Azər Paşa Nemətov: "Bütün ölkə Elza Seyidcahana gülür, o da bizdən səhv tutur?"

 "Məsləhət edərdim, bir az da inkişaf etsin, ciddi sənətlə, yaradıcılıqla məşğul olsun" 



"Robert Sturuanı  tanımır, qoca-qoca teatra ağıl  öyrətmək  istəyir. Bu qədər, mənə elə gəlir ona cavab yetərlidir"




Əməkdar artist Elza Seyidcahan Akademik Milli Dram Teatrının rəsmi status almasının 100 illiyi ilə bağlı keçirilən tədbirdə direktor Azər Paşa Nemətova sərt şəkildə etirazını bildirib. Bəstəkar-müğənni mərasimi tərk edərkən jurnalistlərlə söhbətində iradını dilə gətirib. Bu barədə «Şərq»ə açıqlama verən Əməkdar artist Azər Paşa Nemətovun teatr aləmi üçün bu gün maraqsız və lazımsız bir adam olduğunu da vurğulayıb:

“Gileylənməyi xoşlamıram. Sadəcə, teatrın 100 illik mərasimindən çıxarkən jurnalistlər üstümə gəldilər, mən də düşündüklərimi söylədim. Çünki yubileydən narazı çıxmışdım. Buna haqqım çatır. Mən teatra bağlı bir sənətkar olduğumu düşünürəm. Əgər teatra bağlılığım olmasaydı, məni ora dəvət etməzdilər. Sadəcə dəvət etmisizsə, mənim haqqımı da yeməyin. Mən özümə, yaradıcılığıma qarşı bir haqsızlıqla üzləşdim. Bu məni təsirləndirdi. Sən başqa ölkələrdən gələnlərə söz verirsən, mənə söz vermirsən, niyə? Mən teatr üçün himn yazan bəstəkaram. Niyə orda «Oskar» mükafatı üçün yazılan musiqi səslənməli idi. Bizim öz musiqimizə nə gəlmişdi. Mən teatr üçün elə bir bəstə yazmışam ki, o himndir, niyə o musiqidən istifadə etmədiz. Sonra deyirlər ciddi bəstələr yoxdur. Niyə yoxdur ki? Siz öz bəstələrimizə önəm verməyəndə əlbəttə ciddi yaradıcılıq görünməyəcək.  Mərasim üçün teatrla bağlı ən böyük işim Vahid Əzizin sözlərinə yazdığım himndir. Bu himni bilməyən aktyor yoxdur. Adətən, əlamətdar günlərdə bu himn oxunur, hətta bunu məndən tələb edirlər. O tədbirdən çıxanda da aktyorlar dedilər ki, biz o mahnını, himni gözləyirdik. Sanki günahkar mən idim. Dedim ki, bu, mənim səlahiyyətimdə deyil. Mən də məyus oldum. Sanki ora teatrın yox, Azər Paşa Nemətovun yubileyinə gəlmişdik. Bilirsiz, teatr ciddi bir sənətdir, Azər Paşa Nemətovun təşkil etdiyi tədbir isə uşaq ad günlərini, "parti"ləri xatırlatdı. Tədbirin sonunda karnaval k‫imi şar, fişəng partlatmaq əvəzinə aktyorların himnini vermək daha yaxşı olmazdı ki? Sənəti qoyaq bir kənara. Azərbaycan kişisinə qadına diqqət göstərmək yaraşır. Mən bu yaşımda həm anayam, həm nənəyəm, ailə saxlayıram. Ancaq buna baxmayaraq, bəzən balalarımın boğazından kəsib, sənət əsərləri yaratmağa çalışıram. Amaliya Pənahova sağlığında dedi ki, biz aktyorları çox sevirik, amma Elza bu əsəriylə bizə sevgisini bir daha sübut etdi. Yəni aktyorları belə sevərlər. O da, Məleykə Əsədova da bu əsəri oxumaq istəyirdi. Bu mahnı 15 ildən artıq keçsə də, sanki bu gün yazılıb”.

Elza Seyidcahan Ədil İsgəndərovun adını anaraq  bildirib ki, “Azdrama”nın Ədil İsgəndərov, Ələsgər Ələkbərov, müasir dövrümüzdə Fuad Poladov kimi nəhəngləri olub:

"Amma Azər Paşa Nemətov ruhsuz, teatra biganə biridir. Mən bunu bütün məsuliyyətimlə deyirəm. O, nə aktyorları, nə də teatrı sevir».

Elza Seyidcahan Azər Paşa Nemətovun içki düşkünlüyünə olan eyhamına da aydınlıq gətirdi: «Mən yalandan söz danışacaq qədər zəif xarakterli bir insan deyiləm. Sadəcə cəsarətim var, açıq danışanam. Çoxları görüb susa bilər, mən susmadım. Ora bir gürcü aktyor gəlmişdi, buna çaxır gətirmişdi. Çaxırı görən kimi tez qabağa hoppandı. O qədər çaxır içib ki, qarnı burnuna dəyir. Çaxır üçün tez  qabağa gəlir. Bütün aktyorlar da çıxanda ona lənət oxudular. Biz Azər Paşanın yubileyinə gəlmişdikmi? Amma hiss edirəm ki, aktyorlar da ondan qorxurlar. Aktyor direktordan qorxursa, o, səhnədə heç nə yarada bilməz. Aktyor yaradıcı insandır, sərbəst olmalıdır, rahat şəkildə fikrini ifadə etməyi bacarmalıdır. Lakin gördüm ki, aktyorlar ondan necə çəkinirlər. Aktyor ki, teatr mühitində kimdənsə çəkindi, qorxdu, orda yaradıcılıqdan söhbət gedə bilməz. Səhnəyə çıxan aktyorun çəkindiyi kimsə varsa, o zatən səhnəyə iflic çıxmış vəziyyətdə olur. Azər Paşa Nemətov Akademik Dram Teatrının aktyorlarını mənən iflic edib”.

Qarşı tərəfin də mövqeyini öyrənməyə çalışdıq. Elza Seyidcahanın ittihamlarına cavab almaq üçün Azər Paşa  Nemətovla əlaqə yaratmağa çalışdıq. Elza Seyidcahan barədə danışmağa lüzum görmədiyini qeyd edən Azər Paşa Nemətov «Mən o xanım haqqında danışmaq istəmirəm.

Teatra aidiyyəti olmayan bir insanın fikirlərinə cavab vermək istəmirəm. Elza Seyidcahanın dedikləri qeyri-ciddi və əsassızdı. Ona görə də bu barədə geniş daşımağa lüzum görmürəm. 100 illik yubiley bizim mədəniyyət tariximizin hadisəsidir, özünü sənətçi sayan kəs  xırda hisslərlə yaşayıb böyük işlərə kölgə sala bilməz.  Özü də qeyri-etik və  yaraşmayan tərzdə. Bütün ölkə Elza Seyidcahana gülür, o da bizdə səhv tutur? Məsləhət edərdim, bir az da inkişaf etsin, ciddi sənətlə, yaradıcılıqla məşğul olsun. "Azdrama"dakı tamaşalara musiqi yazmağına gəlincə, üzərində çalışsın, tamaşalara musiqi yazmaq məsələsinə isə baxarıq. Robert Sturuanı  tanımır, qoca-qoca teatra ağıl  öyrətmək  istəyir. Bu qədər, mənə elə gəlir ona cavab yetərlidir».

Paylaş

Bizi Facebookda izləyin
Tahirə Məmmədqızı Yazarın yazıları
menu
menu