Dövlət qurumları öz fəaliyyətlərini şəffaf qurmalıdır

Mediatur bir gün təşkil olundu, jurnalist getdi, gördü, yazdı. Bununla işi bitmiş hesab etmək olmaz



Son zamanlar ayrı-ayrı dövlət qurumları media ilə əlaqələri genişləndirmək istiqamətində fəaliyyətlərini artırır. Əlbəttə, bu, jurnalistlər üçün sevindiricidir. Çünki məlumatın ilk mənbədən alınması jurnalistikanın peşə prinsipləri arasında öncül mövqedədir. Jurnalistlər adətən dövlət qurumlarından informasiya alınmasında çətinlik çəkir, rəsmi orqanların mətbuat xidmətlərinin fəaliyyətindən narazı olurlar. Mediaturlar isə axtarılan informasiyaları jurnalistlər üçün əsl göydəndüşmə anlamına gəlir.     

Son iki gündə 2 mediatur təşkil edilib. Biri Qida Təhlükəsizliyi Agentliyi, digəri isə Bakı Baş Təhsil İdarəsi tərəfindən təşkil edilib. 

Jurnalistlər idxal məhsullarının laborator müayinəsini izləyib


AQTA-nın təşkil etdiyi mediator zamanı qida məhsullarının ölkəyə idxalı və laborator müayinəsi media nümayəndələrinə əyani şəkildə nümayiş etdirilib.
Ölkəmizə idxal olunan bütün qida məhsulları Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən risk əsaslı nəzarətə cəlb edilir. Yalnız təhlükəsizlik göstəriciləri uyğun olan məhsulların sərbəst ticarət dövriyyəsinə buraxılmasına icazə verilir. Məqsəd ölkəyə idxal edilən qida məhsullarının təhlükəsizliyi və keyfiyyətinin təmin edilməsi, əhalinin sağlamlığının qorunmasıdır.



Yeyinti məhsullarını ölkəyə idxal etmək istəyən sahibkarlar ilk növbədə qida təhlükəsizliyi sertifikatı almaq üçün Agentliyə müraciət edirlər.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin təşkil etdiyi infotur zamanı jurnalistlərin iştirakı ilə məhsul gömrük ərazisinə daxil olduqdan sonra gömrük orqanı və AQTA əməkdaşları tərəfindən məhsullara birgə baxış keçirilib, onların idxal prosesi media nümayəndələri ilə birgə izlənilib.
Məlumat verilib ki, məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq müxtəlif nəzarət tədbirləri həyata keçirilir. Burada 3 meyar əsas götürülür: məhsulun risk səviyyəsi, ixracatçı ölkənin qida təhlükəsizliyi sisteminin göstəriciləri və idxalçının uyğunluq tarixçəsi. Belə ki, ilk olaraq məhsulu müşayiət edən müvafiq sənədlər yoxlanılır. Sənədlər qaydasında olduğu təqdirdə məhsul partiyası identiklik və ya eynilik yoxlamasından keçirilir. Yəni sənədlərdə bəyan edilmiş məhsulla faktiki idxal olunmuş məhsulların eyniliyi yoxlanılır. Bundan sonra məhsulların risk səviyyəsinə uyğun olaraq tələblərə cavab verməsini yoxlamaq məqsədilə nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilir.
Laboratoriyada məhsullar minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə uyğun olaraq müayinə edilir, nəticələr normativ texniki sənədlərin tələblərinə cavab vermədiyi halda, məhsul geri qaytarılır, məhv edilir və ya utilizasiya olunur.
Ümumiyyətlə, AQTİ-nin laboratoriyaları müasir tələblərə cavab verən cihaz və avadanlıqlarla təchiz olunub ki, bu avadanlıqlar qida məhsullarının, baytarlıq preparatlarının, aqrokimyəvi maddələrin, qida əlavələrinin və qablaşdırılma materiallarının qısa zamanda müayinəsini həyata keçirməyə imkan verir. Eyni zamanda qida məhsullarında aqrokimyəvi maddələr, preparatlar, vaksinlər və pestisidlərin qalıq miqdarının sınaqları beynəlxalq tələblərə uyğun həssaslıq və dəqiqliklə həyata keçirilir.

Laboratoriyada qida məhsullarının mikrobioloji və molekulyar bioloji göstəriciləri ən yeni texnologiya olan Real Zamanlı Polimeraza Zəncirvari Reaksiya cihazında yoxlanılır.
Bütün bunlar əhalinin sağlamlığının qorunması, yalnız keyfiyyətli və təhlükəsiz qida məhsullarının idxal edilməsi, eləcə də ölkədə istehsal olunan məhsulların ixrac potensialının yüksəlməsinə imkan verir.
Media nümayəndələri ilə keçirilən infotur çərçivəsində AQTA və AQTİ tərəfindən qida məhsullarının idxal prosesi haqqında ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Media nümayəndələri tədris prosesini izləyib


Həmin gün başqa bir məkanda isə istedadlı uşaqlar üçün xüsusi siniflərin fəaliyyət göstərdiyi Bakı şəhəri 220 saylı məktəb-liseyə də mediatur təşkil edilib.
Mediaturun məqsədi ümumi təhsil müəssisəsində təşkil edilən xüsusi siniflərlə tanışlıq, bu siniflərdə tədris prosesi ilə bağlı media nümayəndələrini məlumatlandırmaq olub. Bildirilib ki, ötən tədris ilində Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərləri, Ağdaş, Bərdə, Xaçmaz, Quba, Şəki, Şəmkir, Zaqatala, Kürdəmir, Ağcabədi, İsmayıllı, Qəbələ və Sabirabad rayonlarında ümumilikdə 47 ümumtəhsil məktəbində VII və VIII siniflər üzrə istedadlı şagirdlər üçün 60 xüsusi sinif təşkil edilib. 7-ci siniflər üzrə riyaziyyat-informatika təmayüllü, 8-ci siniflər üzrə təbiət elmləri təmayüllü siniflər yaradılıb. 2019-2020-ci tədris ilində isə xüsusi istedadlı uşaqlar üçün siniflərin şəbəkəsi genişləndirilib, 47 rayonda 83 məktəb üzrə 102 xüsusi sinif yaradılıb.
Respublika üzrə hazırda ümumilikdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri ilə yanaşı 47 rayon, 117 məktəbdə 162 xüsusi sinif fəaliyyət göstərir. Ümumilikdə 4000-ə yaxın şagird sözügedən siniflərdə təhsillərini davam etdirir.

Daha sonra media nümayəndələri 220 nömrəli məktəb-liseydə fəaliyyət göstərən riyaziyyat-informatika təmayüllü xüsusi siniflərdə tədris prosesi ilə tanış olub, müəllim və şagirdlərlə söhbət aparıblar. Jurnalistlərin nəzərinə çatdırılıb ki, bu siniflərin komplektləşdirilməsində əsas meyar kimi ötən tədris ilinin fənn müsabiqələrinin nəticələri götürülüb. Fənn müsabiqəsində yüksək nəticə göstərən şagirdlər xüsusi siniflərə cəlb ediliblər. Bununla yanaşı, sinif komplektləşdirilməsində həmin şagirdlərin sayı kifayət etmədikdə, yerlərdə əlavə imtahan keçirilib və həmin imtahan nəticəsi əsasında əlavə şagirdlər də bu siniflərə cəlb ediliblər.

Qeyd edilib ki, xüsusi siniflərin təşkil olunmasında məqsəd istedadı ilə seçilən şagirdlərin elmi potensiallarını inkişaf etdirmək, onların müvafiq istiqamətlər üzrə daha keyfiyyətli hazırlaşmasını təmin etməkdir. Müvafiq siniflər üzrə il ərzində bir neçə dəfə səviyyə müəyyənləşdirmə imtahanı, müəllimlərin peşəkarlıq səviyyələrinin yüksəldilməsi istiqamətində seminar və mühazirələr təşkil edilir. Xüsusi siniflərdə dərs deyən müəllimlər rayon (şəhər) üzrə müvafiq fəndən diaqnostik balı yüksək olanlar arasından seçiliblər. Xüsusi siniflərin tədris planı və tədris proqramı digər siniflərdən fərqlidir.
Sonda mediatur iştirakçılarının sualları da cavablandırılıb.

“Mediaturlar jurnalistlərə təcrübə qazandırır”



Xatırladaq ki, bir müddət öncə Qusar Rayon Xəstəxanasına mediatur təşkil edilmişdi. Jurnalistlər səhiyyə ocağının fəaliyyəti ilə, iş prosesi ilə tanış olmuşdular. 

Əməkdar jurnalist, Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət mediatur barədə fikirlərini «Şərq»lə bölüşdü:



- Bu cür mediaturların təşkili dövlət qurumlarının fəaliyyətinin şəffaflığı üçün çox müsbət haldır və bunu təqdir etmək lazımdır. Çünki jurnalistlər dövlət qurumlarının qapalılığından şikayətlənir, lazım olan informasiyanın verilməməsindən, yaxud da gec verilməsindən narazılıq edirlər. Düzdür, mediatur təşkil edən Səhiyyə Nazirliyinin mətbuat xidməti barədə bu fikirləri söyləmək olmaz. Pərviz Abubəkirov bizdən biri olduğu üçün media ilə əlaqələri də düzgün qurmağı bacarır. Amma bir sıra dövlət qurumları var ki, mətbuat xidmətləri media ilə işləmir və hətta bunun fərqinə belə varmırlar, yanlış fəaliyyətlərini doğru bilirlər. Mediaturların təşkili əlbəttə, işin yaxşı tərəfidir. Jurnalist birbaşa özü iştirak edir, görür, yazır və yayır. Bir var, paytaxtda, hansısa media quruluşunun ofisində əyləşirsən və regiondan xəbər əldə etməyə çalışırsan, bir də var, özün birbaşa hadisənin içindəsən, reallığı görürsən və gördüklərini yazırsan, sənə deyiləni yox. Bu mənada mediaturların təşkili şübhəsiz müsbətdir. Amma bu, tam çıxış yolu deyil. Mediatur bir gün təşkil olundu, jurnalist getdi, gördü, yazdı. Bununla işi bitmiş hesab etmək olmaz. Mediaturun təşkili məsələnin tam həlli sayıla bilməz. Dövlət qurumları öz fəaliyyətlərini tam şəffaf qurmalıdırlar. Elə şərait yaratmalıdırlar ki, şəffaflıq təmin edilsin. Elə dövlət qurumları var, mətbuat xidməti, ictimaiyyətlə əlaqələr şöbəsinin nə rəhbərini, nə də əməkdaşını jurnalist ha çalışsa da, tapa bilmir. Və yaxud, mətbuat xidmətinə ünvanlanan suallar cavabsız qalır, ya da suala uyğun gəlməyən, cavab sayılmayacaq cavablar verirlər. Ən asan «yol» da budur: «bizdə belə məlumat yoxdur». Jurnalist məlumat əldə etmək üçün müraciət edibsə, ona «bizdə bu barədə məlumat yoxdur» demək, yumşaq ifadə etsəm, jurnalisti başdan eləməkdi. Ona görə də dövlət qurumları, idarə və müəssisələr media ilə iş prinsiplərini bilməli və bu qaydalara riayət etməlidirlər. Əsas budur ki, mediaturlardan sonra da həmin dövlət qurumları ilə medianın əlaqələri kəsilməsin. Dövlət qurumları sonrakı fəaliyyətlərində də jurnalistlərlə sıx əməkdaşlıq etsinlər. Əlaqələr dağılmasın, pozulmasın.  

A.Həsrət bildirdi ki, mediaturların təşkili jurnalistlərin peşəkarlığı baxımından da əhəmiyyətlidir:

- Əlbəttə, mediaturların təşkili və jurnalistlərin də bu turlara qatılması təcrübə toplamaq baxımından əla fürsətdir. Mən özüm də bu tip mediaturlara həmişə maraqlı olmuşam. Çünki belə mediaturlar vasitəsilə jurnalistlər əlavə təcrübə qazanırlar. Onu da deyim ki, jurnalist peşəkarlığının artırılmasında biz yalnız dövlət qurumlarına bel bağlamamalıyıq. Mətbuat Şurası da jurnalist peşəkarlığının artırılmasına rəvac verməlidir. Ən əsası bu cür mediaturlar bir günlük deyil, davamlı təşkil edilməli və nisbətən qapalı dövlət qurumları ilə medianın sıx əlaqələrinin təmin edilməsinə çalışılmalıdır. Dövlət qurumlarına, idarə və müəssisələrə, təhsil ocaqlarına, yəni ictimai maraq daşıyan və sosial həyatın vacib sahələri olan yerlərə jurnalist səfərlərinin təşkili həm media üçün, həm də dövlət qurumları üçün xeyirlidir. Bu, həm də ictimaiyyəti məlumatlandırmaq baxımından müsbətdir. Çünki cəmiyyətə düzgün və dolğun məlumatı media çatdırmalıdır.

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu