İqtisadi potensialımız yüksəkdir: Bundan maksimum istifadə ediləcək

Dünən Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə - Baş Nazirin müavini təyin olunması ilə əlaqədar qəbul edib. Ölkə başçısı görüş zamanı bir sıra mühüm iqtisadi məsələlərə toxunub.

Prezident Azərbaycan iqtisadiyyatının son 15 il ərzində üç dəfədən çox artıdığını bildirib:

“Bu artım daha çox neftin hasilatının artırılması hesabına mümkün olub. Biz neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi istiqamətində çox böyük uğurlar əldə etdik və Azərbaycan iqtisadiyyatımızın şaxələndirilməsi işində dünya miqyasında təbii resurslarla zəngin olan ölkələr sırasında qabaqcıl yerlərdədir. Təsadüfi deyil ki, biznes mühitinin yaxşılaşdırılmasını Dünya Bankı kimi ən aparıcı beynəlxalq maliyyə qurumu qiymətləndirir və biznes mühitinin səviyyəsinə görə biz dünyada 25-ci yerdəyik, 20 ən islahatçı ölkə arasındayıq.

Hazırda iqtisadi inkişafımızın artımının əsas səbəblərindən biri dövlət investisiyalarıdır. Ölkəmizin uğurlu dayanıqlı iqtisadi inkişafı bundan sonra özəl sektor hesabına təmin edilməlidir. Bu vəzifəni mən doqquz ayın sosial-iqtisadi yekunlarına həsr edilmiş müşavirədə səsləndirdim. Bizim əsas vəzifəmiz qeyri-neft sektorunu inkişaf etdirmək və məşğulluğu artırmaqdır. Bunun da çox sadə səbəbi var. Müstəqillik günündən bu günə qədər Azərbaycan əhalisi təxminən 3 milyon artıbdır. Bu, həm böyük üstünlüyümüzdür, böyük sərvətimizdir, eyni zamanda, ölkə iqtisadiyyatına, o cümlədən infrastruktura və sosial infrastruktura böyük yükdür”.



Ölkə başçısının dediklərini Sherg.az-a dəyərləndirən “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı bildirib ki, Cənab Prezident çıxışında çox vacib və tezis xarakterli məqamlara toxunub:

“Xüsusilə də, ÜDM-in artımının çox böyük hissəsinin neft sektoru hesabına əldə olunması, burada dövlət investisiyalarının əsas rol oynadığı haqda deyilənlər, bundan sonra qeyri-neft sektorunun inkişafına, özəl sektorun böyüməsinə çox böyük üstünlük veriləcəyini göstərir. Düzdür, qeyri-neft sektorunda inkişaf tempi davamlı və yüksəkdir. Lakin, hələlik ixracda qeyri-neft sektorunun payı çox azdır. Görünür ki, dövlət başçısı özəl sektora dövlət dəstəyinin artırılması və yerli qeyri-neft istehsalının artırılması üçün daha genişmiqyaslı siyasət yürüdüləcəyinin anonsunu verir. Prezidentin əvvəlki çıxışında bankların biznes kreditlərinə yox, daha çox istehlak kreditlərinə üstünlük verməsinin müsbət hal olmadığını vurğulaması onu deməyə əsas verir ki, ölkədə, real iqtisadiyyata investisiyaların və dövlət subsidiyalarının artırılması artıq qaçılmaz hala gəlib. Prezident islahatların daha sürətlə davam etdiriləcəyini və iqtisadi inkişafın sürətləndiriləcəyini bəyan edib. Nazirlər Kabinetində son təyinatlar və azadedilmələr də məhz bu siyasətin daha çevik, effektiv və peşəkar aparılmasını təmin etmək məqsədi daşıyırdı. Əlbəttə ki, iqtisadi potensialımız mövcud olduğundan yüksəkdir və bu potensialdan maksimum istifadə ediləcək”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu