Məktəblərdə qaməti əyri uşaqlar çoxalır

Pediatr: "Artıq vəziyyət o həddə çatıb ki, təhsilin əleyhinə çıxıram"

"Çünki heç bir təhsil sağlamlıqdan önəmli deyil. Əgər bu gün sağlamlığı bahasına kimsə dərslərini əla oxuyacaqsa, amma sabah şikəst, ya da xəstə olacaqsa, bunun cəmiyyətə, Vətənə nə xeyri olacaq?" 



Görkəmli pedaqoq Makarenko məktəblərdə pillələrin tutacaqlarının sökülməsini tövsiyə edirmiş. Və şagirdlərin adından belə deyirmiş: “biz onurğa sütununa güvənirik, tutacaqlara deyil”.


Azərbaycan məktəblisi onurğa sütununa güvənə bilirmi? Cavab çoxunun xoşuna gəlməyə bilər. Amma reallıq, reallıq olaraq qalır: güvənə bilmir. Əsas – şagirdlər arasında skolioz və kifoz xəstəliklərinin artmasıdır. Bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında millət vəkili Qənirə Paşayeva da deyib. Xanım deputat bildirib ki, məktəblərdə şagirdlər arasında skolioz və kifoz xəstəliklərinə düçar olanların sayı artır. Bu xəstəliklərin müalicəsi üçünsə çox zaman əməliyyatların həyata keçirilməsi zərurəti yaranır, həmin əməliyyatların qiymətləri isə heç də ucuz deyil. Q.Paşayeva skolioz və kifoz xəstəliklərinin artmasının bir səbəbi kimi də məktəbli çantalarının ağırlığını, həmçinin dərs yükünün də ağır olmasını göstərib. 

Onurğa əyriliyi digər orqanları da deformasiya edir 



Son illər məktəblilər arasında skolioz xəstəliyinin geniş yayılmasının başlıca səbəbi kimi məktəblilərin vaxtlarının çoxunu oturaq vəziyyətdə keçirməsi göstərilir. Nəticədə  bel əzələləri düzgün formalaşmır, skolioz, kifoz kimi qamət pozulması  baş verir. Skolioz onurğa sütununun frontal səthdə davamlı olaraq əyilməsidir. Skolioz, adətən, erkən uşaq yaşlarından başlayaraq yaş artdıqca proqressivləşir. Skolioz vaxtında müalicə olunmazsa  fəqərəarası disklərin degenerativ distrofik dəyişikliklərinə, nəticədə döş qəfəsi və həzm traktı orqanlarının simpatik tənzimlənməsinin pozulmasına səbəb olur. Valideynlərin çoxu övladlarında skolioz olduğundan məktəblərdə aparılan müayinələr nəticəsində xəbərdar olurlar. Skolioz, xüsusilə buraxılış sinif şagirdlərində daha çox rast gəlinir, bu dövrdə skeletin intensiv inkişafı skoliozu daha nəzərəçarpan edir.
 - Onurğada yana əyilmə;
 - Qabırğa qövslərində qeyri-bərabərlik;
 - Kürək sümüklərinin asimmetriyası;
 - Çanaq sümüklərində əyrilik;
 - Başın bədənə nisbətən əyri dayanması kimi hallar skoliozun zahiri görünüşcə ilkin əlamətləri ola bilər.



Yeniyetməlik idiopatik skoliozunda onurğa sütununun deformasiyası uzun müddət stabil qala bilər. Bəzi hallarda isə xəstəlik çox tez proqressivləşir. Buna görə də skoliozu olan uşaqlar daim həkim nəzarətində olmalı, müntəzəm olaraq rentgen müayinəsindən keçməlidirlər. Yalnız bu zaman xəstəliyin proressivləşməsini vaxtında aşkar etmək mümkündür.
Skoliozun əsl başlanğıcı isə daha erkən vaxtlara - körpənin ana bətnində olduğu dövrlərə təsadüf edə bilər. Dölün uzun müddət qeyri-normal vəziyyətdə qalması (dölün köndələn vəziyyəti, sağrı gəlişi, sürətləndirilmiş doğuşlar, doğuş yollarında dölün ləngiməsi və s.), südlə əmizdirmə zamanı körpənin düzgün tutulmaması, körpənin iməkləməmiş yeriməyə başlaması skoliozun ilk risk faktorlarıdır. Sadaladığımız vəziyyətlərdə ənsə sümüyü, gicgah sümüyü, birinci boyun fəqərəsi, omba sümüyü, çanaq sümüklərində  sümükdaxili pataloji gərginliklər yaranır. Sümüklər böyüməyə başladıqda  bu gərginlik nahiyələri sümüyün quruluşunda deformasiyalara səbəb olur. 

Skolioz müalicə olunur



Bir çox valideynlər “zamanla skolioz düzələr” deyə problemi ciddiyə almır. Qabırğa qövsünün birinin digərinə nisbətən daha qabarıq olması, kürək sümüklərinin qeyri-bərabər yerləşməsi, çanaq sümüklərinin asimmetriyası təkcə zahirdən pis görünməklə yanaşı, daxildən də ciddi fəsadlara səbəb olur.
Bunlara vaxtında müdaxilə olunmazsa, yaş artdıqca:
 - Protruziya, fəqərəarası disk yırtıqları;
 - Aritmiyalar, ürək nahiyəsində ağrı;
 - Ağ ciyər problemləri (ağ ciyərin xroniki obstruktiv xəstəlikləri);
 - Süd vəzi ölçülərində fərq;
 - Mədə-bağırsaq problemləri (disbakterioz, kolit, qəbizlik, bağırsaqlarda spazm və s.);
 - Diafraqma ilə əlaqəli problemlər (təngnəfəslik);
 - Çanaqda durğunluqla əlaqəli cinsi pozulmalar, ağrılı menstruasiya;
 - Əzələ ağrıları, baş ağrıları, daimi yorğunluq kimi hallar yaranır və uzunmüddətli, müxtəlif çətin  müalicə olunan xəstəliklərlə mübarizə aparılır.
Skoliozun son zamanlar tez-tez rast gəlməsi və çoxsaylı fəsadlar verməsi onun müalicəsinə də yeni yanaşmalar tələb edir.   
Əvvəllər istifadə olunan korsetlər, idman hərəkətləri və s. kimi bir çox müalicə üsulları çoxdan öz aktuallığını itirmişlər. Skoliozlu xəstəyə vahid bir orqanizm kimi yanaşılmalıdır. Müalicənin məqsədi zahiri cəhətdən qamətin düzgün quruluşunun qaytarılması ilə yanaşı, daxili orqanların da işinin zamanla və ehtiyatla bərpasından ibarətdir.   Skoliozun profilaktikasında və müalicəsində istifadə etdiyimiz üsullar  – osteopatiya, homeosiniatriya, akupunktura, müasir fizioterapiya. 


Skoliozun müalicəsinə erkən yaşlardan başlamaq lazımdır. Məsələn, övladınız dünyaya gələndən sonra onun inkişafına nəzər yetirsəniz, körpənin başını daima bir tərəfə əyməsi, başının formasındakı deformasiyalar, gəzməyə başlayarkən ayaqlarını düzgün atmaması (barmaq uclarında gəzmək, ayaqlarını içəriyə atma) kimi hallar gələcəkdə övladınızda hər hansı bir qamət pozulması yarana biləcəyi ehtimalını bildirir.
Skoliozun erkən aşkarlanması uşağın gələcəkdə həm maddi, həm də mənəvi sıxıntılarının qarşısını almağa kömək edər. Valideynlər unutmamalıdır ki, profilaktika müalicədən daha üstündür. Skolioz simptomlarını azaltmaq üçün xüsusi idman hərəkətləri mövcuddur ki, bunlar onurganın dayanıqlılığını artırmaq, əzələləri gücləndirmək, elastikliyi artırmağa xidmət edir. 


Təhsil sağlamlıq hesabına olmamalıdır

Pediatr Vaqif Qarayev “Şərq”ə açıqlamasında skolioz, kifoz kimi xəstəliklərin uşaqların sağlam gələcəyini təhdid etdiyini dedi: 



Bu barədə dəfələrlə danışılıb, amma hələ də əsaslı bir nəticə yoxdur. Bu, çox ciddi bir problemdir və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi onunla ciddi şəkildə məşğul olmalıdır. Skoliozu yaradan səbəblər çoxdur. Məktəb çantaları onlardan biridir. Əvvəla, ondan başlayaq ki, uşaqlar ana südü ilə qidalanmalıdır. Uşaq ana südü ilə qidalanmadıqda tədricən sümüklərdə əyilmə prosesi başlayır, yaş yarımlığında raxitlik əlamətləri özünü göstərir. Bunun qarşısını almaq üçün uşaqlar ana südü ilə maksimum bəslənməlidir. 
İkincisi, hər yaşda uşaq ortoped müayinəsindən keçməlidi. Amma bizim valideynlər uşağı məktəbə yazdıranda həkimə aparır. Məktəbin  tibbi arayış tələbi ilə. Demirəm, bütün valideynlər səhlənkardır, amma belələri çoxdur. Valideyn gərək hər yaşda uşağa diqqətlə yanaşsın. Körpə düzgün yeriyirmi, addımlarını düzgün atırmı, oturuşu, duruşu necədir? Özü başa düşmürsə, mütləq həkimə müraciət etməlidir. Bağça yaşına çatdıqda uşağa düzgün oturuş vərdişi aşılanmalıdır. Bilirsiz, bizdə günahı, məsuliyyəti bir-birinin üzərinə atmaq cəhdləri var. Valideyn bağçanı, məktəbi, müəllimləri günahlandırır, onlar da valideyni. Bağçaya, məktəbə qədər valideyn uşağın onurğa sütununun düzgün olmasına əmin olmalıdır. Necə ola bilər ki, bir ana bir uşağına düzgün əyləşmək vərdişi öyrədə bilmir, amma müəllimdən 30 şagirdi düzgün əyləşdirməyi tələb edir?! Uşaq məktəbə gedəndə bütün qüsurları üzə çıxır. Halbuki məktəbə getməzdən öncə bütün zəruri müayinələr aparılmalıdır. Skoliozun əsas səbəbləri – uşağın erkən yaşlarda müayinə olunmaması, oturaq həyat tərzi, mobil telefon oyunları, planşetdən əl çəkməmək, televizor, kompüter qarşısında saatlarla əyləşmək. Havasızlıq! Uşaq məktəbdən evə gələn kimi, dərs çalışmağa başlayır. Uşaqların asudə vaxt anlayışı yoxdur. Uşaqların həyət oyunları anlayışı yoxdur. Ancaq ev-məktəb arasında gedib-gəlirlər. Bir də ki, smartfonlar. Kompüter oyunları. Sosial şəbəkə valideynləri də xəstələndirib. Demirəm, analar sosial şəbəkədən uzaq olsun. Amma bu qədər “votsap” aludəçiliyi də olmaz! Ana telefonu əlindən qoyan kimi uşaq “qapır”, uşaq qoyan kimi, ana “qapır”. Belə olmaz. Uşaqları həyətə düşməyə qoymurlar ki, gedib pis uşaqlara qoşular, pis söz əyrənər. Sən uşağı nə qədər qorusan da, onsuz da o, pis söz eşidəcək. Niyə uşaqların uşaq həyatını əllərindən almalıyıq? Uşaq həyətdə oynayar, kütləvi oyunlarda iştirak edər. Fiziki oyunlar, təmiz havada, həmyaşıdları ilə bir ortamda olmaq uşaqlar üçün çox vacibdir. Valideyn uşağın gündəlik menyüsünə diqqət etməlidir. Niyə son zamanlar kalsi çatışmazlığı artıb? Ya uşaqlara lazımi qidalar verilmir, ya da qidalar  keyfiyyətsizdir. Heç bir halda özbaşına müalicə tətbiq edib uşağa balıq yağı, vitaminlər verilməməlidir. Dəb düşüb; biri hansısa vitamini, balıq yağını sosial şəbəkədə paylaşır, valideyn də, “o verirsə, mən də verim” deyib həkim məsləhəti olmadan övladına müxtəlif dərman preparatları verir. Bu, qətiyyən yolverilməzdir. 

6 yaş ibtidai təhsil üçün tezdir 

V.Qarayev bildirdi ki, məktəbli çantası problemi də qalır: 

- Məktəbli çantasının çəkisi, uşağın çəkisini ortalama 10 faizi qədər olmalıdır. Yəni 6 yaşlı uşağın çəkisi 20-22 kiloqramdırsa, çantası 2-2,2 kiloqramdan artıq olmamalıdır. Hətta ABŞ-da bundan az çəki tələb edilir. Başa düşə bilmirəm ki, dərs yükü niyə ağırdır? Dərsliklər şagirdlərə paylanır, uşaq məktəbə gedən kimi əlavə dərs vəsaitləri yüklənir. Təhsil Nazirliyi deyir, vacib deyil, almayın. Amma məktəbdə əlavə vəsaitlər “işə düşür”. Müəllim ordan tapşırıq verir. Bu məsələni birdəfəlik həll etmək belə çətindir? Təsəvvür edə bilirsiniz, mən, ali savadlı həkim təhsilin əleyhinə çıxa bilərəm?! Amma artıq vəziyyət o həddə çatıb ki, təhsilin əleyhinə çıxıram. Çünki heç bir təhsil sağlamlıqdan önəmli deyil. Əgər bu gün sağlamlığı bahasına kimsə dərslərini əla oxuyacaqsa, amma sabah şikəst, ya da xəstə olacaqsa, bunun cəmiyyətə, Vətənə nə xeyri olacaq? 
Məktəb çantası çiyinləri hər iki tərəfdən bərabər tutmalıdır və çanağın üzərinə düşməlidir. Çiyinlər sağa, sola əyilməməlidir. Şagirdin əlləri, dirsəkdən aşağı hissə partanın üzərində olmalıdır. Uşağın gözü ilə parta arasındakı məsafə 30-35 sm olmalıdır. Əks halda, qamət pozğunluğu da qaçılmaz, görmə qabiliyyətinin zəifləməsi də. Bayaq mobil telefon, planşetlərdən danışdım. Uşaqlar o qədər bu vasitələrlə təmasdadır ki, küçəyə çıxırsan, az qala 5 uşaqdan 3-ü eynək taxır. Sonra, idman hərəkətləri mütləqdir. 3 yaşından sonra uşaqlar üzgüçülüyə getsə, yaxşıdır. Valideyn uşağın fiziki hərəkətlər etməsinə diqqət etməlidir. Sovet vaxtı uşaqlar 7 yaşında məktəbə gedirdilər. Bu, ona görə belə təyin edilmişdi ki, uşağın yaşı nə qədər çox olsa, fiziki ağırlığa bir o qədər dayanma gücü olacaq. Mən də belə hesab edirəm ki, 6 yaş ibtidai təhsil üçün tezdir. Biz uşaqların uşaqlıq dövrünü əllərindən alırıq. İkincisi, uşağın müqavimət gücünü dağıdırıq, qavrama-diqqət-yaddaş zəifliyi yaranır. Görürsünüz, birinci sinfə gedən uşaqların çoxu ağlayır. Çünki məktəb mühitinə düşmək 6 yaşlı uşaq üçün tezdir.   
Təhsil Nazirliyi bu məsələləri Səhiyyə Nazirliyi ilə birgə tənzimləməlidir. Dərs yükü azaldılmalıdır. Elektron dərsliklər təcrübəsi var. Düzdür, mən bunun əleyhinəyəm, amma müsbət təcrübələrdən istifadə etmək olar. Ən gözəl təhsil modeli Finlandiyadadır. Orada uşaqlar evdə dərs çalışmır. Nə öyrənirlər məktəbdə öyrənirlər. Bilmirəm, niyə bizdə bu problemlər həll edilmir? Uşaqları bu qədər yükləmək nəyə lazımdır? Nədi, hamı Eynşteyn olacaq?! Uşaq xəstədir, valideynə deyirsən, bir neçə gün dərsə buraxmayın, ana qorxa-qorxa deyir ki, sabah summativdir, gərək mütləq getsin. Daha nə deyəsən? Summativlər də bir bəla olub. Finlandiyada şagirdlər ümumiyyətlə yoxlama yazmır. Orda tamam fərqli, çox da gözəl bir sistemdir. Biz niyə belə sistem tətbiq edə bilmirik?!


Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu