"Fond pulu" yığanı yox, yığdıranı cəzalandırmaq lazımdır: Sinif rəhbəri sadəcə icraçıdır

Bakı şəhəri 193 saylı orta məktəbdə “fond pul”u yığan müəllimə və direktor müavininə töhmət verilib. Şagirdlərdən vəsait toplanmasına dair daxil olmuş müraciət əsasında Təhsil Nazirliyi tərəfindən araşdırma aparılıb.

Araşdırma zamanı müəyyən olunub ki, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elnarə Qasımova tərəfindən məktəbdə nəzarətin zəif təşkil edilməsi, zəruri qabaqlayıcı və maarifləndirici tədbirlərin görülməməsi səbəbindən 8 c sinif rəhbəri, Azərbaycan dili və ədəbiyyat müəllimi Toyzu Mustafayeva peşə fəaliyyətini yerinə yetirərkən qaydaları pozub, “fond pulu” adı ilə sinif şagirdlərinin valideynlərinin hər birindən ayrı-ayrılıqda 20 manat pul tələb edib.

Araşdırmanın nəticəsinə əsasən, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elnarə Qasımovaya töhmət, Azərbaycan dili və ədəbiyyat müəllimi Toyzu Mustafayevaya isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.



Ekspert: "Bəzən elə hallar olur ki, lazım olan miqdarda pulu yığa bilmədiyi üçün direktor sinif rəhbərlərini məcbur edirlər ki, “gətirin maaşınızı ortaya qoyun" 


Hadisəni dəyərlənirən təhsil üzrə mütəxəssis Nabatəli Qulamoğlu Sherg.az-a söyləyib ki, məktəbdə “fond pulu” və yaxud müxtəlif adlarla yığılan pulların miqyası azalmayıb, əksinə belə hallar bir az da çoxalıb:

Ekaspertin qənaətincə, 193 saylı məktəbdəki hadisə əslində cinayət hesab olunur:

“Çünki rüşvət almaq cinayətdir. Cinayətin sifarişçisini bir kənara qoyurlar, amma onun icraçısına iş verirlər. Məlumdur ki, sifarişçi məktəb direktoru, təhsil  şöbəsinin müdiri, icra hakimiyyətinin başçısıdır. Bu pullar yığılaraq bir istiqamət üzrə qeyd etdiyim şəxslərə gedir. Amma cəzanı alan şəxs sinif rəhbəridir. Tam məsuliyyətlə deyirəm ki, sinif rəhbərinin bu işdə o qədər də böyük günahı yoxdur, onlara qalan qəpik-quruşdur. Bəzən elə hallar olur ki, lazım olan miqdarda pulu yığa bilmədiyi üçün direktor sinif rəhbərlərini məcbur edirlər ki, “gətirin maaşınızı ortaya qoyun”. Şəxsən mən orta məktəbdə işlədiyim zamanlar belə hallarla rastlaşmışam”. 



"Müəllimlərə töhmət verilməsi heç də rüşvətin qarşısını almayacaq"


Ekspert hesab edir ki, hadisədə birbaşa məsuliyyət daşıyan şəxs məktəbin direktorudur:

“Direktor  icra başçısına tabedir. Ona görə də Təhsil Nazirliyi icra başçısını cəzalandırmağa ehtiyat edir. Bir qayda olaraq dəfələrlə belə hadisə ilə qarşılaşmışıq. Yalnız o direktoru işdən çıxarırlar ki, artıq onun cinayəti tam ictimailəşir. Bu zaman Təhsil Nazirliyi yaxud Bakı şəhər Təhsil İdarəsi səs-küy qaldırır ki, “filan direktor cəzalandırılmalıdır”. Sinif rəhbərinin cəzalanmasını əsassız hesab edirəm. Çünki müəllimlərə töhmət verilməsi heç də rüşvətin qarşısını almayacaq. Onun yerinə başqa sinif rəhbərini gətirəcəklər və o da eyni fəaliyyəti göstərəcək. Əsas bu işdə əli olan şəxslər cəzalanmalıdır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu