İnkişafımıza verilən qiymət: Astronavtika Konqresinə ev sahibliyi hər ölkəyə həvalə olunmur

“Beynəlxalq Astronavtika Konqresi kimi nüfuzlu bir tədbirdə ev sahibliyi etmək hər ölkəyə həvalə olunmur”. Bu sözləri Sherg.az-a açıqlamasında “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçi Elçin Bayramlı deyib.

Onun sözlərinə görə, Konqresin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunu göstərən faktlardan biridir:

“Texnologiyanın ən yüksək zirvəsi kosmik texnologiyalardır. Azərbaycanda hələ Sovet dövründən kosmik cihaz və detalların istehsalı mövcud olub, Astrofizika rəsədxanamız, alimlərimiz, mütəxəsislərimiz olub. Son dövrlərdə də bu sahədə ciddi işlər həyata keçirir. Kosmik fəzada 2 peykimiz, yüksək texnologiyalarla bağlı institutlarımız və elmi mərkəzlərimiz var. Bütün bunlar kosmik texnologiyalarda bizə ciddi perspektiv vəd edir”.



Elçin Bayramlı: "Azərbaycanda hələ Sovet dövründən kosmik cihaz və detalların istehsalı mövcud olub"


E.Bayramlı qeyd edib ki, ölkəmiz rabitə və yüksək texnologiyalar xidmətləri vasitəsilə dünya bazarına çıxır. Azərbaycanın Beynəlxalq Astronavtika Konqresina ev sahibliyi etməsi bunun həcmi və miqyasını getdikcə artacaq:

“Mövcud və perspektiv peyklərimizin daha səmərəli idarə edilməsi streteji planda böyük iqtisadi dividentlər gətirəcək. Bu, çox böyük və perspektivli bir bazardır. Bununla belə bu, bazarda yüksək texnologiyalara malik fövqəldövlətlərlə rəqabət aparmalısan. Ən azı burada ilkin addımları atmışıq və getdikcə də yerimizi möhkəmlədə və artıra biləcəyik. Bundan başqa, özümüzün informasiya və kommunikasiya təhlükəsizliyimizi təmin edə bilərik. Ümumiyyətlə, bu proses təkcə regionda deyil, bütün dünyada ölkəmizin siyasi və iqtisadi nüfuzunu artıracaq”.

Qeyd edək ki, ölkəmiz 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. Konqres yeni, müasir texnologiyalar sahəsində dünya miqyasında ən mötəbər beynəlxalq tədbirdir. Konqresin Azərbaycanda keçirilməsi ölkəmizə olan inam və etibarın göstəricisidir. 

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu