Yüngül əxlaqlı qadınlar da dilənçilər kimidi: Bir yerdən qovurlar, başqa əraziyə toplaşırlar

Sentyabr ayında paytaxtda ictimai mənəviyyat əleyhinə və milli mentalitetə zidd olan hallara qarşı mübarizənin gücləndirilməsi məqsədilə fasiləsiz fəaliyyət göstərəcək xüsusi “naryad” qruplarının yaradıldığı elan edildi. 

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev KİV-ə açıqlamasında bildirmişdi ki, Baş Polis İdarəsinin rəhbərliyi tərəfindən təsdiq olunan tədbirlər planına müvafiq olaraq, polisin səlahiyyətləri çərçivəsində konkret vəzifələr müəyyənləşdirilib icraya yönəldilib.
Paytaxt sakinlərindən daxil olan müraciətlərin, müşahidə olunan sosial-neqativ halların təhlilləri göstərir ki, Bakıda fəaliyyət göstərən bəzi əyləncə-istirahət yerlərində, gecə klublarında, barlarda, otel və motellərdə, mərkəzi küçələrdə ictimai mənəviyyat əleyhinə, əxlaqa zidd hallar var. Əxlaqa zidd olan bütün halların forma və təzahürlərinə qarşı mübarizənin səmərəliliyini artırmaq üçün milli-mənəvi dəyərlərimizə uyğun olmayan davranışların, ictimai əhəmiyyət kəsb edən digər neqativ halların qarşısının alınması üçün kompleks profilaktik tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Məlumatda paytaxtın konkret əraziləri də göstərilmişdi. Səbail rayonu, “Fəvvarələr meydanı” və Nizami küçəsi, Nəsimi rayonu, S.Vurğun və Nizami küçələrinin kəsişmələrində yüngül əxlaqlı həyat tərzi sürən şəxslərin profilaktikasına dair tərkibi əməliyyat, təhqiqat, ictimai təhlükəsizlik əməkdaşlarından ibarət fasiləsiz fəaliyyət göstərən xüsusi naryad qrupları yaradıldığı bildirilirdi.
İctimai asayişin qorunması, əxlaqsızlığın, milli dəyərlərə zidd davranışların qarşısının alınması məqsədilə xüsusi “naryad” qruplarının yaradılması, əlbəttə ki, müsbət qarşılandı. 

Amma son günlər sosial şəbəkədə yayılan videolar təəssüf və hiddət doğurur. Paytaxtın “20 Yanvar” dairəsi və metronun “Memar Əcəmi” stansiyasının qarşısındakı ictimai iaşə obyektlərinin önündə qadınlar açıq-saçıq geyimləri, üstəlik, hərəkətləri ilə diqqəti cəlb etməyə çalışır, hətta “göbək rəqsi” edərək yaxınlıqdan keçənləri kafe və restoranlara cəlb etməyə çalışırlar. Bunun adı nədir? Bəlkə yeni yaradılmış xüsusi “naryad” qrupları bilir? 



"Sizi inandırıram, bir neçə nəfər toplaşıb o qadınları, həmin o kafe, restoran, əyləncə mərkəzinin müdirini biabır etsə, ictimai təpki nümayiş etdirsə, bu cür əxlaqsızlıqların sayı azalar"


Sabiq polis rəisi Mahmud Hacıyev “Şərq”ə açıqlamasında polisin daxili təlimata uyğun hərəkət etdiyini dedi: 

- Bəli, mən də paytaxtda mənəviyyat əleyhinə olan davranışların qarşısının alınması məqsədilə yaradılmış “naryad” qruplarının fəaliyyət göstərməsini alqışlamışam. Ancaq unutmamalıyıq ki, polis daxili təlimata uyğun fəaliyyət göstərir. İctimai qayda pozuntularının qarşısının alınması üçün post-patrul xidməti əməkdaşları tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilir. Şəhərin mərkəzi hissələrində belə tədbirlər keçirildi və müsbət nəticəsi də oldu. Amma polis hər gün irimiqyaslı tədbir keçirə bilməz. Hər rayonun post-patrul xidməti var və hərəsinin də öz dislokasiyası var. Hər gün səhər saatlarında “razvod” olur və xidmət əməkdaşları həmin gün harada xidmət keçəcəklərini bilirlər.

Xüsusi tədbirlər hər dəfə müəyyən bir ərazidə keçirilir. Bilirəm ki, söhbət yüngül əxlaqlı qadınlardan gedir. Amma onlar da dilənçilər kimidi. Bir yerdən qovurlar, başqa əraziyə toplaşırlar. Dilənçilər kimi, onlar da yerlərini tez-tez dəyişir. Yəqin ki, adını çəkdiyiniz ərazilərdə də xüsusi tədbirlər həyata keçiriləcək. Onlara qarşı adekvat tədbirlər mütləq olacaq. Amma mən bir məsələni vurğulamaq istəyirəm. Hər işi polisin üzərinə atmaq da düzgün deyil. Polis işini bilir və görür. Bəs hanı ictimai qınaq, hanı biz vətəndaşların təpkisi. Sizi inandırıram, bir neçə nəfər toplaşıb o qadınları, həmin o kafe, restoran, əyləncə mərkəzinin müdirini biabır etsə, ictimai təpki nümayiş etdirsə, bu cür əxlaqsızlıqların sayı azalar. Demirəm, bir nəfər irəli çıxsın, çünki tək əldən səs çıxmaz. Amma birlik olsa, həmin ərazilərdə yaşayanlar toplaşıb qrup halında bu abırsızlığa etiraz etsələr, əxlaqsızlar çəkinər. Təəssüf ki, bizdə ictimai qınaq yoxdur. Hər kəs “mənə nə?” deyib keçir, bəla gələndə isə hamını əhatə edir. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu