Alıcı haqlıdır: Yumurta xarabdırsa, bunun səbəbini toyuqdan soruşmalı deyilik ki...

Bakı sakini “Araz” supermarketində satılan kolbasanın istifadəyə yararsız olduğundan şikayətlənib. Vətəndaş almaq istədiyi “Cennet oxot” markalı kolbasanın istifadə tarixinin ötdüyünü bildirib. Sosial şəbəkədə yerləşdirdiyi şəkildə görünür ki, kolbasanın istifadə tarixi noyabrın 2-də bitib. Vətəndaş kolbasanın çürüdüyünü və ondan pis qoxu gəldiyini də açıqlayıb. Qəzəblənən alıcı üzünü mağaza sahiblərinə tutub:

“Siz insanları zəhərləməkdən bezmədiniz? Doğrudanmı, bu “Veysəloğlu”nda hər şey bu cür idarə olunur? Bu cinayətdir, ay adamlar”.

Hadisə ilə bağlı açıqlama verən “Araz” supermarketlər şəbəkəsinin Marketinq departamenti PR və Daxili Kommunikasiya bölmə müdiri Billurə Əmirova bildirib ki, vətəndaşın aldığı oxot kolbasalarının saxlanma müddəti 40 gündür:

“Vətəndaş noyabrın 2- də “Araz” marketdən hisə verilmiş "oxot" kolbasası alıb. Məlumat üçün bildirim ki, həmin kolbasalar oktyabrın ayının 6-da istehsal olunub. Saxlanma müddəti 40 gündür. 15 noyabra qədər vaxtı var. Yəni məhsulun istifadə müddətinin bitməsindən söhbət gedə bilməz. Onu da əlavə edim ki, "oxot" hisə verimiş kolbasa məhsulu açıq şəkildə çəki ilə satılır. 

Yəni müştəri həmin kolbasadan hansı miqdarda istəyirsə, o qədər də alır. Maraqlıdır ki, əgər kolbasada problem olsaydı, müştəri onu yerindəcə, məhsulu seçərkən niyə görməyib? Burada bir məqamı nəzərə alaq ki, müştəri noyabrın 2-də məhsulu alıb və noyabrın 6-da şikayətini bildirib. Dörd gün ərzində məhsul hansı şəraitdə saxlanılıb? Şəkildə görünən odur ki, oxot kolbasalarının üzərindəki kif yox, məhsulun duzudur. Ümumiyyətlə, hisə verilmiş kolbasa məhsullarında duzun üzə çıxması xarakterik haldır”.



Eyyub Hüseynov: "Azərbaycanda Lomonosovun qanunu işləyir, heç nə məhv olmur və heç bir məhsulun vaxtı bitmir"


Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynovun Sherg.az-a açıqlamasına görə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda birmənalı şəkildə qeyd olunur ki, bu cür məsələlərdə satıcı, yəni market günahkardır:

“Bəzən yumurtanın vaxtı keçmiş olanda marketlərdən bildirilir ki, “bizlik deyil”. Bu zaman deyirəm ki, “yəqin bu məsələni gedib toyuqdan soruşmaq lazımdır”. Yumurta xarab olanda əlbəttə ki onun hesabını satıcıdan soruşmaq lazımdır. Marketlər belə hallara ciddi nəzarət etməlidir. 

Mövcud qanunvericiliyə görə, 1 dənə mal marektdən çıxarsa, onları 1500 manat cərimə gözləyir. Təəssüf ki, Azərbaycanda Lomonosovun qanunu işləyir, heç nə məhv olmur və heç bir məhsulun vaxtı bitmir. Hazırda qidanın təhlükəsizliyinə nəzarət edən dövlət orqanları vaxtı keçmiş qidanı müəyyən edəndə onu toplayır və satıcıya tapşırır ki, “gedib bu məhsulları məhv elə və mənə akt gətir”.

Vaxtı keçmiş qidaların yeri dükan yox birbaşa zibilxana olmalıdır


Satıcı da məhsulu istehsalçıya qaytarır, heç kəs həmin məhsulları məhv etmir. Ona görə də, biz daim təşəbbüs qaldırırıq ki, vaxtı keçmiş qidaların yeri dükan yox birbaşa zibilxana olmalıdır. Sabah bu məsələ ilə bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarova rəsmi məktub göndərəcəm. Bu vəziyyətin dəyişməsi üçün ona öz xahişimi bildirəcəm və köməklik göstərəcəm. Çünki belə problemlər çox yaşanır. Bütün hallarda vətəndaşlar “1003”  qaynar xətti ilə Qida Təhlükəsizliyi Agentliyinə məlumat verməlidirlər”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu