İslahatlara maneə yaradan qurumlar: Orada mütləq kadr dəyişiklikləri olacaq

“Azərbaycanın inkişafına mane olmağa çalışan qüvvələr və amillər neytrallaşdırılacaq” 



“Gəncləşmə prosesi getməlidir və burada söhbət təkcə yaşda deyil, təfəkkürdə, işə yanaşmadadır”. Bunu Prezident İlham Əliyev Yevlax və Xaçmaz rayonlarının icra başçılarını qəbul edərkən deyib. Dövlət başçısı bildirib ki, indi Azərbaycanda gəncləşmə siyasəti aparılır. Bu təbiidir, nəsillər dəyişir və yeni təfəkkürlü insanlar irəli çəkilir:

“Biz bu prosesdən kənarda qala bilmərik. Ancaq onu da bildirməliyəm ki, bu, kampaniya xarakteri almamalıdır. Çünki mənə məlumat gəlir ki, bəziləri bunu kampaniyaya çevirmək istəyirlər və sınanmış, təcrübəli, bir qədər yaşlı insanlara qarşı bu kampaniyanı təşkil etmək istəyirlər. Mən buna yol verməyəcəyəm. Mən bilirəm kim nəyə qadirdir, kimin hansı xidmətləri olub əvvəlki dövrdə və bu gün. Ona görə Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır. Bunun sintezi sayəsində biz gözəl nəticələrə çata bilərik. Bir də ki, yaşlı nəsil öz təcrübəsini bölüşməlidir. Ona görə hər kəs bilsin ki, mən bu kampaniyaya yol verə bilmərəm. Müəyyən dərəcədə xidmət göstərmiş insanlar, əlbəttə ki, dövlət tərəfindən də qiymətləndirilir və biz kampaniyaya yol verməyəcəyik”.



Dövlət başçısının diqqət çəkdiyi məqamı “Şərq”ə dəyərləndirən millət vəkili Azər Badamov deyib ki, əfsuslar olsun ki, cənab Prezidentin islahatlarına qara yaxmaq istəyən, fürsətdən yararlanan şəxslər mövcuddur. Lakin onlar bilməlidirlər ki, ölkə başçısının apardığı kadr islahatları dövlət-idarəetmə strukturunun birbaşa gəncləşdirilməsi xarakteri daşımır:

“Harada iş gələcəyin çağırışlarına uyğun təşkil olunub, ölkə iqtisadiyyatının sürətli inkişafına xidmət edir və işləyənlərin təfəkkürü və düşüncələri günün tələblərinə uyğun gəlir, orada kadr dəyişikliyinə ehtiyac duyulmur. Ancaq ölkə başçısının apardığı islahatları ləngidən və maneçilik törədən qurumlarda mütləq kadr dəyişiklikləri olacaq. Məqsəd dinamizmi artırmaq, korrupsiyanı minimuma endirmək, şəffaf iqtisadiyyat qurmaq və vətəndaş məmnunluğunu təmin etməkdir. Cənab Prezidentin qeyd etdiyi kimi islahatların alternativi yoxdur. Azərbaycanın inkişafına mane olan bütün neqativ qüvvələr və amillər tamamilə neytrallaşdırılacaq”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu