Sahibkarlara mane olan məmur cəzalanmalıdır - AKTUAL

Orta və kiçik sahibkarlıqla xeyli insan ailəsini dolandırır, onlar dövlətə yük olmur



“Güclü vətəndaş, güclü dövlət deməkdir”




Prezident İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu qəbul edərkən bir sıra mühüm məqamlara toxunub. Dövlət başçısı sahibkarların fəaliyyətinə mane olanlara sərt xəbərdarlıq edib. Ölkə rəhbəri vurğulayıb ki, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda əsas rolu kiçik və orta sahibkarlar oynayır, amma Azərbaycanda belə deyil: “Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcək”. 

Prezident əlavə edib ki, artıq bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına ciddi tapşırıq verib: “Belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcək”. 

Prezidentin diqqət çəkdiyi problemlə bağlı “Şərq”ə danışan BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib ki, dövlət başçısı dəfələrlə xəbərdarlıq edib ki, sahibkarları incitməyin, onların fəaliyyətinə şərait yaradın. Partiya təmsilçisinin sözlərinə görə, gözləri şəxsi mənafelərindən başqa heç nə görməyən bəzi məmurlar və icra hakimləri bu tapşırığa əməl etmək əvəzinə öz nalayiq əməllərini davam etdirirlər:

“Dövlət orqanları iş quran, öz ailəsi ilə bərabər bir neçə ailənin dolanışığına imkan yaradan sahibkarları dəstəkləməli, onun biznesinin böyüməsinə çalışmalıdır. Çünki orta və kiçik sahibkarlıqla xeyli insan öz başını saxlayır və dövlətə əlavə yük olmur. Dövlət qurumları öz vətəndaşının güclənməsində maraqlı olmalıdır. Güclü vətəndaş, güclü dövlət deməkdir. Vətəndaş maddi baxımdan güclü olarsa, vergi və sosial ödəmələrlə dövlətini də zənginləşdirər. Ona görə də sahibkarlara mane olan istənilən məmur ciddi şəkildə cəzalanmalı və vəzifəsindən qovulmalıdır. Xalq Prezidentin bu istiqamətdə bütün səylərini dəstəkləyir və təqdir edir”.

A.Qasımovun sözlərinə görə, Prezident bununla bağlı mesajını çox ciddi şəkildə verdi və son xəbərdarlığını etdi:

“Son günlər baş verən məmur istefaları xalqın tələbi idi. İctimaiyyət uzun müddət idi ki, dəyişiklik istəyirdi. Ümid edirik, onların yerinə gələn gənc nəsil yeni Azərbaycanın qurulmasına öz müsbət töhfələrini verəcək. Tək iş dünyasında yox, bütün sferalarda yeniliyə nail olacaqlar. Xalq artıq köhnə qaydalarla idarəçilik istəmir və sivil dünyanın bir hissəsi kimi öz adına layiq şəkildə yaşamaq istəyir”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu