Elə adam var ki, köhnə maşını ilə ailə saxlayır: Gəlirləri də nəzərə almaq lazımdır

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, nəqliyyat sektorunda hazırda istismar olunan 1 milyon 402 mindən artıq nəqliyyat vasitəsindən 35 faizinin istehsal tarixi 10 ildən, 23 faizinin istehsal tarixi 20 ildən, 19,1 faizinin istehsal tarixi isə 30 ildən yuxarıdır: “2016-cı illə müqayisədə 2018-ci ildə avtomobil idxalı 5 dəfədən çox artıb. Nəqliyyat sektorundan atmosferə zərərli təsirlərin azaldılması üçün ölkənin avtomobil parkının yenilənməsi, habelə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsini təşviq edən müxtəlif vergi, gömrük güzəştləri, subsidiyaların tətbiq edilməsi səmərəli ola bilər. Ölkədə ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnəlmiş, texniki təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanır".

Belə görünür ki, köhnə avtomobillərin istifadəsinə yaxın zamanda qadağa qoyulacaq. Əslində, bu, yenilik hesab edilməz. «Yol hərəkəti haqqında» qanunda göstərilir ki, istismar müddəti başa çatan nəqliyyat vasitəsi yol hərəkətində istismar edilə bilməz. Ölkədə təxminən 30-35 faiz təşkil edən MDB və Rusiya istehsalı olan “sovet” avtomobilləri qrafikə uyğun texniki baxışdan keçməlidir. Dövlət Yol Polisi bunu sürücülərdən tələb edir, qanuna riayət etməyənlər isə cərimə olunurlar.  

Görəsən, yalnız istismar müddətini başa vurmuş şəxsi avtomobillərin istifadəsinə qadağa qoyulacaq, yoxsa, köhnə, sınıq-salxaq avtobuslar da xətlərdən çıxarılacaq?



"Məncə, köhnə avtomobillər şəhərin ümumi görünüşünə xələl gətirəcək dərəcədə çox deyil"


Məsələyə münasibət bildirən "Bələdiyyələrin Fəaliyyətinin Təbliği" İctimai Birliyinin sədri Vüqar Tofiqli “Şərq”ə açıqlamasında qeyd edib ki, sükan arxasına keçən istənilən şəxs idarə etdiyi avtomobilin saz vəziyyətdə olmasına diqqət etməlidir: 

"İlk növbədə bu, təhlükəsizlik baxımından vacibdir. Nasaz vəziyyətdə olan avtomobil həm sürücü, həm digər avtomobillər, həm də piyadalar üçün real təhlükədir. Nə qədər belə hadisələrin şahidi oluruq ki, avtomobilin əyləc sistemi yaxşı işləmir, təkərləri yeyilmiş olur, yaxud işıqlandırma sistemində problem var deyə, yol-nəqliyyat qəzaları baş verir. Dəxli yoxdur, köhnə avtomobildir, yoxsa, yeni model. Elə köhnə avtomobillər var ki, yenilərdən qat-qat saz vəziyyətdədirlər. Sadəcə, sürücü idarə etdiyi avtomobili saz vəziyyətdə saxlamalıdır. Özünü də qorumalıdır, ətrafdakıları da. Xüsusilə ictimai nəqliyyatda xidmətə cəlb edilən  avtobusların istismar müddətinə, texniki vəziyyətinə baxmaq lazımdır ki, yararsız avtobuslar xəttə buraxılmasın.  

Köhnə avtomobillərə gəlincə, hesab edirəm ki, bu elə də ciddi məsələ deyil. Köhnə avtomobillər paytaxtda çoxluq təşkil etmir. Köhnə avtomobillərdən daha çox rayon, kənd yerlərində istifadə olunur, o da, əsasən yük daşımaq məqsədilə. Paytaxtda da köhnə avtomobillərdən, daha çox yük taksisi kimi istifadə edirlər. Sovet «jiquli»lərinə hobbi kimi yanaşanlar da var. Elə adam var, əli-ayağı «Jiquli»yə öyrəşib. Məncə, köhnə avtomobillər şəhərin ümumi görünüşünə xələl gətirəcək dərəcədə çox deyil. Qaldı ki, ümumiyyətlə, bu problemin həllinə, məsələn, xarici ölkələrdə köhnə avtomobillərin əvəzinə yenilərinin verilməsi təcrübəsi var. Bu təcrübə avtomobil istehsalçısı olan ölkələrdə daha çox yayğındır. Məsələn, Rusiyada bu təcrübədən istifadə olunur. Avtomobil zavodları yeni istehsal etdikləri avtomobilləri əhaliyə ucuz qiymətə, sərfəli lizinq şərtləri ilə satırlar, köhnələri isə alırlar. Doğrudur, köhnə avtomobillər, görüntü hələ bir yana qalsın, ekologiyaya ziyan vururlar. Gərək həmin avtomobillərin texniki baxışdan keçirilməsinə icazə verilməsin. Amma bunlar zaman-zaman həll olunası məsələlərdir. Əhalinin aztəminatlı hissəsini, gəlirləri də nəzərə almaq lazımdır. Elə adam var, köhnə maşını ilə ailə üçün gəlir əldə edir. Yəni, məcburi şəkildə bunu etmək olmaz. Sadəcə, sərfəli şərtlər irəli sürülə bilər. O da ki, dövlət büdcəsi imkan verdiyi halda. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu