Bakı kabab qoxuyur: Restoranlar şəhəri tüstüyə boğmaqla məşğuldurlar - AKTUAL

“Havaya atılmaların qarşısı alınmalıdır. Bəzi restoranlardan havaya tüstünün, iy-qoxunun yayılması ilə bağlı nazirliyə yenə də şikayətlər daxil olduğundan ictimai-iaşə obyektlərində təkrar monitorinqlər aparılıb”.

Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib. O qeyd edib ki, əksər obyektlərdə təmizləyici qurğular quraşdırılsa da, təəssüf ki, onlara vaxtında texniki xidmət göstərilmədiyindən, filtrlər vaxtaşırı təmizlənmədiyindən havaya yenidən tüstü və iy-qoxu yayılır. Bu da sakinlərin haqlı narazılığına səbəb olur.

“Filtrlərin təmizlənməsi nə çətin işdir, niyə bunu vaxtında etmirlər? Artıq Məhərrəm ayının son günləridir, toyların başlamasını nəzərə alaraq ictimai-iaşə obyektlərinin sahiblərinə müraciət edirik ki, filtrləri vaxtında dəyişsinlər və havaya atılmaların qarşısını alsınlar. Əks halda onlar barəsində inzibati qaydada tədbirlər görüləcək".



Eyyub Hüseynov: "Bizim toylar dincəlmək yeri deyil, məşəqqət çəkmək yeridir"


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov «Şərq»ə açıqlamasında bildirdi ki, vaxtilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi hələ bir neçə il əvvəl şadlıq sarayları, restoranlarla bağlı standartları müəyyənləşdirmişdi. Qaydalarda şadlıq sarayları, restoranlar, əyləncə mərkəzləri ilə bağlı bütün normalar, o cümlədən səs effektinin diapozonu, masaların düzülüşündən tutmuş qidaların saxlanma şəraitinədək bütün məsələlər daxil idi:
  
"Lakin buna əhəmiyyət verən olmadı. Sahibkarlıq subyektləri bunlara əməl etmədi. İndi də etmir. Heç bir dəfə şahidi olmusunuz ki, hansısa dövlət qurumundan şadlıq sarayına bir məmur gəlsin və səsin normada olmasını, yaxud ərzağın hansı şəraitdə saxlandığını yoxlasın? Sadlıq saraylarının fəaliyyətinə insanların xeyrinə səbəb olacaq müdaxilə edən yoxdur. Çünki dövlət qurumları vətəndaş cəmiyyəti ilə birgə çalışmır. Əhalinin davranışları da çoxsaylı və xoşməramlı qanun və qaydalarda əksini tapmır. Şadlıq saraylarının iş prinsipi bundan ibarətdir; gəlinlə-bəyin gəlişindən tutmuş, gedişinə qədər hər şey ona hesablanıb ki, toya gələnlər tez rədd olub getsinlər.



"Gəlinlə-bəyin gəlişindən tutmuş, gedişinə qədər hər şey ona hesablanıb ki, toya gələnlər tez rədd olub getsinlər"


Şadlıq sarayının akustikası, səs gücləndiricilər, kondisionerlər, yeməklər, hər şey buna hesablanıb. Bizim toylar dincəlmək yeri deyil, məşəqqət çəkmək yeridir.

Eləcə də şadlıq sarayları, restoranlar şəhəri tüstüyə boğur, şəhər kabab iyi qoxuyur, amma bunun qarşısı alınmır. Hesab edirəm ki, bu da şadlıq sarayları şəbəkəsinin arxasında bəzi məmurların dayanmasıdır. Belə baxanda tüstünün açıq havaya ötürülməsinin qarşısını almaq sadədən sadə işdir. Restoran və böyük əyləncə mərkəzləri üçün nəzərdə tutulmuş böyük ölçülü aspiratorlar var. Restoran sahibləri bunları alıb quraşdırmalı, bununla da tüstünün, qoxunun ətrafa yayılmasının qarşısını almalıdır. Amma əksəriyyəti əlavə xərc çəkmək istəmir. “Tüstüdür də, havaya ötürüləndə nə olacaq?!” deyirlər. Çünki lazımı şəkildə cərimələnmirlər, onlara qarşı heç bir sanksiya tətbiq edilmir. Zərər çəkən ətrafda yaşayan sakinlər və ümumilikdə ekoloji mühitdir. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu