Böyük uğur: Qoşulmama Hərəkatına sədrlik ölkəmizə yeni əməkdaşlıq imkanları yaradır

“Qoşulmama Hərəkatı Azərbaycanın bir daha tanıdılması, yeni əməkdaşlıq imkanlarının açılması baxımından yaxşı nəticələrə səbəb olacaq”. Bunu Sherg.az-a açıqlamasında Dövlət İdarəçilik Akademiyasının dossenti, siyasi elmlər namizədi Elşad Mirbəşiroğlu deyib.

Politoloq bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin xarici siyasətinin böyük uğuru kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, İkinci Dünya Müharibəsindən sonra dünya dövlətləri sülhün və təhlükəsizliyin əhəmiyyətini daha aydın dərk etdilər. Hərbi-siyasi bloklaşmaların bəşəriyyət üçün nə dərəcədə təhlükəli olmasının fərqinə varan əksər dünya dövlətləri qoşulmama ideyasını genişləndirdilər:

“Qoşulmama Hərəkatının rəsmi yaranması tarixinə diqqət yetirsək, onun dünya üçün əhəmiyyətini daha aydın dərk edərik. Belə ki, hərəkatın 1961-ci ildə Karib böhranından bir il əvvəl yaranması bəlkə də dünyanı böyük bəladan xilas edib. Çünki belə bir təşkilatın yaranması haqqında ideyaların genişlənməsi sərt qlobal qütbləşməni müəyyən qədər əngəlləyə bilib.



Elşad Mirbəşiroğlu: "Bakı Sammitinin yekun sənədlərində Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsinin vacibliyi aydın şəkildə vurğulanır"


Siyasi şərhçinin sözlərinə görə, Qoşulmama Hərəkatı insani və iqtisadi resurslarına görə kifayət qədər böyük və ciddi bir təşkilatdır: 

“Bu təşkilat çərçivəsində əməkdaşlıq ən müxtəlif hədəflərə xidmət edə bilir. Belə ki, Qoşulmama Hərəkatı üzv ölkələri qlobal sülhün və təhlükəsizliyin qorunması üçün vacib olan prinsiplər əsasında birləşməni təmin etməklə yanaşı, həm də bu ölkələr arasında digər sahələrdə də əməkdaşlıq və qarşılıqlı anlaşma mühitini daha da yaxşılaşdırır. 120 ölkə təşkilata qoşulmaqla hər şeydən öncə mövqelərini və beynəlxalq münasibətlər sistemində fəaliyyətlərinin prinsiplərini bəyan etmiş oldu. Yəni insan hüquqlarına hörmətlə yanaşmaq, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə xələl gətirəcək hərəkətlərdən çəkinmək və s. kimi prinsipləri dəstəklədiklərini nümayiş etdirirlər”.

E.Mirbəşiroğlu əlavə edib ki, Azərbaycan Qoşulmama Hərəkatının 2011-ci ildən tamhüquqlu üzvüdür. Ölkəmiz ona qədər də təşkilatda müşahidəçi statusunda kifayət qədər fəallıq nümayiş etdirib:

“Azərbaycanın 2012-2013-cü illər üçün BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi üçün əsas dəstəyi məhz Qoşulmama Hərəkatına üzv olan ölkələrdən alması təsadüfi deyil. Bu, onu göstərir ki, Azərbaycan elə ilk vaxtdan Hərəkata üzv ölkələrin diqqətini və rəğbətini qazana bilib. Bu, olduqca əhəmiyyətlidir. Çünki Qoşulmama Hərəkatı kifayət qədər təsir imkanlarına malikdir və dünya siyasətində korrektələr etmək iqtidarındadır. Bu platformada Azərbaycan özünün ərazi bütövlüyünün təmin olunması istiqamətində də səmərəli fəaliyyəti həyata keçirə bilir. 2012-ci ildən başlayaraq, Hərəkatın Sammitinin yekun sənədlərində Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsinin vacibliyi aydın şəkildə vurğulanır. Bundan başqa, hesab edirəm ki, 25-26 oktyabr tarixində Azərbaycan özünün müstəqillik tarixində ən böyük bir tədbirə ev sahibliyini həyata keçirib. Bu, Azərbaycanın bir daha tanıdılması, yeni əməkdaşlıq imkanlarının açılması baxımından yaxşı nəticələrə səbəb olacaq. Azərbaycan həmçinin bir daha nümayiş etdirəcək ki, ən mühüm beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etmək iqtidarındadır. Bu da Azərbaycanın beynəlxalq pozitiv imicinin daha da güclənməsini təmin edəcək”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu