İlham Əliyev: "Ermənistan azərbaycanlılara qarış etnik təmizləmə siyasəti aparıb" (YENİLƏNİB)

“Azərbaycanın dövlət müstəqilliyinin cəmi 28 yaşı var”. APA -nın məlumatına görə, bunu bu gün Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Prezident İlham Əliyev qeyd edib ki, bir həftə əvvəl - oktyabrın 18-də Azərbaycan müstəqilliyinin bərpa olunması gününü qeyd edib. Dövlət başçısı daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışıb: “Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və ətraf 7 rayon - ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizi Ermənistanın işğalı altındadır. Ermənistan azərbaycanlılara qarış etnik təmizləmə siyasəti aparıb, nəticədə 1 milyondan artıq azərbaycanlı qaçqın və köçkün vəziyyətinə düşüb. O vaxt Azərbaycan əhalisi 8 milyon nəfər idi və qaçqın və məcburi köçkünlərin adambaşına düşən sayına görə ölkəmiz dünyada ilk yerləri tuturdu. Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törədib. Xocalı soyqırımı nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın və 63 uşaq yalnız azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirilib, mindən çox insan itkin düşüb. Xocalı soyqırımı dünyanın 10-dan çox ölkəsi tərəfindən tanınıb”.

Prezident İlham Əliyev bildirib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamədə Ermənistan qoşunlarının tam və qeyd-şərtsiz Azərbaycan ərazisindən çıxarılması tələb olunub: “Təəssüf ki, həmin qətnamələr həyata keçirilməyib. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günün içərisində icra edilir, bəzən isə Azərbaycanın üzləşdiyi münaqişəyə münasibətdə olduğu kimi, 26 ildir, kağız üzərində qalır. Bu ikili standartlar siyasətinə son qoyulmalıdır”.

Dövlət başçısı diqqətə çatdırıb ki, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, ATƏT və digər nüfuzlu təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını tələb edən qətnamə və qərarlar qəbul edib: “Fürsətdən istifadə edərək Qoşulmama Hərəkatının indiyə qədər qəbul olunmuş sənədlərində münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə etdiklərinə görə üzv dövlətlərə təşəkkürümü bildirirəm”.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki bütün tarixi abidələr, məscidlər, məzarlıqlar Ermənistan tərəfindən dağıdılıb, muzeylər və maddi, mənəvi sərvətimiz talan edilib: “Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycanın izini itirməyə çalışaraq, bütün toponimləri məqsədli şəkildə erməniləşdirir. Ermənistan, həmçinin, işğal olunmuş ərazilərdə beynəlxalq humanitar hüquqa zidd olaraq qeyri-qanuni məskunlaşdırma siyasəti aparır və qanunsuz iqtisadi fəaliyyətlə məşğul olur. 2016-cı ili aprel ayında Ermənistanın törətdiyi hərbi təxribat nəticəsində aralarında bir uşaq olmaqla, 6 azərbaycanlı mülki şəxs həlak olub, 26-sı yaralanıb, yüzlərlə ev dağıdılıb. Qarabağ əzəli Azərbaycan torpağıdır və münaqişə yalnız Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.

12:45

"Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir".

APA -nın məlumatına görə, bunu bu gün Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Görüş iştirakçılarını salamlayan Prezident İlham Əliyev qeyd edib ki, Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə, BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır: "Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv qəbul olunub. Qoşulmama Hərəkatında olduğu qısa müddət ərzində ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazanıb.

Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə görüşündə növbəti Sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilib. Bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür".
Azərbaycan Prezidenti 2016-2019-cu illərdə Qoşulmama Hərəkatına sədrlik etdiyinə görə Venesuela Bolivar Respublikasına təşəkkür edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu