlə oyun sərgiləyən udmalı idi. Mən halal zəhmətimlə, mücadilə apararaq maşına sahib olmuşam. Vacib olan budu məncə. Mən özümə qalib gəlmişəm. Bu mənim həyatdakı uğurlarımın ən böyüklərindən biri idi. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm.

Paylaş

Bizi Facebookda izləyin
Tahirə Məmmədqızı Yazarın yazıları
menu
menu