Uşaq sünnətindən sonra kəkələməyə başladı - Dinin tələbidir yoxsa tibbin? - AKTUAL

Oğlan uşaqlarının sünnət olunması İslam dininin buyurduğu qaydalardan biridir. Lakin valideynlərin çoxu sünnətin hansı yaşa qədər həyata keçirilməsi barədə məlumatlı olmurlar. Bəziləri övladını anadan olan kimi, bəziləri isə hətta orta məktəbdə oxuyanda sünnət etdirir. Nəticədə uşaqların sünnət edilmə yaşının keçməsi sonradan psixoloji və tibbi problemlərə gətirib çıxarır. 

Bu günlərdə feysbuk istifadəçilərdən biri oğlan uşaqlarının sünnət edilməsi ilə bağlı maraqlı paylaşım edib. Xanım istifadəçi qeyd edib ki, qonşuluqda olan oğlan uşağını orta məktəbdə, yəni özünü dərk edən zaman sünnət ediblər. Nəticədə qorxu, stress yaşayan uşaq psixoloji travma keçirib və onda nitq qüsuru yaranıb. Həmin uşaq artıq 5 ildir ki, tam yox, kəkələyərək danışır.

Sünnətlə bağlı müxtəlif fikir ayrılıqları da var. Həkim və mütəxəssislər, eyni zamanda din xadimləri sünnətin tez edilməsinin tərəfdarıdırlar. Bəziləri isə, uşağın özünü dərk etməsini və sünnət olub-olunmayacağına özünün qərar verməsini düzgün sayırlar. 



Adil Qeybulla: "Sünnət istənilən yaş dövründə "travma"dır"


Tibb elmləri doktoru, professor Adil Qeybulla Sherg.az-a açıqlamasında tibbi nöqteyi nəzərdən sünnətin heç bir elmi əsası olmadığını bildirib:

“Nəzərdə tuturlar ki, sünnət olunması gələcəkdə xərçəng xəstəliyinin sayını azaldır və gigiyenik baxımdan faydalıdır və.s. Amma biz dini nöqteyi nəzərdən bu məsələyə yanaşırıqsa, ortaya belə bir sual çıxır: Nə üçün Allahın yaratdığına müdaxilə olunur?

İnsanlar bunu adət-ənənə kimi edirlər. Çünki biz islam dininin içindəyik. Təbii ki, bu dinin adət-ənənələrini də icra etməyə məhkumuq. Bu baxımdan ölkədə inanclı bir təbəqə var. Ona görə də sünnət məsələsi mürəkkəb psixoloji məsələdir”.



"Xristian uşağı hansısa tibbi prosedura zamanı tamamilə sakit və psixoloji baxımdan stabil olur. Amma bizim uşaqlar qışqırır, bağırır"

Professor bildirib ki, sünnətin nə vaxt olunması ilə bağlı yaş məhdudiyyəti yoxdur:

“Əslində nə qədər erkən aparılsa, bir o qədər yaxşıdır. Ümumiyyətlə, sünnət istənilən yaş dövründə "travma"dır. Uşaq başa düşən halda psixoloji, yaşı az olanda isə apiraksion travmadır.

Uşaqları psixoloji baxımdan zəif böyüdürük və onları çox əzizləyirik. Oğlan uşaqları çox qorxaq böyüyür. Bunların hər biri də sünnət kimi məsələlərdə rol oynayır. Özüm müşahidə edirəm ki, xristian uşağı hansısa tibbi prosedura zamanı tamamilə sakit və psixoloji baxımdan stabil olur. Amma bizim uşaqlar qışqırır, bağırır. Bu baxımdan uşaqların tərbiyəsi ilə ciddi məşğul olmaq lazımdır. Uşaqları çox əzizləmək, onları hər məqamdan qorumaq, oğlan uşaqlarını anadan asılı vəziyyətə salmaq düzgün deyil. Oğlanlar əsgər kimi böyüməlidir. Bu, birinci və əsas şərtdir. Belə hallar vətənpərvərliyin, hətta ölkənin gələcəyi baxımından mühüm məsələdir. Oğlanların ana qoltuğunda böyüməsi düzgün deyil. Ona görə də bu cür kəkələmələr, "travma"lar yaşanır. Belə məqamlar daha çox mentalitetlə bağlı olan məsələdir. Amma sünnət bütün müsəlman dünyasının elədiyi ənənədir. Buna qarşı çıxmaq ciddi skandal yarada bilər. Sünnətin əleyhinə olan şəxslərin isə öz arqumentləri var. Mən bu arqumentləri qəbul edirəm. Sünnətin heç bir tibbi əsasını görmürəm. Sadəcə dini ənənə kimi sünnətə əməl olunur. Təbii ki, bunun da əleyhinə getmək fikrində deyiləm”.



Atif İsmayılov: "İslam dininin qayda-qanunlarına əsasən peyğəmbərimizin tövsiyyələrinə görə oğlan uşağı dünyaya gələndən 7 gün sonra sünnət olunmalıdır"


İlahiyyatçı Hacı Atif İsmayılovun sözlərinə görə isə, İslam dininin qayda-qanunlarına əsasən peyğəmbərimizin tövsiyyələrinə görə oğlan uşağı dünyaya gələndən 7 gün sonra sünnət olunmalıdır:

“7 gündən sonra sünnət edilmənin də bir neçə fəlsəfəsi var. Bunun ən üstün cəhəti ondan ibarətdir ki, oğlan uşağının dünyaya gəlməsinin 7-ci günü tamam olanda sünnət olunması, eyni zamanda saçının tükünün qırxılması və onun üçün qurbanlıq kəsilməsi peyğəmbərin qoyduğu qayda-qanunlardır. 7-ci günündə körpə uşağın sünnət edilməsi onun tez sağalmasına, eyni zamanda ağrı hiss eləməməsi və travma alamamasına səbəb olur”.



Elə hadisələr olub ki, uşaq qorxudan və stresdən, "travma"dan müəyyən xəstəliklərlə üzləşir


İlahiyyatçı vurğulayıb ki, hansısa valideyn 7 günü keçmiş olarsa, heç bir günah etmir:

“Bu, sadəcə peyğəmbərimiz tərəfindən tövsiyə olunur. Yəni, oğlan uşağının 7 gün ərzində sünnət edilməsi məqsədəuyğundur. Uşaq nə qədər erkən vaxtlarında sünnət olunarsa, onun həm tez sağalması,həm  sidik kanallarının açılması üçün müsbətdir. Uşaq daha rahat şəkildə sidik ifrazını çölə çıxarır və müəyyən mikrobların yığışmamasına şərait yaradır. Təəssüf ki, bu gün cəmiyyətdə peyğəmbərin buyurduqları və yaxud İslam dininin göstərişlərindən xəbərsiz olduqları  üçün gecikirlər. Elə bilirlər ki, uşağı erkən sünnət etmək ona ziyandır. Əksinə, uşağı gec sünnət etdirmək ona ziyan gətirə bilər. Elə hadisələr olub ki, uşaq qorxudan və stresdən, "travma"dan müəyyən xəstəliklərlə üzləşir. Ona görə də İslam dinin tövsiyəsi budur ki, oğlan uşağı doğulandan 7 gün sonra sünnət olunmalıdır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu