Ermənistanda demoqrafik fəlakət: Ordu sıralarına qadınlar cəlb edilir

Son illərdə Ermənistanın siyasi-ictimai çevrələrində qadınların hərbi xidmətə çağırılması ilə bağlı başlayan müzakirələr davam etməkdədir. Məlumdur ki, işğalçı ölkənin müdafiə naziri David Tonoyan bir neçə gün əvvəl ordunun tərkibində qadınlardan ibarət yeni diviziyanın yaradılması ilə bağlı göstəriş verib. Reallıq odur ki, qazanc məqsədi ilə Ermənistanı tərk edənlərin geri dönməməsi ölkədə doğum sayının kəskin azalmasına gətirib çıxarıb. Əhalinin azalması tendensiyası işğalçı ölkənin ordusunda qadınların xidmət keçməsini zərurətə çevirib və bunun üçün ordu strukturlarında dəyişikliklərin edilməsinə ehtiyac yaranıb.

İşğalçı ölkədə bu məsələ ilə bağlı aparılan “islahatlar”ın mədəni dünyanın tələbi olduğu bildirilsə də, əsas məqsəd Ermənistan ordusunda insan resursu ilə bağlı yaşanan problemi ört-basdır etməkdir. Heç kimə sirr deyil ki, Ermənistanda davam edən acınacaqlı sosial-iqtisadi vəziyyət kişilərin kütləvi surətdə ölkəni tərk etməsi ilə xarakterizə olunur və işğalçı ölkənin üzləşdiyi demoqrafik fəlakət, ordu strukturunu məhv edir. Erməni ordusunun xeyli hissəsinin Azərbaycanın işğal olunan ərazilərində yerləşdirildiyini nəzərə alsaq, deməli, qadınların orduya cəlb olunması işğalçılıq siyasətini davam etdirmək naminə atılan addımdır. 



Ermənistan müdafiə nazirinin qərarını “Şərq”ə şərh edən politoloq Sədrəddin Soltan deyib ki, ordu dövlətin güzgüsüdür və bu, Ermənistan Silahlı Qüvvələrində özünü göstərir. Onun sözlərinə görə, ölkənin iqtisadi, sosial, siyasi və miqrasiya sahələrindəki problemləri orduya təsirsiz ötüşmür:

“Ermənistan iqtisadiyyatına sərmayə qoyuluşu yox səviyyəsindədir. Bunun başlıca səbəbi ölkənin riskli olmasıdır. Azərbaycan torpaqlarını işğal altında saxlamaq onun iqtisadiyyatını da riskli edib. Qonşu dövlətin torpaqlarını işğal altında saxlaması İrəvana və havadarlarına ucuz başa gəlmir. Dağlıq Qarabağda və ətraf rayonlarda ölmək istəməyən Ermənistan vətəndaşları mühacirətə üstünlük verirlər. Ermənilərin xarici ölkəyə qaçması üçün viza saxtakarlıqlarına dair çoxsaylı faktlar var. Ermənistan vətəndaşları Avropa İttifaqı ölkələrində sığınacaq almaq üçün özlərini Azərbaycan “vətəndaşı” kimi belə təqdim etməkdən belə çəkinmirlər. Əhalinin sayının azalmasının bir səbəbi miqrasiyadırsa, digər səbəbi mövcud ağır vəziyyət üzündən gənc kişi və qadınların ailə qurmaq istəməməsidir. Ermənistanda sözün əsl mənasında kişi çatışmazlığı yaranıb. Bu ölkədə demoqrafik balansın yaranması üçün 60 min kişi çatmır. Erməni sosioloq Sovinar Arutyunyanın fikrincə, mühacirət edən kişilərin 80 faizi reproduktiv fəal yaşdadırlar. Rəsmi statistikaya əsasən, Ermənistanda əhalinin 46,5 faizini kişilər, 53,5 faizini isə qadınlar təşkil edir”.

Siyasi şərhçi vurğulayıb ki, qadınları adətən müharibə zamanı orduya cəlb edirlər:

“Dövlət sərhədlərini qorumağa maddi, mənəvi və siyasi mənalarda gücü çatmayan işğalçı dövlət qadınları orduya cəlb etməklə özünü Avropa dövlətlərinə oxşatmaq istəyir. Əslində isə Ermənistan hakimiyyətinin qadınları ordu sıralarına cəlb etməsi ölkədəki kişi qıtlığı ilə əlaqədardır. Azərbaycan torpaqlarını işğal altında saxlamaq üçün qonşu dövlətdə kişi çatmır. Yaxud da qadınları işğal altında Azərbaycan torpaqlarına göndərəcəklər. İşğalçı kimi Qarabağda yerləşdirilən erməni hərbçi qadınlar zərərsizləşdiriləndə isə dünyaya “Azərbaycan erməni qadınları öldürür” deyə hay salacaqlar. Mütəxəssislər bildirir ki, ordu sıralarına bu sayaq cəlb edilmə Ermənistanda qadınların başı üzərində ciddi təhlükədir. Qadınların orduya cəlb olunması ideyası Serj Sarkisyanın hakimiyyəti illərində irəli sürülsə də, özünü doğrultmayıb. Bunu cəmiyyətə “yenilik” olaraq sırımağa çalışan Nikol Paşinyan bununla diqqəti ölkə həyatı üçün vacib məsələlərdən yayındırmağa səy göstərir. Ermənistan cəmiyyəti isə Paşinyanın ifasında köhnəlmiş valdakı təkrarlanan mahnını dinləməyə məhkum edilib”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu