Heç bir fayda vermir: Qiyabi təhsil sistemi distant təhsillə əvəz olunmalıdır

 “Avropanın qabaqcıl ölkələri ilə rəqabət apara bilmək üçün distant təhsilə keçilməsi vacibdir” 



Müəllim və tələbənin eyni məkanda olma məcburiyyətini ortadan qaldıran sistem distant təhsil sistemidir. Məsafəli təhsil tələbə ilə müəllimin fiziki olaraq eyni mühitdə olmamasını təşkil edən texnologiyadır. Bu sistem təhsil texnologiyası tərəfindən araşdırılan bir fenomendir və bu sahədə təhsil elminə verdiyi ən böyük töhfədir.

Bir çox tələbə işin çoxluğu, ailə öhdəlikləri, fiziki əlillik və ya digər təzyiqlər səbəbindən ali təhsil ocaqlarına üz tutmaq, yaxud beynəlxalq təhsil üçün xaricə getmək imkanına malik deyil. Distant təhsil bütün bu mümkünsüzlüklərin üstündən xətt çəkir və bir çox gəncin elm yolunu açır. 



Distant təhsilin önəmi ilə bağlı “Şərq”ə danışan təhsil eksperti Kamran Əsədov deyib ki, Azərbaycanda distant təhsilin rəsmi yaranma tarixi 2009-cu il hesab olunur. Onun sözlərinə görə, “Təhsil haqqında” Qanunun 13-cü maddəsinə əsasən Azərbaycanda təhsil almanın 4 forması mövcuddur.

Onlar əyani, qiyabi, distant və sərbəst təhsil formalarıdır: “Bu sistemdən istifadə etmək istəyən tələbələrə faks, poçt və ya e-poçt kimi üsullarla müəllim tərəfindən hazırlanan dərslə əlaqədar tapşırıq mövzuları göndərilir. Materiallar peyk, video, audio qrafik, kompüter, multimedia texnologiyası kimi elektron vasitələrin köməyi ilə uzaqdakı şagirdlərə çatdırılır. İndiki vaxtda kolleclər, universitetlər, təhsil agentləri Distant Təhsilə böyük önəm verirlər. Məsafəli təhsil proqramları hər hansı təhsil təşkilatına qeydiyyatı olmayan kəslərə də təhsil imkanı təmin edir. Məsafəli təhsil proqramının bir başqa istiqaməti də mövcud qaynaqlardan kifayət qədər faydalanması və inkişaf edən texnologiyanı yaxından təqib etmək məcburiyyətində olmasıdır. İşinizi boş buraxmadan, olduğunuz yerdən ayrılmadan və ya müəyyən bir gəlir itkisi olmadan müəyyən bir sahədə təhsil almaq istəyənlər üçün uzaqdan təhsil proqramı yaxşı bir fürsətdir. Burada tələbənin sərbəst öyrənmə prinsipi də var. Təhsil sahəsi elə qurulub ki, tələbə müəllimdən vaxt və ya məsafə ilə ayrılsa da, onlar istədiyi vaxt telekommunikasiya vasitələri ilə əlaqə saxlaya bilərlər”. 

Ekspertin sözlərinə görə, uzun müddətdir Azərbaycanda da distant təhsil sisteminə keçilməsi ilə bağlı mübahisələr davam edir:

“Distant təhsil sisteminin ölkəmiz üçün nə dərəcədə uğurlu olacağını isə zaman göstərəcək. İllərdir, Azərbaycanda mövcud olan qiyabi təhsil sisteminin ləğv olunması və distant təhsillə əvəzlənməsi məsələsi müzakirə olunur. Çünki qiyabi təhsil artıq öz faydasını vermir və Avropanın qabaqcıl ölkələri ilə rəqabət apara bilmək üçün distant təhsilə keçilməsi vacibdir”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu