Jurnalistlər daha məsuliyyətli davranmalıdır - RƏYLƏR

Prezident xüsusən tənqidi medianın ayaqda durmasında maraqlıdır



Prezident İlham Əliyev vəzifəyə yeni təyin olunan gənc icra başçılarını qəbul edərkən yenidən Azərbaycan mətbuatının önəmindən danışıb. Dövlət başçısı vurğulayıb ki, bir çox hallarda müxtəlif problemlərin üstünü ört-basdır etməyə səy göstərirlər. Ancaq mətbuat orqanlarının operativ və obyektiv fəaliyyəti, araşdırması nəticəsində həmin problemləri gün üzünə çıxarmaq mümkün olur. Ölkə rəhbəri bu məsələyə xüsusi diqqət yetirərək mətbuatı özünün köməkçisi adlandırıb: “Bir çox hallarda rayonlardan gələn məlumat belədir ki, hər şey əladır, hər şey yaxşıdır, biz burada bütün işləri ən yüksək səviyyədə qururuq. Amma dərindən baxanda görürsən belə deyil, bəzi icra başçıları tərəfindən yalan məlumatlar ötürülür. Özlərini göstərmək, yaxud da ki, nöqsanlarını ört-basdır etmək üçün yalan raportlar verilir, rayonların inkişafı ilə bağlı, mövcud problemlərlə bağlı həqiqəti əks etdirməyən məlumatlar verilir”. Prezident qeyd edib ki, problemləri xalqın dilindən eşitmək məqsədilə rayonlara tez-tez gedir:

“Biz bu problemləri həll etməliyik. Əgər kimsə problemləri malalamaq istəyirsə, səhv yoldadır. Sizə də tapşırıram, hər bir ölkədə problem var, biz o problemləri ört-basdır etməməliyik. Əksinə, üzə çıxarmalıyıq. O cümlədən mən media nümayəndələrinə də dəfələrlə müraciət etmişəm, demişəm ki, siz mənim köməkçilərimsiniz. Bəzi hallarda mən dözülməz vəziyyətlə bağlı mediadan xəbər tuturam. Bax, son hadisəni demək istəyirəm ki, Şamaxı rayonunda zəlzələ olub, oraya böyük vəsait ayrılıb. Mən oraya getmişəm, yeni tikilmiş evlərin açarlarını vətəndaşlara təqdim etmişəm. Ancaq o günləri televizorda baxıram ki, məktəb binasının yarısı uçub, çatlar var, uşaqlar qorxudan orada otura bilmirlər. Bəs yaxşı, bunun üstündən səkkiz ay keçib, bunu etmək mümkün deyilmi? Vəsait ayrılıb, göstəriş verilib, bir çox evlər tikilib, bu məktəb belə yararsız vəziyyətdə ola-ola bununla necə barışmaq olar? İndi əgər mediada, televizorda bu reportaj getməsəydi, mən bilməyəcəkdim. Mən bilən kimi dərhal göstəriş verdim. İndi orada işlər başlayacaq və o məktəb binası ya sökülüb yenidən tikiləcək, ya da ki, əsaslı təmir olunacaq. Ona görə ictimai nəzarət olmalıdır. Siz də bundan qorxmamalısınız, əksinə, ictimaiyyət sizə dəstək verməlidir”.



Dövlət başçısının Azərbaycan mətbuatı barədə ifadələrini dəyərləndirən millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Prezident yeni təyin etdiyi şəxslərə yerlərdəki mövcud problemlərin gizlədilməsinin yolverilməz olduğunu söyləyib:

“Şamaxı rayonundakı zəlzələdən sonra bərpasına vəsait ayrılmış məktəb binasının vəziyyətinin dözülməzliyi barədə medianın məlumat yaydığını diqqətə çatdıran dövlət başçısı əslində xəbərdar etdi ki, hansısa formada üzə çıxarılması əngəllənən məsələləri media onsuz da işıqlandıracaq. Prezidentin fikirləri onun medianın cəmiyyətdəki roluna, jurnalistikanın ictimai nəzarət funksiyasının dövlət idarəçiliyindəki mövqeyinə verdiyi yüksək dəyərin, həssas münasibətin növbəti bariz nümunəsidir. Dövlət başçısı çıxışında yeni təfəkkürlü gənclərin yüksək vəzifələrə önə çəkilməsini gəncləşmə siyasəti və nəsillərin dəyişməsi kontekstində izah edir. O, dövlət idarəçiliyində gənc və yaşlı nəslin vəhdətinin vacibliyini önə çəkir. Ən əsası isə cənab Prezident məsələnin sırf kampaniya xarakteri üzərində qurulan və son günlər mediaya yansımaqda olan tərəflərinə böyük ustalıqla aydınlıq gətirir: “Bu, təbiidir, nəsillər dəyişir, yeni təfəkkürlü insanlar irəli çəkilir. Bu, təbii prosesdir və biz bu prosesdən kənarda qala bilmərik. Ancaq onu da bildirməliyəm ki, bu, kampaniya xarakteri almamalıdır. Çünki mənə məlumat gəlir ki, bəziləri bunu kampaniyaya çevirmək istəyirlər və sınanmış, təcrübəli, bir qədər yaşlı insanlara qarşı bu kampaniyanı təşkil etmək istəyirlər...”. Prezident İlham Əliyev belə xoşagəlməzliklərin baş verməməsinin təminatçısıdır. Ölkədə hər kəsi hamıdan yaxşı tanıdığını, kimin nəyə qadir olduğundan, hansı xidmətlər göstərdiyindən xəbərdarlığını xüsusi vurğulayan dövlət başçısının sözlərindən hər kəs nəticə çıxarmalıdır. Çünki onun “kampaniyaçılara” mesajı kifayət qədər sərtdir”. 



Mətbuat Şurası İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də açıqlamasında bildirib ki, Prezidentin media ilə bağlı bu cür fikirləri dəfələrlə gündəmə gəlib.

Ekspertin sözlərinə görə, dövlət başçısı milli mətbuatın yaranmasının ildönümlərində daim media nümayəndələri ilə görüş keçirir və öz tövsiyələrini verir: “Həmin görüşlərdə ölkə rəhbəri Azərbaycan mətbuatını şəxsən izlədiyini vurğulayır. Ona görə də tövsiyə edir ki, media problemlərin işıqlandırılması ilə bağlı cəsarətli olsun, heç nəyin gizli qalmasına imkan verməsin. Prezident  bir sıra problemlərin həllində ölkə mətbuatının ona yardımçı olduğunu bəyan edir. Dövlət başçısı bildirir ki, media hadisələri işıqlandırmaq və məlumat çatdırmaqla bərabər həm də ictimai nəzarət funksiyasını həyata keçirməlidir. Bu məsələ son günlər daha çox aktuallıq kəsb edir”. 

Y.Məmmədlinin sözlərinə görə, ölkə rəhbərliyi islahatlar keçirdiyi bir dönəmdə medianın bu məsələdə daha avanqard və aktiv mövqe tutmasını istəyir:

“Çox yaxşı haldır ki, cənab Prezident belə hallarda mətbuata istinad edir və medianın gücünə inandığını vurğulayır. Bilirsiz ki, bəzi məqamlarda media nümayəndələri dövlət qurumlarından informasiya əldə edə bilmirlər. Dövlət başçısının diqqət çəkdiyi məsələ bu baxımdan da xüsusi əhəmiyyət kəsb edir. Cəmiyyətin inkişafına mühüm töhfə verən strukturlardan biri mediadır. Medianın bu məsələdə təsirli və güclü olması bütövlükdə hamımızın xeyrinədir və dövlətimizin inkişafına təkan verən addımdır”. 



Millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu da bəyan edib ki, Azərbaycan mətbuatı üçün böyük bir şərəfdir ki, Prezident İlham Əliyev milli mətbuatı özünün köməkçisi adlandırır:

“Dövlət başçısı vurğuladı ki, o, bir sıra məlumatları mediadan alır. Bu ifadələr Azərbaycan mətbuatının ictimai nüfuzu və onun etibarlı mənbə olması baxımından çox mühümdür. Ölkə mediası buna layiq olmağı bacarmalıdır. Hazırkı postmodernist informasiya cəmiyyətlərində mətbuat multi-funksional bir alətə çevrilib. Mətbuatın məlumatı istehsal etmə, ötürmə və cəmiyyəti nəyəsə cəlb etmək funksiyaları var. Müasir dövrdə medianın yeni funksiyaları da meydana çıxıb. Onlardan biri də ictimai nəzarət funksiyasıdır. İndiki zamanda bu funksiya daha çox əhəmiyyət kəsb edir. Çünki mətbuat total şəkildə cəmiyyətdə gedən prosesləri izləmək qabiliyyətinə malikdir. Nəzərə almaq lazımdır ki, media artıq klassik məzmundakı mətbuat deyil. Sosial media deyilən bir anlayış da ortaya çıxıb. Bu mediada iştirakçıların sayı kifayət qədər çoxdur. Düşünürəm ki, bu qədər güc varsa və bu güc öz fəaliyyətini pozitiv istiqamətdə qurarsa, neqativlərin üstünü açaraq ictimaiyyətə təqdim edərsə, ən mühümü isə Prezidentin diqqətinə çatdırmağı bacararsa, ölkədə gizli məsələ və problem qalmaz”.

Baş redaktorun sözlərinə görə, dövlət başçısı öz ifadələri ilə mətbuatımızın inkişafını yüksək qiymətləndirdi:

“Prezident mətbuata etibar və etimad göstərdiyini ifadə etmiş oldu. Həm də Azərbaycan mediasının üzərinə böyük məsuliyyət və vəzifələr qoydu. Əgər Prezident bizi köməkçisi kimi görürsə, biz buna nail olmalıyıq. Dövlət başçısının islahatlarının hazırkı mərhələsində umduqlarını biz ona verməliyik. Bu, bizim missiyamıza çevrilməlidir, ən başlıca vəzifəmiz olmalıdır”.



Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət də bildirib ki, cənab Prezident hər zaman aktivliyi ilə seçilib, ancaq son zamanlar onun super aktivliyi nəzərə çarpır:

“Mən bir jurnalist, təhlilçi olaraq onun atdığı pozitiv addımları çatdırıb şərh edə bilmirəm. Təəccüb edirəm ki, biz bunu dəyərləndirməyə vaxt tapa bilmiriksə, Prezident bu həcmdə işlərin öhdəsindən necə gəlir? Xüsusən də onun media ilə bağlı fikrini bu şəkildə açıq ifadə etməsi bizi sevindirir. Çünki biz onunla görüşlər zamanı etdiyimiz söhbətlərdə də deyib ki, bir çox məlumatı mediadan alır. Daim bildirib ki, məmurlar ondan nəyisə gizlətməyə çalışırlar. Prezident alternativ informasiya kanalı kimi mətbuatı özünə yaxın və dost sayır. Gənc kadrlarla görüşü zamanı bunu bir daha vurğulaması bizə bir daha əminlik verir ki, Prezident xüsusən də tənqidçi medianın ayaqda durmasında maraqlıdır. Bəzən xaricdən deyirlər ki, hakimiyyət tənqidi medianı boğur. Ancaq biz bunun tam tərsini görürük. Prezidentin gənc icra başçılarını qəbul edərkən səsləndirdiyi fikirlər elə həmin hədyanları yağdıranlara ən gözəl cavabdır. Bu hal, eyni zamanda, jurnalistlərin məsuliyyətini artırır. İstər-istəməz, bundan sonra daha məsuliyyətli davranmalıyıq. Çünki Prezident bizə güvənirsə, ölkədə problemlərin həllində bizə etimad göstərirsə, biz də daha dəqiq olmalıyıq. Nəzərə almalıyıq ki, jurnalistlər bu sürətli islahatlar prosesində daim dövlətin yanında olmalıdırlar”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu