Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminin təqdimatı keçirilib - FOTO

Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni brendi olan SƏLİS - Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminin təqdimatı keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev SƏLİS barədə ətraflı məlumat verib. Bildirib ki, bu sistem vətəndaş cəmiyyətinin inkişafında yeni keyfiyyət mərhələsinin əsasını qoyan innovativ tətbiqdir. Onu yaratmaqda məqsəd qeyri-hökumət təşkilatlarına dövlət dəstəyini müasir dövrün tələblərinə uyğun şəkildə təşkil etmək, QHT-dövlət münasibətlərində yeni əməkdaşlıq modelini formalaşdırmaq, Şuranın fəaliyyətində şəffaflığı, hesabatlılığı və səmərəliliyi daha da artırmaq, ictimai nəzarəti və qərar qəbulu prosesində vətəndaşların iştirakını təmin etməkdən ibarətdir. Şura Prezident İlham Əliyevin elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı, həmçinin dövlət qurumlarının göstərdiyi elektron xidmətlərin təkmilləşdirilməsi ilə əlaqədar imzaladığı fərman və sərəncamları rəhbər tuturaq, göstərilən xidmətləri tam elektronlaşdırmaq və keyfiyyətini yaxşılaşdırmaq məqsədilə 2019-cu ildə 20 yeni elektron xidmət istifadəyə verib. Bununla da elektron hökumətə keçid tam başa çatdırılıb. Bu xidmətlər SƏLİS - Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemi adı altında elektron bazada birləşdirilib.

Sonra Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminin fəaliyyət istiqamətlərinə dair videoçarx nümayiş olunub.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, dövlətimizin inkişafının təməl prinsiplərini ulu öndər Heydər Əliyev müəyyən edib. 1993-2003-cü illər dövlət quruculuğu baxımından çox əhəmiyyətli dövr idi. Bu dövrdə bir sıra qlobal layihələr reallaşdırıldı, beynəlxalq əlaqələrin qurulması baxımından mühüm addımlar atıldı. 2003-2006-cı illər Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin modernləşdirilməsi dövrü, yeni trendlərlə zəngin tarixi dönəmdir. Həmin dövrdə vətəndaş məmnunluğu ən ümdə dövlət prioritetlərindən biri olub. 2007-2008-ci illərdə Prezident İlham Əliyev iki mühüm konsepsiya qəbul etdi. Bunlardan birincisi QHT-lərə, yəni vətəndaş təşəbbüslərinə dəstək, digəri isə KİV-ə dövlət dəstəyi konsepsiyası idi. Hər iki konsepsiya üzrə müvafiq dövlət qurumları yaradıldı. Prezidentin köməkçisi diqqətə çatdırıb ki, vətəndaş məmnunluğunun təməlində sosial-iqtisadi və digər problemlərin həlli, firavan həyatın, təhlükəsizliyin təmin olunması, təşəbbüslərin dəstəklənməsi dayanır. Yeni yaradılan xidmətlərin, o cümlədən bu gün təqdimatı keçirilən SƏLİS-in də məqsədi vətəndaş cəmiyyəti quruculuğuna töhfə verməkdir.

“2018-ci il prezident seçkilərindən sonra Prezident İlham Əliyev islahatlar kursuna başlayıb. Bu kursun əsasını şəffaflaşma təşkil edir. Hələ də kölgə iqtisadiyyatı var və buna qarşı mütəşəkkil mübarizə aparılır. Prezident İlham Əliyev iqtisadi müşavirədə bu məsələlərə toxundu. Aparılan islahatlar, Azərbaycan cəmiyyətinin, iqtisadiyyatının, siyasətinin, sosial həyatının bütün sahələr üzrə şəffaflaşdırılması, kölgədən çıxarılması, bu proseslərdə vətəndaşların iştirakının təmin olunması dövlətin iradəsidir. Şəffaflaşmaya qarşı çıxanlar isə qanunvericiliyə uyğun olaraq cəzalandırılacaq. Bu gün şəffaflaşma elə bir mərhələyə qədəm qoyub ki, hər bir vətəndaş bu prosesdə iştirak edir. Şəffaflaşdırma Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar kursunun əsasını təşkil edir. Biz bu gün həmin kursun nəticələrini görürük”, - deyə Prezidentin köməkçisi qeyd edib.

Milli Məclis sədrinin müavini Bahar Muradova SƏLİS layihəsinin şəffaflığın təmin olunması istiqamətində böyük addım olduğunu deyib. Qeyd edib ki, şəffaflığın təmin olunması ilə bağlı Azərbaycanda dövlət səviyyəsində iş aparılır. Bununla bağlı qanunlar qəbul edilib. “QHT-lərin fəaliyyətindəki bəzi çatışmazlıqların aradan qaldırılması üçün mükəmməl elektron xidmət yaradılıb. Burada elektron vətəndaş və elektron apelyasiya xidmətini xüsusi qeyd etmək lazımdır. Bu gün hər bir vətəndaşın, QHT nümayəndəsinin bütün qurumlarla əlaqələri elektron formatda şəffaf şəkildə təmin olunur. Ölkəmizdə vətəndaş cəmiyyətinin yüksək səviyyədə fəaliyyəti üçün dövlətimizin başçısı güclü siyasi iradə nümayiş etdirir. SƏLİS layihəsi vasitəsilə bütün donor təşkilatların cəlb edilərək ideyaların irəli sürülməsi, layihələrin hazırlanması, maliyyə vəsaitinin ayrılması, xərclənməsi, apelyasiyadan keçməsi məsələləri vətəndaşların diqqəti və nəzarəti altında olacaq. Vətəndaş cəmiyyəti qurumları, problemlərin həllini üzərinə götürən insanlar məsuliyyəti özləri daşıyacaqlar,” – deyə Bahar Muradova vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib ki, SƏLİS həm dövlətin, həm də vətəndaşların mənafeyinə cavab verir. Bu sistem vasitəsilə vətəndaşlar Şuranın xidmətlərindən fasiləsiz istifadə edə biləcəklər. Ülvi Mehdiyev bildirib ki, SƏLİS əlçatanlığı və şəffaflığı təmin edir. Sistem müasir idarəetməyə tam uyğundur.

BMT-nin Azərbaycan üzrə rezident əlaqələndiricisi Qulam İshaqzai Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemini vətəndaş cəmiyyətinin fəaliyyətində şəffaflığın təmin olunması baxımından əhəmiyyətli addım kimi dəyərləndirib. Bu istiqamətdə göstərilən bütün səylərin BMT tərəfindən yüksək qiymətləndirildiyini bildirən Qulam İshaqzai deyib: “SƏLİS və bu tipli digər layihələrə dəstək verməyə hazırıq. Ümid edirik ki, bu sistem özünü doğruldacaq”.

Sonda Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemininin yaradılmasında iştirak edən şəxslərə Fəxri Diplomlar təqdim olunub.

Paylaş

Bizi Facebookda izləyin
Anar Bayramoğlu Yazarın yazıları
menu
menu