İqtisadiyyatın şah damarı vergidir: Bu sektor sağlam və şəffaf olmalıdır

“Prezidentin xüsusən diqqət çəkdiyi məsələlərdən biri vergilərin vaxtında və düzgün ödənilməsi, vergidən əlavə ödəmələrin olmaması ilə bağlı oldu”.   Bunu Sherg.az-a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib. 

Partiya rəhbəri bildirib ki, dövlət başçısının nəyə görə vergi məsələsinə bu qədər böyük önəm verməsinin səbəbləri aydındır: 

“Vergi ödəmələri və vergilərin düzgün, şəffaf yığımı hər bir ölkənin həm iqtisadi inkişafında, həm də sosial əhəmiyyətli layihələrin daha geniş çərçivədə həyata keçirilməsində həlledici rol oynayır. İqtisadiyyatın şah damarını neft və ya qeyri-neft sektoru deyil, məhz düzgün vergi sistemi təşkil edir. Ona görə də, inkişaf etmiş ölkələrin təcrübəsinə ötəri bir nəzər salsaq görərik ki, o ölkələrin belə böyük iqtisadi uğurlara nail olmalarının başlıca səbəbi mükəmməl vergi sisteminin təşkil və tətbiq edilməsi ilə bağlıdır. Vergi sistemində pozuntuların, natamamlıqların, kənardan müdaxilələrin baş alıb getdiyi ölkələrdə isə iqtisadi çiçəklənmədən əsla söhbət gedə bilməz. Cənab Prezident də bunu çox gözəl başa düşür. Ona görə də geniş kadr və struktur islahatlarına start verildiyi bu mərhələdə ilk növbədə məhz vergi sisteminin sağlamlaşdırılmasını, daha da təkmilləşdirilməsini əsas vəzifə kimi qoyur. Bu çox doğru yanaşmadır və Prezident əmindir ki, Mikayıl Cabbarov ona verilmiş bu mühüm tapşırıqların öhdəsindən gələ biləcək”.

Ə.Hüseynov bəyan edib ki, vergilər naziri kimi fəaliyyəti göstərdi ki, Mikayıl Cabbarovun vaxtilə bu vəzifəyə təyin edilməsi tamamilə doğru qərar idi: 

“Elə təhsil naziri kimi də ona göstərilən yüksək etimadı doğrultmağı bacarmışdı. Yadınızdadırsa, M.Cabbarovdan əvvəl sözügedən nazirliklərin hər ikisinin də fəaliyyətində çox ciddi nöqsanlar vardı. Mikayıl Cabbarov hər iki nazirlikdə sistemsizlikləri, yolsuzluqları, boşluqları aradan qaldırmağı və cari fəaliyyəti sahmana salmağı bacardı. Elə bununla da o özünün böhran vəziyyətlərinin aradan qaldırılması  üzrə əla top-menecer olduğunu göstərdi. Məhz bu amillər Mikayıl Cabbarovun hökumətdə əsas fiqurlardan birinə çevrilməsini təmin edib. Prezident İlham Əliyevin yeni İqtisadiyyat naziri kimi onun qarşısında çox böyük vəzifələr qoyması da elə bu amillərlə bağlıdır”. 

"Dövlət başçısının da qeyd etdiyi kimi, indi ölkə iqtisadiyyatının dayanıqlı inkişafı bizim üçün hazırda əsas prioritet məsələdir"


Qurum sədri vurğulayıb ki, dövlət başçısının nazirlə görüşdə qeyd etdiyi kimi, indi ölkə iqtisadiyyatının dayanıqlı inkişafı bizim üçün hazırda əsas prioritet məsələdir: 

“Ümid edirik ki, M.Cabbarov vergi sistemindəki islahatların çərçivəsini bir qədər də genişləndirərək bütövlükdə ölkə iqtisadiyyatının inkişafında böyük bir canlanma yarada biləcək. Odur ki, sosial şəbəkələrdə vaxt öldürməklə və boşboğazlıqla məşğul olan bəzi dırnaqarası "ekspert"lərin "İqtisadiyyat naziri mütləq iqtisadçı olmalıdır" kimi absurd fikirlərinə də əhəmiyyət vermək lazım deyil. İqtisadiyyat nazirinin İqtisad Universitetini (UNEC) bitirməsi şərt deyil. Dünya təcrübəsi də bunu göstərir ki, indi iqisadiyyatla, vergilərlə, gömrük işi ilə bağlı nazirliklərə, komitələrə sırf o sahələrin mütəxəssislərini deyil, ilk növbədə yaxşı təşkilatçılıq qabiliyyətinə, idarəetmə təcrübəsinə və novator düşüncəyə malik top-menecerləri rəhbər təyin edirlər. Bu mənada cənab Prezidentin Mikayıl Cabbarovu İqtisadiyyat naziri postuna gətirməsi tamamilə doğru qərardır və biz bu təyinata öz dəstəyimizi ifadə edirik”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu