Partiyalar seçkidə maraqlıdır: Amma bələdiyyələrin səlahiyyətsizliyi... - RƏYLƏR

Ölkəmizdə bələdiyyə seçkiləri marafonu davam edir. Dekabrın 23-də səsvermə ilə yerli özünüidarəetmə orqanlarının yeni tərkibi seçiləcək. Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov YAP-ın növbəti bələdiyyə seçkilərinə ciddi hazırlaşdığını, öz namizədlərini müəyyənləşdirdiyini deyib. YAP eyni zamanda bələdiyyə seçkiləri ilə bağlı bütün partiyalara da müraciət edib:

“Yeni Azərbaycan Partiyası siyasi partiyaların demokratik fəaliyyət üsullarından uzaqlaşmasını, radikallaşmasını yolverilməz hesab edir və hər bir siyasi təşkilatı qanunlar çərçivəsində, hüquq müstəvisində fəaliyyət göstrməyə səsləyir. Ölkədəki demokratik mübarizə mühitinin, sağlam siyasi rəqabətin qorunub saxlanmasının alternativi yoxdur. Seçkilər dövründə hər bir partiya seçki kampaniyasına qatılmaqla həm demokratik dəyərlərin daha da möhkəmlənməsinə xidmət göstərir, həm də siyasi proqramını həyata keçirmək imkanı qazanır. Mən bütün siyasi partiyaları bələdiyyə seçkilərinə qatılmağa, sağlam əsasda siyasi rəqabət mübarizəsinə qoşulmağa çağırıram. Yeni Azərbaycan Partiyası artıq bu yarışa qoşulub və ciddi uğur qazanacağına şübhə yoxdur”.



Vasif Əfəndi: "Mən özüm ilk bələdiyyə seçkilərində Müsavat Partiyasının namizədi olaraq Sumqayıt şəhər bələdiyyəsinin üzvü seçilmişdim"


Vəhdət Partiyasının sədr müavini  Vasif Əfəndi Sherg.az-a açıqlamasında bildirib ki, YAP-ın siyasi partiyaları seçkilərdə aktiv olmağa çağırış etməsi təqdirəlayiq bir jestdir:

“23 dekabr bələdiyyə seçkilərində namizədlərin irəli sürülməsi prosesi davam edir. Bir neçə partiya seçkilərdə rəsmən iştirak barədə qərar versə də, özünü prosesdən kənar saxlayan qüvvələr də var. Bildiyimə görə artıq Müsavat Partiyası seçkilərdə iştirakdan imtina edib. Onu da qeyd edim ki, mən özüm ilk bələdiyyə seçkilərində Müsavat Partiyasının namizədi olaraq Sumqayıt şəhər bələdiyyəsinin üzvü seçilmişdim. 1999-cu ildə seçkiyə çox aktiv olaraq qatılmışdıq. Xatırlayıram ki, o zaman 117- məntəqədə partiyanın müşahidəçiləri və komissiya üzləri təyin olunmuşdu. Müsavatdan olan 19 nəfərlik namizədlər qrupunun da seçki məntəqələrində təmsilçiliyi təmin olunmuşdu. Təsəvvür edin ki, 19 namizədin hər məntəqədə bir nəfər müşahidəçisi var. Bu isə siyasi təşkilatların yerlərdə təbliğatı və sözünü demək üçün böyük imkanlar açırdı və biz imkandan maksimum yararlanırdıq. Nəticədə 6 partiyadan 7-si müxalifət olmaqla 19 nəfərlik bələdiyyə formalaşdı. Sumqayıt şəhərinin indiki İcra Hakimiyyəti Aparatının başçısı Zakir Fərəcov Sumqayıt bələdiyyəsinə rəhbərlik etdi. Həqiqətən də 1999-2004-cü illər Sumqayıt bələdiyyəsi Z.Fərəcovun rəhəbərliyi ilə çox effektiv və məhsuldar çalışaraq ölkədə ən nümunəvi bələdiyyə statusuna qalxdı. Təbii ki, Sədrin və bələdiyyə üzvlərinin çalışdıqları quruma verdiyi qiymətin nəticəsində bu nailiyyətlər əldə olunmuşdu”. 

V.Əfəndi hakim partiyadan belə bir təklifin gəlməsini prezidentin islahat siyasətinin davamı kimi qiymətləndirdiyini qeyd edib:

“Cəmiyyətdə neqativ halları üzə çıxaran və lazım gəldikdə onların həllini mədəni və sivil yollarla tələb edən müxalif qrupu mütləq olmalıdır. Bəzən özünü müxalifət adlandırıb YAP-dan artıq YAP-çı göstərməyə çalışan qüvvələr də olur. Belə qüvvələr əksinə dövlətin işinə yardım etmək əvəzinə, onu geriyə aparırlar. Prezidentin “ölkəyə sağlam müxalifət lazımdır” bəyanatı düzgün anlaşılmalıdır. Vəhdət Partiyasının Baş Məclisi seçkilərdə iştirak etmək barədə qərar qəbul edib. Mən özüm namizəd olaraq Sumqayıt bələdiyyəsinə seçkilərə qatılmışam. Partiya öz siyasətini mərkəzi mövqe olaraq ortaya qoyur. Biz hakimiyyətlə münasibətləri sözdə deyil əməldə konsruktiv əməkdaşlıq müstəvisində aparırıq. Ölkədə siyasi stabilliyi və aparılan islahatları tam dəstəkləyərək islahatlara davam deyirik”.



Əli Orucov: "Bələdiyyələr yerli hökümətlər kimi deyil, icra hakimiyyətlərinin tam nəzarətində olublar"


AMİP Siyasi Şurasının üzvü Əli Orucovun fikrincə, ölkədə bələdiyyə seçkilərinə start verilməsinə baxmayaraq seçki mühiti hiss olunmur:

“Nə cəmiyyət, nə də cəmiyyətin ayrılmaz tərkib hissəsi olan siyasi partiyalar bu seçkilərə həvəs və maraq göstərir. Bunun da əsas iki səbəbi var. Birincisi, seçki sistemindəki problemlərin qalmasıdır. İkincisi, bələdiyyələrin müstəqil yerli özünüidarəetmə institutu kimi özünü doğrultmasına imkan verilməyib. Pis-yaxşı bələdiyyələrlə bağlı müəyyən qanunvericilik bazası olsa da, bunun işləmə mexanizminə əngəl törədilib. Nəticədə bələdiyyələr yerli hökümətlər kimi deyil, icra hakimiyyətlərinin tam nəzarətində olublar. Yeni Azərbaycan Partiyası da mövcud situasiyanı və reallıqları çox gözəl bilir. Siyasi qüvvələr o zaman demokratik fəaliyyət üsullarından uzaqlaşırlar ki, belə fəaliyyət üçün şərait yoxdur".



Tural Abbaslı: "Bu məsələlər elə sadə bir çağırışla həll olunası deyil"


Ağ Partiyanın başqanı Tural Abbaslı da düşünür ki, bələdiyyə seçkiləri nə cəmiyyətdə, nə də siyasi arenada hansısa canlanmaya və ya diqqətə səbəb oldu:

“Bunun da müxtəlif səbəbləri var. Ən əsası insanlarımızın böyük əksəriyyətinin ümumiyyətlə seçki prosesinə etimad yoxdur və seçkilərin obyektivliyinə və şəffaflağına inam azdır". 

T.Abbaslı bildirib ki, Azərbaycanda bələdiyyə institutlarının səlahiyyətsizliklərini, cəmiyyət arasında və sosial-iqtisadi həyatda heç bir xüsusi çəkiyə, nüfuza sahib olmadığını nəzərə alsaq, bu seçkilərin son zamanların ən sönük və maraqsız seçkilər olacağını demək mümkündür:

“Hətta, məndə olan məlumatlara əsasən Yeni Azərbaycan Partiyası belə bu struktura namizəd tapmaqda əməlli çətinliklər yaşayır. Əli Əhmədovun müraciətinə gəldikdə isə deyə bilərəm ki, nəhayət iqtidarın hansısa nümayəndəsinin seçkilərin önəmindən, rəqabətliliyin vacibliyindən və siyasi proseslərin radikallaşmasının təhlükəsindən danışması ümumilikdə müsbət haldır. Ancaq, bu məsələlər elə sadə bir çağırışla həll olunası deyil. Əvvəla araşdırsınlar ki, niyə Azərbaycandakı siyasi partiyalar seçkilərə bu qədər soyuq yanaşırlar və burada iştirakda xüsusi maraqlı görünmürlər? Sonra bu, səbəbləri aradan qaldırmaq istiqamətində real, dərin və köklü addımlar atsınlar. Seçki qanunvericiliyini dəyişsinlər, MSK-nın tərkibini etimadlı tərkib halına salsınlar, bundan sonra partiyalara və seçicilərə aktivlik barədə çağırışlar etsinlər.  Şəxsən AĞ Partiya olaraq bizim üçün hazırkı seçki mühiti qəbuledilməz və bələdiyyə seçkiləri də maraqsızdır".

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu