YAP funksioneri: "Onları birdəfəlik əlcək kimi istifadə edib, atacaqlar"

“Özlərini müxalifət adlandıranlar çöküş dövrünü yaşayırlar”. Bunu Sherg.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib. 

Partiya təmsilçisi bildirib ki, radikal müxalifətin onsuz da az olan sosial bazası getdikcə daha da tükənməkdədir: 

“Günlərlə çağırış etsələr də, hay-küy salsalar da onların mitinqinə maksimum 200 nəfər insan gəlir. Əslində öz tərəfdarlarına arxayın olan adam mitinq üçün ayrılmış qanuni yerlərə etiraz etməz. Əgər minlərlə insan səni dəstəkləyirsə, istənilən əraziyə toplaşacaqlar. Məsələ ondadır ki, məqsəd sadəcə mitinq keçirmək, çıxış etmək deyil. Onlar xaricdən aldıqları sifarişi yerinə yetirirlər və sifarişi verənlər də radikallardan əməli fəaliyyət gözləyir. Yaxın günlərdə Azərbaycanda Qoşulmama Hərəkatının Zirvə Görüşü keçiriləcək. Bu ərəfədə ölkədə daxili çaxnaşma yaratmağa cəhd göstərirlər. Maraqlısı odur ki, anti-milli ünsürlər Azərbaycan əleyhinə kampaniya aparmaq üçün sanki növbəyə durublar. Əlbəttə, burada ön planda olan maddi maraqdır. Ölkədə çaxnaşma meydana gətirmək, ajiotaj yaratmaq, polisi təhrik etmək, bədbəxt hadisələr törətmək əsas qayələridir. Məhz buna görə xaricdən qrant alırlar. Həm də özlərinin hələ “lazımlı” olduqlarını sübuta yetirmək istəyirlər. Ancaq fərqində deyillər ki, onları birdəfəlik əlcək kimi istifadə edib, atacaqlar”. 

S.Orucovun sözlərinə görə, Azərbaycan polisi çox professional davrandı: 

“Polis qanunun bütün tələblərinə riayət edərək, təxribatçılara fürsət vermədi. Məhz hüquq-mühafizə orqanlarının qətiyyətli səyi nəticəsində ictimai asayiş bərpa olundu. Gələn dəfə belə cəhdlər olarsa, dövlətin tədbirlərindən əlavə biz gənclər də ictimai təşkilatlara müraciət edəcəyik ki, bu cür ünsürlərə imkan verməsinlər. Hamı radikallara irad bildirməli, ictimai qınaq güclü olmalıdır. İqtidara gəlmək istəyən qüvvənin proqramı və güclü sosial bazası olmalıdır, xalq tərəfindən dəstəklənməlidir. Siyasi mübarizə də seçki qutusunda aparılmalıdır. İlin sonunda Azərbaycanda bələdiyyə seçkisi keçiriləcək. Gəlin, görək, həmin siyasi qüvvə bələdiyyə seçkisinə dairələrdən yetərli namizəd verə biləcəkmi?! İnanın, o qədər saya və çoxluğa malik deyillər. Xalq onlara inanmır, ona görə də 1993-cü ilin iyun ayından müxalifətə “yox” deyir”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu