Şəhla Cabbarlı: "Təəssüf ki, "diplom alım, sonrasına baxarıq" təfəkkürü ilə yetişən gənclik var"

"Sağlam gələcəyin yolu məktəbdən keçir"



Şəhla Cabbarlı son zamanlar maraqlı araşdırmaları ilə diqqəti cəlb edir. Hazırda Bakı Dövlət Universitetinin Tarix fakültəsi üzrə magistratura təhsilini davam etdirən Şəhla xanım gənc olmasına baxmayaraq qaranlıq qalan tarixi faktları üzə çıxarmaqdadır.

Xüsusilə sosial şəbəkədə tarixi faktlarla bağlı maraqlı paylaşımlar edən tarixçinin apardığı araşdırmalara müxtəlif fikirlər və reaksiyalar var. Elə bu mövzularla əlaqədar Şəhla xanımla əlaqə saxladıq. 

- Hazırda ölkəmizdə tarixi araşdırmalar hansı səviyyədədir?

- Tarixi araşdırmalar gedir, lakin çox zəifdir. Arxeologiya sahəsində işlərin genişləndirilməsini istəyərdim. Mən gürcü və başqa tarixçilərin tapıntılarına, əsərlərinə baxarkən bizdə çox zəif iş getdiyini görürəm. Səbəb ölkəmizdə bu sahəyə marağın, diqqətin az olmasıdır. Məsələn, təhsil sistemimiz də yarımçıqdır. Yeni yetişən tarixçilər qədim dilləri bilmirlər. Bakalavr səviyyəsində təhsil alan tarixçi tələbəyə öz ölkəsinin əski əlifbası belə tədris edilmir. Bəzən tariximizə dair mənbələri xarici tədqiqatçıların əsərlərindən alırıq. Burada qədim alban əlifbası, göytürk əlifbası, pəhləvi dili, ərəb-fars dilləri öyrədilməlidir. Çünki Azərbaycan tarixinin əsas mənbələri bu dillərdədir. Azərbaycan təhsil sistemində tarixçi yetişdirmək üçün islahata ehtiyac var. Tədqiqatçı olmaq istəyən, özü üzərində çalışmalıdır, qədim dilləri öyrənməlidir, araşdırmalara özü getməlidir.



Paylaşımlarıma ziyalı təbəqənin müsbət reaksiyası mənə yeni stimul verir


- Feysbukda maraqlı məqamlara toxunursuz. Araşdırmalarınıza xeyli sayda reaksiyalar var. Müsbət və mənfi rəylər barədə nə düşünürsüz?

- Feysbuk, ümumiyyətlə, sosial şəbəkələr bizim fikrimizi ifadə etmək, araşdırmalarımızı təqdim etmək üçün çox gözəl virtual ortamdır. Burada fərqli təbəqədən olan insanlar var. Yazılarımıza müsbət və mənfi reaksiyalar olur. Bu, normaldır. Bizim bildiklərimiz, dünyagörüşümüz insanlara adi, yaxud da həddindən artıq qəliz görünə bilər. Müzakirələr daha çox bilik əldə olunmasına gətirib çıxarır. Paylaşımlarıma ziyalı təbəqənin müsbət reaksiyası mənə yeni stimul verir.

- Bəzən görürük ki, hər sahədə olduğu kimi, tarix üzrə təhsil alanların da əksəriyyəti öz ixtisasları üzrə deyil, tamam başqa sahədə çalışırlar. Bunun xüsusi səbəbi varmı?

- Mənim ixtisasım sırf tarixdir, bu ixtisası sevərək seçmişəm, oxumuşam və davam edirəm. Təəssüf ki, hələ də cəmiyyətimizdə hansı ixtisası oxuması fərq etməyən, "diplom alım, sonrasına baxarıq" təfəkkürü ilə yetişən gənclik var.  Bunun səbəblərindən biri məktəbdə şagirdləri kəşf edib düzgün yola yönləndirilməməsi, digəri isə valideynlərin uşaq vaxtından onlara gözəl gələcək vəd etmələridir. “Sən oxu, diplom al, sonrasını həll edəcəyik” -  kimi vədlər uşağı, yeniyetməni öz yolunu getməkdən çəkindirir.  
Məsələn, mənimlə birlikdə tarix fakültəsində təhsil alanlardan heç biri bu sahədə çalışmır. Araşdırmaçı olmaq bir məqalə üçün günlərlə, həftələrlə kitabxanalarda, arxivlərdə işləmək deməkdir. Gənclər çətinə deyil, rahata meyil edirlər.

- Türk millətçiliyi ilə bağlı paylaşdığınız statuslara fikir bildirənlərin bəziləri mənfi rəylər yazır. Buna münasibətiniz necədir?

- Biz elə bir ölkədə yaşayırıq ki, milli tərkibindən asılı olmayaraq hər birimiz eyni hüquqa malik vətəndaşlarıq. Heç nədə birimiz, digərindən üstün deyil. Lakin bizim xalq olaraq öz soy-kökümüzü tanımaq, araşdırmaq, milli mədəniyyətini, dəyərlərini yaşatmaq kimi haqlarımız var. Mən bir türk olaraq öz soyuma sayğım var və istəyirəm ki, tarixdə millətimizin etdiyi qəhrəmanlıqlar, dövlətçilik ənənəsi, ədalət prinsipləri, yaşam tərzləri, qonşu ölkələrlə münasibətlərini elmi şəkildə cəmiyyətə çatdırım. Lakin bəzən çox sərt reaksiyalar olur. Düşünürəm ki, bunda qonşu ölkələrin də rolu böyükdür. Çünki qonşularımızın yerləşdikləri coğrafi məkanlar qədimdən son orta əsrlərə kimi türklərin torpaqları olub. Türkün dirçəlişi, özünə qayıtması onlar üçün dəhşət doğurur. Ona görə də etniklərlə türk xalqı arasına nifaq salmaq kimi siyasət yürüdürlər. 

Türkün dirçəlişi, özünə qayıtması onlar üçün dəhşət doğurur


 Mən digər xalqlardan olan vətəndaşlarımıza deyirəm ki, siz də öz xalqınızı araşdırın, gözəl məqalələr yazın. Sevə-sevə oxuyaq, milli-mədəni adətlərimizi qarşılaşdıraq, oxşarlıqları müzakirə edək. Bizə bunları etmək üçün heç kim qadağa qoymur. Əksinə, dəstək olurlar. Bu yaxınlarda tatlar haqqında çox gözəl və obyektiv yazılmış araşdırmaları əhatələyən kitab oxudum. Çox istərdim digər xalqların da belə dərin kitabları olsun.

- Hansı dilləri bilirsiz?

- İngilis, rus və fars dili. Osmanlı divani - rıka xəttini də öyrənmişəm, oxuyuram. 

- Qaranlıq qalan tarixi məqamları araşdırıb üzə çıxarırsız. Məqsəd nədir, bunu hobbi adlandıra bilərikmi? 

- Gənc tədqiqatçılar adətən yaxın tarixi araşdırırlar. Bu, asandır. Çünki sənədlər, materiallar çoxdur və əksəriyyəti də öz dilimizdədir. Lakin ümumtürk tarixində və onun tərkibində olan Azərbaycan tarixində elə hadisələr, dövrlər var ki, 3-4 cümlə ilə üzərindən keçilib. Mən həmin tarixləri araşdırmağı, cəmiyyətə çatdırmağı qarşıma məqsəd qoymuşam. Təbii ki, mənbələrin məlumatlarını daha çox qeyd edirəm, lakin araşdırmalarda tarixçi kimi öz münasibətim də olur, tam obyektiv yanaşıram.



TV-lərdə tarixi proqramların hazırlanmasına və dərsliklər üzərində çalışmalarda iştirak etmək istərdim


- Gələcəkdə dəstək verilərsə, nə kimi layihələri həyata keçirməyi planlaşdırırsız?

- Əsasən TV-lərdə tarixi proqramların hazırlanmasına və dərsliklər üzərində çalışmalarda iştirak etmək istərdim. Çünki sağlam gələcəyin yolu məktəbdən keçir, onlara ölkə haqqında dərin bilik verilməlidir. Bir də orta və yaşlı nəslin özünə qayıtması üçün tv-lərdə elmi proqramlara, müzakirələrə geniş yer ayrılmalıdır. Məhz tarix elmi insanlara keçmişi göstərməklə indini anlamağa, gələcəyə isə daha aydın baxmağa kömək edir.

- Tariximizdə hələ də sovet ideologiyasının izlərinin olmasına dair narazılıqlar var. Azərbaycan tarixi konsepsiyasının yenidən hazırlanması barədə nə düşünürsüz, buna ehtiyac varmı? 

- Cavan və gənc tarixçilər konsepsiyanın yenidən hazırlanmasının tərəfdarıdırlar. Bəli, sovet ideologiyası açıq-aşkar özünü büruzə verməkdədir. Tarixə müasir dövrün fikri, nəzəri ilə yanaşmaq lazımdır. Biz müstəqil dövlətik. Siyasət sistemində də, idarəetmədə də tarixə mütləq müraciət edilir. Sovet ideologiyası təsiri ilə o dövrün prizmasından hadisələrə yanaşmaq tarix elmini ölkəmizdə geri qoyur. Yenilik lazımdır. 

- Hərdən tarixi araşdırmalarda plagiatlıq müşahidə olunur. Araşdırmaların oğurlandığının şahidi oluruq. Bu barədə nə fikirləşirsiz?

- Bəli, təəssüf ki, belə hallara rast gəlinir. Bu, həmin tarixçilərin bacarıqsızlığının, elmə təsadüfi gəldiklərinin göstəricisidir. Onların əməyi yox, hay-küyü var. Özü tərcümə etmir, araşdırmır, lakin həmin əsər üzərində illərlə zəhmət çəkən insanlar var. Heç olmasa mənbə göstərə bilər. Bu, olduqca narahatedici haldır. Düşünürəm ki, gənc nəsil tarixçiləri bunları etməyəcəklər.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu