Ermənistan ordusunda xaos: Hərbi hissələri intihar və qətl hadisələri bürüyüb

Bütün hərbi hissələrdə "dedovşina" deyilən dərəbəylik hökm sürür


Ermənistan İstintaq Komitəsinin məlumatına görə, erməni ordusunda daha bir intihar hadisəsi baş verib. Hərbi hissələrin birində yaralı vəziyyətdə aşkarlanan Erik Ararat Arutyunyanı hospitala çatdırmaq mümkün olmayıb. Hərbçinin ölümü ilə bağlı “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi açılıb. Məsələ ondadır ki, erməni ordusunda son aylar ərzində intihar halları həddindən artıq çoxalıb. Əlbəttə, bunun bir çox səbəbləri var. Ümumiyyətlə, Ermənistan Silahlı Qüvvələrində vəziyyət çox ağırdır, orduda özbaşınalıq baş alıb gedir.

Ərzaq və maddi təchizat baxımından böyük məhrumiyyətlər yaşayan əsgərlər, üstəlik, zabitlərin dəhşətli zülmünə və təhqirlərinə də məruz qalırlar. Ən əsası isə odur ki, Ermənistan erməniləri Qarabağda, yəni özlərinə aid olmayan torpaqda boş yerə ölmək istəmirlər. Bu səbəbdən ya ordudan qaçır, ya da işgəncələrə dözməyib intihar edirlər. Ordudakı qanunsuzluqları baş nazir Nikol Paşinyan da dəfələrlə etiraf edib, lakin baş nazir vəziyyəti düzəltmək əzmində olmadığını da söyləyib.

Düşmən ölkənin ordusundakı vəziyyəti “Şərq”ə dəyərləndirən Demokratik Azərbaycan Dünyası Partiyasının sədri, Qarabağ qazisi Əlisahib Hüseynov deyib ki, müharibə şəraitində olduğumuz üçün işğalçı Ermənistan Silahlı Qüvvələrinin durumunu daim diqqət mərkəzində saxlamalıyıq. Partiya rəhbərinin sözlərinə görə, son aylar düşmən ordusunda həm intihar halları, həm də qətl hadisələri həddindən artıq çoxalıb:

“Artıq Ermənistan KİV-ləri bu barədə faktları gizlətməyə çalışmırlar. Mətbuatda işıqlandırılan faktlardan açıq-aşkar görünür ki, hazırda Ermənistan ordusunda psixoloji durum olduqca kritikdir. Əsgər və zabit heyəti arasında özbaşınalıq baş alıb gedir. Demək olar ki, bütün hərbi hissələrdə "dedovşina" deyilən əsgər dərəbəyliyi hökm sürür. Gənc əsgərlər zabitlər və çavuş-gizir heyəti tərəfindən ağlasığmaz təhqirlərə, təqiblərə məruz qalırlar. Ən maraqlısı da budur ki, ordudakı bütün tükürpərdici olaylar haqqında Ermənistanın baş naziri Nikol Paşinyanın özü də kifayət qədər məlumatlıdır. Lakin Paşinyan ordudakı mövcud böhranı heç cürə aradan qaldırmaq iqtidarında deyil. Bir sözlə, Ermənistan ordusu hazırda sözün əsl mənasında mənəvi-psixoloji deqradasiya halını yaşayır. Ancaq buna baxmayaraq, Ermənistan tərəfi demək olar ki, hər gün cəbhədə atəşkəs rejimini pozur. Paşinyanın özü də xəstə vəziyyətində olan bir orduya malik olmasına baxmayaraq, tez-tez müharibə ritorikası ilə çıxış edir. Bizi yeni ərazilərimizin itiriləcəyi ilə hədələyir. Sözsüz ki, onun hədələrini, çağırışlarını ciddiyə almırıq. Düşmən rəsmiləri özləri də yaxşı bilirlər ki, artıq vəziyyət kökündən dəyişib. Həm də ermənilərin xeyrinə olmayaraq dəyişib”. 

Analitik vurğulayıb ki, indi istənilən döyüş əməliyyatı sonda Azərbaycan ordusunun qələbəsi ilə nəticələnəcək: 

“2016-cı ilin “aprel döyüşləri”ndə bunun şahidi olduq. Sadəcə olaraq Paşinyan blef etməklə məşğuldur. Onun Azərbaycanı müharibə ilə təhdid etməsi əslində bizə yox, daxili auditoriyaya - erməni ictimaiyyətinə hesablanır. Erməni baş nazir ölkəsində gündən-günə artan sosial-iqtisadi narazılıqları səngitmək və arxa plana keçirmək üçün sıravi ermənilərin vətənpərvərlik damarına basır, onların millətçi-şovinist hisslərini coşdurmağa çalışır. Bunun üçün də ilk növbədə "Qarabağ kartı"ndan istifadə edir. Ancaq Paşinyan "Qarabağ kartı" ilə uzun müddət oynaya bilməz. Bu çox təhlükəli "oyun"dur və bu "oyun" sonda Paşinyanın siyasi karyerasını bitirə bilər. Odur ki, Paşinyan həm özünü, həm də erməni ordusunu hazırkı kritik durumdan çıxarmaq istəyirsə, mənasız bleflərə, manevrlərə son qoymalı və Qarabağ məsələsinin həlli istiqamətində real addımlar atmalıdır. Zaman Paşinyanın əleyhinə işləyir”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu