Obyekt sənindir, küçə yox: Sahibkarlar elə bilirlər ki, səki də onların mülkiyyətindədir - AKTUAL

Bakının Həsən Əliyev küçəsindəki otel sahiblərindən biri obyektin önündəki piyada səkisini və parkinqi zəncirlə kəsirlər. Nəticədə kənar şəxslər otelin qarşısındakı yerdə avtomobilini saxlaya bilmir. Bu hal həmçinin yol hərəkətinə də böyük maneələr törədir. Hadisə ilə bağlı sosial şəbəkələrdə ciddi narazılıqlar səsləndirilib.

Qeyd edək ki, şəhərin müxtəlif ərazilərində bir çox restoran, kafe və otel sahibləri oxşar davranışı sərgiləyir. Sahibkarlar sanki obyektlə birlikdə onun qarşısındakı yolu da satın alırlar. Onların piyada səkisini zəncirləməsi həm də yollarda tıxaclara səbəb olur.
 


Mais Ağayev: "BNA olaraq bir daha qeyd edirik ki, həm fiziki, həm də hüquqi şəxslər bu cür hallardan çəkinsinlər"


Hadisə ilə bağlı Sherg.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, otel sahibinin bu davranışı qətiyyən düzgün deyil.

BNA rəsmisinin sözlərinə görə, artıq bu məsələ ilə bağlı müvafiq cərimələr nəzərdə tutulub:

“Yol hərəkətinə maneə yaradan bu və digər halların olması qəbuledilməzdir. Belə məqamlara yol verən obyekt sahiblərinə qarşı İnzibati Xətalar Məcəlləsində konkret cərimələr müəyyənləşdirilib. Dəfələrlə səkilərin vəziyyəti ilə bağlı mətbuat konfransı keçirmişik. Konfrans zamanı da açıqlama vermişik ki, bu cür hallara şəhərimizin bir çox yerlərində rast gəlinməkdədir. Əksər obyekt sahibləri elə bilirlər ki, obyektlərinin yerləşdiyi küçədəki səki də onların mülkiyyətindədir. Beləliklə səkini, eyni zamanda yolun hərəkət hissəsini zəbt etməkdən çəkinmirlər. Zəbt etmək dedikdə, yolda müəyyən reklam lövhələrinin də yerləşməsini nəzərdə tuturam. Yaxud da həmin obyektdə gələn və o obyektlə əlaqəli olan nəqliyyat vasitələrinin rahat saxlanması üçün səkiyə xüsusi maneələr  qoyurlar. Nəticədə digər yol hərəkəti iştirakçıları həmin yerdən rahat keçə bilmirlər. Bu hal eyni zamanda yolun sıxlığına da səbəb olur”. 



M.Ağayev qeyd edib ki, yaxın zamanda BNA tərəfindən qanunvericiliyin tələbi ilə xüsusi tədbirlərin icrasına başlanacaq:

“BNA olaraq bir daha qeyd edirik ki, həm fiziki, həm də hüquqi şəxslər bu cür hallardan çəkinsinlər. Artıq müvafiq cərimələr də müəyyənləşib. Sahiblarlar belə qanunsuzluğa son qoymalıdır”.



Fərhad Eyyubov: "Bir sahibkar digərinə baxır və elə bilir ki, yaxşı haldır və belə də olmalıdır"


Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov bildirib ki, səkilərin zəncirlənməsi hərəkətin təhlükəsizliyi üçün maneə törətdiyindən belə halların qarşısı müvafiq orqanlar tərəfindən alınmalıdır:

“Hazırda Bakı şəhərində hərəkətin təhlükəsizliyi üçün müəyyən işlər görülür.  “2019-2023-cü illər Dövlət Proqramı”nda konkret olaraq yol elementləri, yolların kənarları, piyada səkiləri haqqında müvafiq göstərişlər qeyd olunub. Əlbəttə, yolların təhlükəsizliyi üçün mütləq şəhər daxilində piyada səkiləri, parkinq üçün müəyyən yerlər olmalıdır. Həmin hərəkət zolaqlarında hərəkətin təhlükəsizliyinə maneəçilik törədilirsə, dayanma və durma qadağandır nişanları yerləşdirilməlidir. Bəzi müəssisə və obyektlər öz rahatlıqları üçün müəyyən materiallardan istifadə edir ki, başqa nəqliyyat vasitələri dayanmasın. Digər nəqliyyat nəqliyyat vasitələrinin dayanmamasına razıyam, çünki həmin yerdə qadağa varsa, dayanmalı deyillər. Amma özləri piyada səkisini tuturlar və yollarda çətinlik yaradırlar. Ona görə də bu hal “Yol hərəkəti” qanunundan müəyyən maddələrdə təsbit olunur və cərimələr qeyd olunur. Fiziki və hüquqi şəxslər üçün ayrı-ayrılıqda məbləğlər müəyyənləşir”.



Ekspert söyləyib ki, hazırda yollarda bəzi məsələlərə Dövlət Yol Polisi, dayanma-durma qaydalarına isı BNA baxır. Ona gör də belə hallarla bağlı pərakəndəlik yaranıb:

“BNA-da yalnız dayanma-durma üçün müəyyən cərimələr nəzərdə tutulub. Amma təşkilati işlər, maarifləndirmə məsələləri, təyinat yerlərinin necə olması ilə konkret olaraq heç bir təşkilat məşğul olmur. Məsələn, “Azəravtoyol”un xüsusi nəzarət qrupu var. Onlar Bakı şəhəri üçün nəzarət etməlidir. Həmçinin nəzarəti DYP həyata keçirməli, ictimaiyyətin də müəyyən baxışı olmalıdır. Razıyam, elə yerlər var ki, onlar böyük təhlükə mənbəyidir, piyada keçidləri üçün şərait yoxdur, səkilər tamamilə tutulub. Hətta burada müəyyən əşyalar qoyurlar ki,  kimsə keçə bilməsin. Həmin əşyalar birmənalı şəkildə götürülməlidir. Hərəkətin təhlükəsizliyi tam təmin olunmalıdır. Yolun hərəkət hissəsi, piyada səkisi, dayanma-durma üçün əlavə yerlər, avtobuslar üçün xüsusi dayanacaq-bunların hamısı müvafiq olaraq öz təyinatı üzrə fəaliyyət göstərməlidir. Əlbəttə səkilərin zəncirlənməsi bəzi vaxt tıxaclara, müəyyən təhlükələrə səbəb olur. Qarşısını almaq üçün inzibati, ictimai və maarfilənmə metodları var. Bu metodlar nəzərə alınmalıdır. Məsələn ictimaiyyətdə belə hallar qınaq obyetki olmaldır. KİV-lər də bu məsələ işıqlanmalıdır. Bu zaman həmin sahibkarlar bir qədər çəkinəcəklər. Çünki bir sahibkar digərinə baxır və elə bilir ki, yaxşı haldır və belə də olmalıdır. O da obyektin önünü zəncirləyir və bu, kütləvi xarakter daşıyır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu