Cümşüd Nuriyev: "ATƏT-dən əl çəkmək lazımdır" - MÜSAHİBƏ

"Bu mövzu Milli Məclisdə müzakirəyə çıxarılmalıdır"



Azərbaycanın partizan müharibəsi aparması özümüzdən asılıdır. Təəssüf ki, bizdə bunu üzərinə götürə biləcək bir qurum yoxdur



Siyasi elmlər doktoru, istiqlalçı deputat, politoloq Cümşüd Nuriyev “Şərq”in suallarını cavablandırıb. Onunla son günlər ölkəmizdə həyata keçirilən kadr və struktur islahatları, Prezident İlham Əliyevin “Valday” diskusiya klubundakı çıxışının Ermənistana psixoloji təsirlərini müzakirə etdik.

Bundan başqa, C.Nuriyevlə Qoşulmama Hərəkatının ölkəmizə verəcəyi töhfə, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Minsk Qrupu həmsədrlərinin fəaliyyətsizliyinə də diqqət çəkdik. 

- Prezident İlham Əliyevin son günlər həyata keçirdiyi kadr və struktur islahatlarını necə qiymətləndirirsiniz və bundan müsbət gözləntiləriniz varmı? 

 - İslahatlar getməli idi. Ölkə başçısı bunu çoxdan bəyan edirdi. Artıq bu prosesə start verilib. İlkin olaraq, islahatları yüksək qiymətləndirirəm. İnanıram ki, millətimiz və dövlətimiz üçün xeyirli olacaq. 

- Dünən Azərbaycanda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü baş tutdu. Ölkəmizin bu qurumda yer alması və keçirilən görüşlər nə vəd edir?

- Azərbaycan 8 ildir bu hərəkatın üzvüdür. Bura üzv olan dövlətlər adətən hərbi bloklardan qaçırlar. Burada 158 dövlət iştirak edir. Azərbaycan həmin dövlətlərlə münasibətlərini qurur. Azərbaycan ərazisi işğal olunmuş bir dövlətdir. Qoşulmama Hərəkatı Azərbaycan üçün yeni bir siyasi tribunadır. Bu hərəkatdakı ölkələr sülhsevərdirlər və biri-birinə hörmətlə yanaşırlar. Qoşulmama Hərəkatı üzvlərinin sayına görə, BMT-dən sonra ikinci böyük beynəlxalq qurumdur. Azərbaycanın bu qurumda olması ölkəmizə iqtisadi və siyasi cəhətdən yeni dividendlər gətirəcək. Azərbaycan üçün çox uğurlu olacaq.   

- Prezident İlham Əliyevin Soçidəki bəyanatı - “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi” Ermənistan daxilində və onun havadarlarında ciddi təşviş yaradıb. Bu bəyanatın psixoloji təsirləri nədən ibarət oldu?

- Azərbaycan Prezidenti bu sayaq bəyanatları BMT kürsüsündən də səsləndirib. Soçidəki bəyanat Ermənistan və onu dəstəkləyən ölkələrə, dünya dövlətlərinə bir mesaj idi. Həm də Paşinyanın məlum sərsəm bəyanatından sonra Azərbaycan daxilində müəyyən mənada  mənfi rəylər formalaşmağa başlamışdı və bəziləri bundan yararlanmağa çalışırdı. Zaman-zaman Azərbaycan Qarabağ məsələsini həll etmək istəyəndə  bir qarşıdurma, qarışıqlıq yaradırlar. Təəssüf ki, bizimkilər də burada iştirak edirlər. Hesab edirəm ki, həmin bəyanat vacib idi. Bu bəyanatla dünya ölkələrinə, beynəlxalq institutlara belə bir ismarıc verildi: Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək gücə malikdir. Beynəlxalq institutlar münaqişəni həll etmək istəmirlərsə, Bakı bu məsuliyyəti üzərinə götürməyə hazırdı. Ermənistan, onun havadarları və beynəlxalq institutlar bunu çox gözəl başa düşürlər. Ermənistan bilir ki, bu məsələdə haqsızdır. Ermənilərlə yalnız siyasətin, diplomatiyanın deyil,  gücün dili ilə danışmaq lazımdır. Azərbaycan o nöqtənin üstündən nida işarəsi qoymaqla məsələnin bitmədiyini bəyan etdi. Yəni bəyan etdi ki, Azərbaycan öz ərazi bütövlüyünü mütləq bərpa edəcək. Bu mesajdan sonra Ermənistanda daxili qarşıdurma, daxili gərginlik və panika kifayət qədər şiddətləndi.

- Valdaydakı bəyanat və Azərbaycanda həyata keçirilən kadr, struktur islahatları Ermənistan cəmiyyətini, eləcə də Paşinyanın özünü qorxuya salıb. Düşmən mediası Azərbaycanın gücləndiyini, Ermənistanın isə hər ötən gün uçuruma yuvarlandığını yazır. Artıq Paşinyanın qarşısına tələblər qoyurlar...     

- Ermənistanın baş naziri siyasətdən uzaq bir adamdı. O öz xalqına qarşı həyasızlıq edir. Paşinyan verdiyi vədlərin heç birini yerinə yetirmədiyinə görə, daxili ziddiyyət pik həddə çatıb. Baxın, Azərbaycan növbəti ilin büdcəsində müdafiə xərclərini 20 faiz artırır. Bu isə o deməkdir ki, Azərbaycanın səbri artıq daşıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə hazırdır. Bizim ərazi bütövlüyümüzü bərpa etməkdən başqa düşüncəmiz, yolumuz  yoxdur. Biz bu addımı atmalıyıq. 

- Bir müddət öncə sabiq həmsədr Metyu Brayza indiki həmsədrləri istefaya çağırdı...  

- Əslində dünya təşkilatlarında deyil, yalnız Azərbaycana yox, ümumən müsəlman dövlətlərinə qarşı xüsusi bir qısqanclıq var. Bu qısqanclığın arxasında onların öz məkirli planları durur. M.Brayza bunu indi yox, çoxdan deməli idi. Nədən o fəaliyyətdə olanda bu təklifi irəli sürmürdü. Azərbaycan da öz miqyasına görə, böyük dövlət deyil ki, supergüclərlə qarşıdurmaya getsin. Qoşulmama Hərəkatına ona görə qoşulmuşuq ki,  iriçaplı dövlətlərlə qarşıdurmaya getməyək. Amma hesab edirəm ki, artıq ATƏT-dən əl çəkmək lazımdır. Azərbaycan Milli Məclisi bu mövzunu müzakirəyə çıxarmalıdır. Və müzakirələrdən sonra Minsk Qrupundan imtina edilməlidir. 

- Bir az da Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından söz açaq. Azərbaycanın iqtisadi, siyasi və hərbi potensialı düşməndən dəfələrlə güclüdür. Belə olan halda ölkəmiz illərdir niyə və nəyi gözləyir? Dağlıq Qarabağ münaqişəsinin həllinə əngəl olan hansı amildir və ya kimdir? 

- Bizə Rusiya mane olur. 300 ildir ki, Azərbaycan Rusiyanın cənginə keçib. Əvvəlcə, Çar Rusiyası Azərbaycana qarşı bu siyasəti apardı, indi də həmin siyasət davam edir. Rusiya bizə heç vaxt səmimi olmayıb, olmayacaq da. Bu mənada düşünüb, ağılla hərəkət etmək lazımdır. Bu 300 ildə Rusiyanın bizə nələr etdiyini və bundan sonra nələr edə biləcəyini çox gözəl bilirik. Ağılla hərəkət etməliyik.

- Qardaş Türkiyə ordusunun Suriyanın şimalında terrorçu dəstələrə qarşı başladığı hərbi əməliyyatlardan sonra, Azərbaycan ictimaiyyətində belə bir təkliflər irəli sürülürdü ki, ölkəmiz də öz ərazilərimizdə, Dağlıq Qarabağdakı terrorçu dəstələrə qarşı partizan hərəkatı yaradıb, hücuma keçməlidir. Sizcə, bunu reallaşdırmaq mümkündürmü?  

- Azərbaycanın partizan müharibəsi aparması özümüzdən asılıdır. Təəssüf ki, bizdə bunu üzərinə götürə biləcək bir qurum yoxdur. Bunu əslində qeyri-formal həyata keçirmək lazımdır. Dövlət qurumlarından biri bunu gizli şəkildə gerçəkləşdirməlidir. Tərkibində qoşunu olan qurumlardan söhbət gedir. Azərbaycanda bunu edəcək o qədər oğlanlar var ki...  Ötən əsrin əvvəllərində “Difai” hərəkatı yaradılandan sonra ermənilər terrordan yavaş-yavaş çəkilməyə başladılar. Bu müddət ərzində ermənilər rusların təkidi və köməyi ilə minimum 2 milyon azərbaycanlını məhv edib. Mən hələ türkləri demirəm. Erməni bizə artıq nə etməlidir ki, biz bunlara qarşı mübarizəni başladaq.

- Bilirik ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı tək hərbi deyil, həm də informasiya müharibəsi aparılır. Bu işi necə təşkil etmişik və ya necə təşkil etməliyik? 

- Bu işdə informasiya müharibəsini arzuolunan səviyyədə qura bilməmişik. Onlarla erməni təhlilçi Rusiya telekanallarına çıxır. Və məsələni öz xeyirlərinə şərh edirlər. Bəs Azərbaycanın Rusiyada bu cür təhlilçiləri varmı? Əlbəttə, bütün proseslərin arxasında Rusiya dayanır. Azərbaycan Qafqazın açar dövlətidir. Azərbaycan ərazilərinin işğalı Rusiyanın siyasi maraqlarına xidmət edir. Tanrı bizi orada cəzalandırıb ki, Rusiya ilə bizi qonşu edib. Bu dünyada öz torpaqları ilə həmsərhəd olan yeganə ölkəyik. Bundan böyük faciə olmaz. Biz faciələr görmüş xalqıq. Bu xalq başına gətirilən amansız hadisələrdən sonra ayaq üstündə durmağı bacarırsa, deməli, çox şeyi bacaracaq. Qarabağ bizim üçün ən böyük ağrıdır. Bu ağrımızı, yaramızı sağaltmalıyıq. 

- Son günlərin ən aktual mövzularından biri də qardaş Türkiyənin Suriyanın şimalında terrorçulara qarşı başlatdığı hərbi əməliyyatlardır. Bu əməliyyatdan bir neçə gün sonra Türkiyə və Rusiya prezidentləri Suriya məsələsində razılaşdılar. Bura qədər də, xüsusən hərbi-texniki əməkdaşlıq sahəsində tərəflər arasında bir yaxınlaşma prosesi gedirdi. Sizcə, Rusiyaya yaxınlaşmaq fonunda Qərb və ya ABŞ-dan uzaqlaşan Türkiyəni nə gözləyir?

- Rusiya-Türkiyə münasibətləri zaman-zaman kəskin olub. Xüsusən 1984-cü ildə ASALA-nın təkidi ilə PKK yaradıldı, Suriya ərazilərində yerləşdirildi. Adana sazişinə - 1998-ci ilədək Türkiyə zaman-zaman terrora məruz qaldı. 1998-ci ildə Adanada sazişin imzalanmasından sonra Suriya üzərinə öhdəlik götürdü ki, Abdullah Öcalanı öz ərazilərindən çıxarır və PKK-nı dəstəkləməyəcək. Buna baxmayaraq, ASALA hələ Suriyada idi, adını YPG və digər formalarda dəyişərək öz fəaliyyətini davam etdirdi. Ərdoğan hakimiyyətə gəldikdən sonra bu terror təşkilatlarının zərərsizləşdirilməsi üçün çox çalışdı. Bu məqsədlə “Sülh çeşməsi”ndən əvvəl Suriyada iki hərbi əməliyyat (“Fərat qalxanı” və “Zeytun budağı”) keçirdi. “Sülh çeşməsi” əməliyyatları ilə artıq nöqtəni qoymaq üzrədir.
Məlumdur ki, Türkiyə 1938-ci ildə Fransa ilə razılaşandan sonra Hatayı Suriyadan geri ala bilmişdi. Bu bölgənin əhatəsində olan İdlib, Təl-Abyad və digər ərazilər PKK-nın əlində idi, daha doğrusu, ABŞ-ın nəzarətindəydi. Türkiyə üçün də bu marşrut çox vacibdir. ABŞ isə öz sərhədlərinin təhlükəsizliyini təmin edən Türkiyəyə mane olurdu.

- Amma indi ABŞ bölgədən çıxmağa hazırlaşır...

- Amerikanın digər prezidentlərdən fərqli olaraq, Donald Tramp daha çox ölkəsinin iqtisadi maraqlarını nəzərə aldığına görə, Suriya layihəsinə son qoydu. Yəni ABŞ bu bölgədən çıxmaqla, bu əraziləri Rusiyanın nəzarətinə verdi. Bu baxımdan, Rusiya-Türkiyə yaxınlaşması, Moskvanın maraqlarına daha çox uyğundur. Rusiya NATO daxilində narazılıq yaratmağa çalışırdı, bunu da yaratdı. NATO üzvlərindən ən güclüsü və Rusiya sərhədlərinə yaxın Türkiyə idi. İndi də Türkiyə ilə münasibətləri kifayət qədər yumşalıb. Nəzərə alaq ki, 2023-cü ildə Montre sazişinin müddəti başa çatır. Həmin sazişə əsasən, boğazlara nəzarət Türkiyədədir, bu boğazlar da Rusiya üçün vacibdir. Putin də indidən bu məsələni planlaşdırır, çünki kifayət qədər ağıllı adamdır. Buna görə də düşünmürəm ki, Rusiya-Türkiyə yaxınlaşması ABŞ-Türkiyə münasibətlərini gərginləşdirəcək. Əksinə, Türkiyə, ABŞ və Rusiya arasında körpü rolunda çıxış edir. Bundan başqa, Rusiyanın özünün Türkiyədə iqtisadi maraqları var, habelə Rusiya Suriya məsələsini Türkiyə ilə həll etməklə Yaxın Şərqdə öz mövqeyini gücləndirir. ABŞ açıq formada olmasa da, gizli şəkildə bölgədən çəkilmək istəyir. Çünki ABŞ-ın bölgədə, xüsusən də İrana yaxın ərazilərdə 500-dən çox hərbi bazası var və bu bazalara maddi vəsait xərcləmək istəmir. Digər yandan, ABŞ dünya okeanlarına istədiyi kimi nəzarət edə bilir. Amerika dövləti öz maraqlarına görə, oyundan çəkilmək istəyir. Başqa sözlə, bunu Ərdoğanın son 16 ildə yürütdüyü siyasətin ən uğurlu və ən parlaq qələbəsi hesab etmək olar.

- ABŞ-ın bölgədən geri çəkilməsindən sonra belə bir ehtimal yarandı ki, kürdlər bir növ öz ağalarını dəyişdi. Bölgədəki kürd birləşmələri indi Rusiya ilə əməkdaşlıq etməyə başlayıb. Hesab etmək olarmı ki, proseslərin bundan sonrakı mərhələlərində Rusiya kürdlərə öz hədəflərinə çatmaq üçün yardım edəcək?

- Vaxtilə PKK-nı yaradan da SSRİ olub. Rusiya bu gün də kürdlərlə münasibətlərini saxlayır. Bu gün kürdlər 4 ölkədə - Suriya, İran, İraq və Türkiyədə yaşayırlar və hər ölkədə də sayları milyondan çoxdur. Buna görə də, Rusiya istədiyi vaxt bu ölkələrə təzyiq etmək üçün kürdlərdən yox, PKK-dan yararlana bilər. Çünki kürdlər bir xalq olaraq, bu ölkələrdə kifayət qədər əziyyət çəkir, xalqın burada günahı yoxdur. Siyasət belədir ki, etnik azlıqlardan həmişə istifadə edirlər. Etnik azlıqları əsas əhaliyə qarşı qaldırmaq çox asandır. Amerika indiyədək bundan istifadə edib, Rusiyanın da bundan yararlanması heç nəyi dəyişməyəcək. Yəni əl dəyişirlər, bu da ciddi dəyişiklik deyil.

- Suriya ətrafında baş verən son proseslər o ehtimalı yaradır ki, artıq səkkiz illik böhran həllini tapmaq üzrədir. Bu ehtimal yaxın perspektiv üçün nə dərəcədə mümkündür və bu həll prosesində Bəşər Əsədin taleyi necə olacaq?

- Deməzdim ki, Suriya məsələsi həll olmaq üzrədir. Suriyanın hələ İsraillə Qolan Təpələri ilə bağlı ciddi problemləri var. Bəşər Əsədə gəlincə, hesab edirəm ki, Rusiya onu yola salacaq. Çünki Rusiya Bəşər Əsədə görə Suriyada ciddi problemlərlə üzləşib. Əsəd rejimi 1967-ci ildən hakimiyyətdədir. Hər halda Konstitusiya adı altında onu yola salacaqlar, hakimiyyətə Rusiyaya daha yaxın olan adekvat siyasətçi gətirəcəklər. Çünki Bəşər Əsəd Rusiya üçün adekvat siyasətçi deyil, tez-tez mövqeyində dəyişiklik edə bilən dövlət başçısıdır. İndiyədək etdiyini də edib, buna görə də onun dəyişdirilməsi ehtimalı daha yüksəkdir. Bu həm Türkiyənin maraqlarına uyğundur, həm də ABŞ-ın maraqlarına zidd deyil.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu