Bu universitetdə əməkhaqları artırıldı

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Elmi Şurasının iclasında əməkhaqlarının yüksəldilməsi məsələsi müzakirə olunub.

Universitetdən bildirilib ki, ADMİU-nun rektoru, professor Ceyran Mahmudova son illərdə Azərbaycanda əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində böyük işlər görüldüyünü söyləyib. O bildirib ki, dövlət başçısının sərəncamları ölkədə iqtisadi vəziyyətin yaxşılaşdırılmasına böyük təsir göstərib. Sevindirici haldır ki, ölkə miqyasında gedən iqtisadi islahatlar elm və təhsil sahələrində də böyük canlanma yaranmasına və bu sahədə çalışan insanların maddi rifahının yaxşılaşmasına əhəmiyyətli dərəcədə təsir göstərib. Sosial islahatlar paketində təhsil sahəsinin də mühüm yer tutması dövlətin bu sahəni fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi daim diqqətdə saxlamasının bariz göstəricisidir.

Rektor qeyd edib ki, “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli Fərmanının 6-cı bəndinin icrasının təmin olunması məqsədilə Nazirlər Kabinetinin 2019-cu il 3 oktyabr tarixli Qərarı ADMİU-da çalışan əməkdaşların əməkhaqlarının yüksəldilməsi üçün zəmin yaradıb. Bu qərar təhsil işçilərinin maddi rifahının yaxşılaşdırılmasına, işçilərin əməkhaqlarının artırılmasına, eyni zamanda, ali təhsil müəssisələrinin maliyyə imkanlarının yaxşılaşmasına, maddi-texniki bazasının gücləndirilməsinə xidmət edəcək. Biz var gücümüzlə çalışmalı və dövlətin göstərdiyi etimadı doğruldaraq, tədrisi müasir dünya standartları səviyyəsinə qaldırmalı, yüksək ixtisaslı kadrlar yetişdirməliyik.

Çıxış edənlər bildiriblər ki, müvafiq qərar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kollektivi tərəfindən böyük sevinc hissi ilə qarşılanıb.

Elmi şuranın yekun qərarına əsasən, universitetin əməkdaşlarının əməkhaqları 20 faiz artırılıb. Qərar yalnız professor-müəllim heyətinə deyil, həm də texniki işçilərə şamil olunub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu