Ölü və xəstə doğulan uşaqlar: Analar hamiləlik dövründə 9 dəfə "həkim qapısı" döymürlər

Ölkəmizdə körpə ölümləri ilə bağlı qorxunc statistika açıqlanıb. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib ki, Azərbaycanda körpələrin ilk 6 ayda ana südü ilə qidalandırılması 12-14 faizdir: “Bu, olduqca aşağı rəqəmdir və bununla bağlı ciddi tədbirlər görülməlidir".

Onun sözlərinə görə, körpələrin ana südü ilə qidalandırılması faizinin artmasına yönəlik addımlar atılmalıdır: “Azərbaycan iqtisadi inkişaf baxımından orta və yüksək səviyyəli ölkələr sırasındadır. İnkişaf edən ölkələrdə körpə ölümlərinin əmsalı hər 1000 diri doğulana 9-10 səviyyəsindədirsə, Azərbaycanda bu göstərici 19-dur. Ana ölümlərində də rəqəmlər iqtisadi baxımdan eyni səviyyədə olan ölkələrlə müqayisədə yuxarıdır. Azərbaycanın iqtisadi səviyyəsi yüksəkdir. Əgər problemlərin səbəbləri bilinməsə, onun qarşısı alına bilər. Əgər bir ana qarşısı alına bilinən qanaxmadan ölürsə, bu, ciddi problemdir. Hər bir ölkədə, o cümlədən, Azərbaycanda da ana ölümlərini araşdıran qurumlar var. Lakin vəziyyəti yaxşılaşdırmaq üçün daha çox işlər görülməlidir". 



Həkim: "İlk 6 ay körpə orqanizminin xəstəliklərə müqaviməti çox aşağıdır"


Ana südünün verilməməsini körpə ölümlərində əsas səbəb kimi göstərməyin düzgün olmadığını deyən həkim-pediatr Vaqif Qarayev Sherg.az-a açıqlamasında bildirib ki, hamilə qalmazdan öncə ananın hərtərəfli yoxlamalardan keçməsi olduqca vacibdir:

Pediatr qeyd edib ki, biz Avropanın inkişaf etmiş ölkələri ilə müqayisədə ölkəmizdə körpə ölümləri faizini müqayisə edib qürrələnə bilmərik:

“Lakin qeyd edim ki, bizdə körpə ölümlərinin sayı getdikcə aşağı düşür. Postsovet ölkələri ilə müqayisədə Azərbaycanda belə hallar nisbətən azdır. 

İlk 6 ay körpə orqanizminin xəstəliklərə müqaviməti çox aşağıdır. Ən çox ölüm faizi tənəffüs və mədə-bağırsaq sistemi orqanları xəstəlikləridir. Təbii ki, irsi-genetik və sinir sistemi xəsətlikləri də ölüm hallarına yol açır. Lakin irsi-genetik və sinir sistemi xəstəlikləri hamilə vaxtından təyin olunmalıdır. Hamilə qadınlarımızın isə həkimə getməsi xoşagələn səviyyədə deyil. 9 ayda 9 dəfə "həkimin qapısı"nı döymürlər, ancaq doğuş vaxtı gəlirlər. Bu zaman baxırsan ki, kifayət qədər patalogiyası olan uşaqlar dünyaya gəlir”. 

“Gələcəyin atası da mütləq yoxlamalardan keçməlidir


Həkim qənaətincə, yoxlamalarla bağlı ancaq qadınların üzərinə düşmək də düzgün deyil:

“Gələcəyin atası da mütləq yoxlamalardan keçməlidir. Nəsilartırma deyilən bir anlayış var. Orqanizm buna qabil deyilsə və dünyaya normal uşaq gəlməyəcəksənsə, hamilə qalmağın mənası yoxdur. Adi “chek-up”-lar var, hansı ki, çox baha qiymətə deyil. Gələcəyin valideynləri bu yoxlamalardan keçməlidir. Nigahdan əvvəlki müayinələr olsa da, bu, çox dar çərçivədədir. Həmin müayinələrdə talassemiya və digər xəstəliklər yoxlanılır. Düzdür, bu yoxlamalar da önəmlidir. Amma dünyaya uşaq gətirmək üçün yoxlamalar daha geniş miqyasda olmalıdır. Bizdə ancaq “toy olsun, qızımı ərə verim, oğlumu evləndirim” kimi düşüncələr var. Son illər kişi sonsuzluğunun sayı həddindən çox artır. Belə olan halda evlənməyin nə mənası var? Yaxud da irsi-genetik xəstəlik daşıyıcısı olan şəxsin dünyaya uşaq gətirməsinin nə faydası olacaq? Belə insanların dünyaya gətirdiyi uşaqlar da 1-2 ay yaşayıb sonra ölür”.

"Sağlam orqanizmi olan ata və ana dünyaya da sağlam uşaq gətirəcək"


Hamiləliyin müxtəlif həftələrində müayinələrin mütləq olduğunu deyən V.Qarayev bildirib ki, körpənin doğulandan sonra həyatı üçün hansısa təhlükə varsa, bu müayinələr zamanı bilinir:

“Həkimə gec müraciət etmək məişətimizdə çox rast gəlinən məqamdır. Belə olan halda həkimi günahlandırmaq olmaz. Həkimə gec gəlinirsə, elə məqamlar və problemlər olur ki, həkim bu zaman aciz qalıır. Bu baxımdan sağlam orqanizmi olan ata və ana dünyaya da sağlam uşaq gətirəcək. Ona görə də hamiləlik vaxtındakı müayinələr vacibdir. Doğuşdan sonra isə vaxtaşırı həkimə getmək lazımdır”.

"Deməzdim ki, sistemli şəkildə həkimlər qəsdlə analara süni qarışıqları məsləhət görürlər"


Həkimin sözlərinə görə, 1990-ci illərlə müqayisədə ölkəmizdə ana südü ilə qidalanma artıb:

“1990-cı illərdə vəziyyət daha bərbad idi. Çox güman ki, bu da müharibə şəraiti və stress şəraiti ilə asılı olub. O zaman ana südü ilə qidalandırılan uşaqlar bu gün ilə müqayisədə azlıq təşkil edirdi. Təbiətin və təbabətin uşaq üçün buyurduğu yeganə və əvəzolunmaz qida ana südüdür. Son zamanlar bu məsələ çox qabardılır. Bəzən həkimləri də bu mövzuda günahlandırırlar. Düzdür, belə hallar da olur. Amma deməzdim ki, sistemli şəkildə həkimlər qəsdlə analara süni qarışıqları məsləhət görürlər. Nədənsə, tibb personalının günahını  daha çox hallandırırlar, nəinki uşaq sahibi olan ananın uşağı biganə münasibətini... Hər iki hal qəbulolunmazdır. Amma düzgün marifləndirmə aparmaq istəyiriksə, hər iki tərəfin günahını olduğu kimi deməliyik. Bir var doğuşdan sonra anada ümumiyyətlə süd yoxdur. Bu zaman uşağı ac qoymamaq üçün süni qidalardan istifadə olunur. Amma anada doğuşdan sonra az da olsa süd varsa, qətiyyən süni qidaya keçmək olmaz. Xüsusilə, birinci doğuşdan sonra analarda süd az ola bilər. Yeganə çıxış yolu uşağın tez- tez əmizdirilməsidir. Çünki tez-tez əmizdirilmə südün əmələ gəlməsinə stimul verir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu