İrəvan panikadadır: “Sülh çeşməsi” Ermənistanı ciddi narahat etdi

“Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün önəmlidir. Problemin həlli üçün müzakirələr aparırıq”. Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Azərbaycanın “Sülh çeşməsi” hərbi əməliyyatına verdiyi dəstəyə diqqət çəkən səfir bəyan edib ki, Türkiyə hər zaman Azərbaycanın haqq işini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək: “Qarabağ məsələsi hər zaman Türkiyənin gündəmindədir. Çünki Azərbaycan Türkiyə Ordusunun həyata keçirdiyi antiterror əməliyyatlarını hər zaman dəstəkləyib. Azərbaycan həqiqətən də bir millət, iki dövlət olduğumuzu bütün dünyaya nümayiş etdirib. Türkiyə və Azərbaycan xalqlarının qəlbləri hər zaman eyni döyünüb.

Buna görə Azərbaycan xalqına və Prezidentinə təşəkkür edirik”. Bir sıra politoloqlar hesab edirlər ki, Türkiyənin Suriyadakı hərbi əməliyyatları qardaş ölkənin bölgədə daha da güclənməsinə və söz sahibinə çevrilməsinə gətirib çıxaracaq. Onların fikrincə, həm bu məqam, həm də Rusiya ilə münasibətlərin normallaşması Dağlıq Qarabağ probleminin həllinə hansısa formada təsir göstərə bilər. 



"İşğalçı ölkə anlayır ki, Türkiyənin güclənməsi Qarabağın Azərbaycana qaytarılması deməkdir"


Erkan Özoralın açıqlamasını “Şərq”ə dəyərləndirən politoloq Əhəd Məmmədli deyib ki, Türkiyənin güclənməsi Qarabağın Azərbaycana qaytarılması deməkdir. Analitikin sözlərinə görə, “Sülh çeşməsi” əməliyyatı Türkiyə silahlı qüvvələrinin Suriyanın şimal hissəsində keçirdiyi üçüncü anti-terror əməliyyatıdır:

“Türkiyə ordusunun bu əməliyyatları ən böyük narahatlığı düşmənlərimiz ermənilərdə doğurdu. Bu da təbiidir, çünki onlar gözəl başa düşürlər ki, güclü türk ordusu şimali Suriyada hərbi əməliyyat keçirirsə, sabah işğal olunmuş Azərbaycan ərazilərində də keçirəcək. Əvvəlki əməliyyatlardan daha böyük miqyaslı olan “Sülh çeşməsi”nə görə, bütün dünya Türkiyəyə qarşı birləşib. Onları narahat edən məqam türk ordusunun eyni hərbi əməliyyatı Qarabağda da həyata keçirə biləcəyidir. Çünki Qarabağda yeni müharibə Azərbaycan və Türkiyədən başqa heç kəsə lazım deyil. Türkiyə-Rusiya münasibətlərinin yaxınlaşması Azərbaycanın xeyrinədir. Ermənilər buna görə Ankara-Moskva yaxınlaşmasından narahat olurlar. Düşünürəm ki, Türkiyə gücləndikcə Qarabağa hərbi müdaxiləsi daha da real olacaq və asanlaşacaq”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu