Uşaqlar arasında göz xəstəlikləri artır

Həkim tövsiyə edir ki, 2 yaşadək uşaqların telefon və planşetdən istifadəsinə məhdudiyyət qoyulsun



Son illər ərzində Azərbaycanda uşaqların profilaktik müayinəsi aparılarkən onlarda daha çox görmə qabiliyyətinin zəifləməsi halları aşkarlanıb. Ötən il Azərbaycanda 2 milyon 430 min 900 uşaq müayinəyə cəlb edilib və onların 13 min 400 nəfərində görmə qabiliyyətinin zəif olduğu üzə çıxıb. Ümumiyyətlə, son dönəmlər həm cəmiyyət arasında, həm də müxtəlif xəstəxanaların oftalmologiya şöbələrində aparılan müşahidələr göstərir ki, azyaşlı uşaqlar arasında göz xəstəlikləri artmaqdadır.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva bildirib ki, ümumi oftalmoloji müayinələr zamanı insanlar arasında daha çox yaxından görmə, uzaqdan görmə və astiqmatizm aşkarlanır. Onun sözlərinə görə, bu cür xəstəliklərə uşaqlar arasında daha çox rast gəlinir:

“Planşet, telefon və televizorlardan 2 yaşadək uşaqların istifadəsinə məhdudiyyət qoyulmalıdır. Çünki planşetlər, telefonlardan düzgün olmayan şəkildə istifadə edilmə uşaqlarda kompüter görmə sindromuna səbəb olur. Göz xəstəliklərinin profilaktikası üçün düzgün qidalanmaya, kitab oxuma zamanı ara məsafənin 30 sm olmasına xüsusi diqqət yetirilməlidir. Televizoru izləmə məsafəsi optimal şəkildə seçilməli, işığın düşməsinə xüsusi diqqət yetirilməlidir. Ona görə analar həm gələcəyimiz olan körpələrimizi qidalandırmalı, həm də onları gözün profilaktikası üçün digər zərərli vərdişlərdən uzaq tutmalıdırlar”.



Adil Qeybulla: “Ana bətnində yaxşı qidalanmayan körpələr müxtəlif qüsurlarla dünyaya gəlirlər”


Vurğulanan problemi “Şərq”ə təhlil edən Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla uşaqlarda görmə zəifliyinin ciddi problemə çevrildiyini söyləyib.

Professor bəyan edib ki, azyaşlı uşaqlarda meydana çıxan göz xəstəliklərinin bir sıra səbəbləri var: “Əvvəla, anaların qidalanması düzgün deyil. Ana bətnində yaxşı qidalanmayan körpələrin doğumdan sonra immun sistemi zəif olur və müxtəlif qüsurlarla dünyaya gəlirlər. Xüsusən, göz xəstəlikləri və görmə problemləri ilə doğulan uşaqların sayı gündən-günə artmaqdadır. Bu da təsadüfi deyil və bir sıra problemlərlə bağlıdır. Göz çox mürəkkəb bir orqandır və beynin mühüm hissəsini təşkil edir. Göz qıcıqları qəbul edən analizatordan biridir. Bir çox hallarda görmə zəifliyi uşaqlarda anadangəlmə meydana çıxır və sonradan müəyyən fəsadlar yaradır”. 



A.Qeybulla vurğulayıb ki, uşaqların qan təzyiqinin aşağı olması, ümumi zəiflik, gözdəki qüsurlar ciddi problemə çevrilməkdədir:

“Uşaqların eynək taxması, korreksiya olması, çəpgözlük, görmə itiliyinin fərqlənməsi, yaxından görmə və s. hazırda çox rast gəlinən neqativ hallardır. Təəssüflər olsun ki, uşaqlardakı görmə zəifliyi ilə bağlı xəstəliklərin əksəriyyəti müvəqqəti xarakter daşımır. Bu cür xəstəliklərin heç biri öz-özünə aradan qalxmır. Mütləq şəkildə kənar müdaxilə lazım olur”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu