Paşinyan "gah nala, gah da mıxa” vurur

Bir tərəfdən Dağlıq Qarabağ adından danışmağa ixtiyarının olmadığını deyir, digər tərəfdən Qarabağda “referendum” keçirməkdən dəm vurur



"Baş nazir bilməlidir ki, bütün  diplomatik və hərbi addımlar Ermənistana böyük zərbə olacaq"




Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ məsələsi ilə bağlı növbəti avantürist fikirlərini səsləndirib. Paşinyan Qarabağ nizamlanması ilə bağlı əvvəlki tezisini təkrarlayıb: “Mən demişəm ki, Qarabağ məsələsinin istənilən həlli Ermənistan, Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmalıdır”. Baş nazirin sözlərinə görə, onun əsas vəzifəsi danışıqlar masasında erməni xalqı üçün məqbul həll yolunu tapmaqdır. Paşinyan iddia edib ki, ortaq həll variantı tapılarsa, xalqa təqdim ediləcək və ictimai müzakirəyə çıxarılacaq:

“Qərar ümummilli formatda verilməlidir və lazım gələrsə, referendum da keçirilə bilər”. İrəvan hökumətinin rəhbəri bəyan edib ki, siyasi rəqibləri Ermənistan cəmiyyətini hərbi əməliyyatların yenidən başlaması ehtimalı ilə qorxudurlar: “İnsanları müharibə ilə qorxutmağa başlayıblar. Konkret olaraq bu məqsədlə büdcələr qəbul edilir, təbliğat aparılır. Sizə dəqiq deyə bilərəm ki, Ermənistan və Qarabağ “hakimiyyəti”nin münaqişənin həlli barədə təsəvvürləri üst-üstə düşür”.

Göründüyü kimi, Paşinyan Dağlıq Qarabağ məsələsinə “nöqtə” qoya bilmədiyindən məsuliyyəti erməni xalqının üzərinə qoymağa çalışır və “referendum” xülyasından danışır. Xatırladaq ki, Ermənistanın keçmiş iqtidarları da tez-tez 1991-ci ildə keçirilmiş “referendum şousu”na istinad edirdilər, lakin rəsmi Bakı bu iddiaları birmənalı şəkildə rədd etdi. Odur ki, Paşinyanın köhnə nağıllara qayıtması heç də yaxşı perspektiv vəd etmir. 



Paşinyanın sərsəm açıqlamalarını “Şərq”ə şərh edən politoloq Qabil Hüseynli deyib ki, Ermənistan baş naziri “gah nala, gah da mıxa” vurur. Çünki heç bir səlahiyyətə malik olmadığını dərk edir.

Analitikin sözlərinə görə, Paşinyan bir tərəfdən Dağlıq Qarabağ adından danışmağa ixtiyarının olmadığını deyir, digər tərəfdən isə Qarabağda “referendum” keçirməkdən dəm vurur: “Həm də əlavə edir ki, münaqişənin həlli ilə bağlı hansısa planı yoxdur. Birincisi, burada erməni tərəfinin heç bir planından söhbət gedə bilməz. Ermənistan işğalçıdır və qeyd-şərtsiz zəbt etdiyi torpaqlardan geri çəkilməlidir. Münaqişənin həlli ilə bağlı BMT-nin 4 qətnaməsi var və həmin qətnamələrdə problemin hansı yolla çözülməsi öz əksini tapıb. İrəvanın üzərinə düşən sadəcə bu maddələri icra etməkdir. Dağlıq Qarabağ bizimdir və orada bir ovuc erməninin yaşaması bölgəyə iddia etmələrinə və qanunsuz referendum keçirmələrinə qətiyyən haqq qazandırmır. İşğalçıya qarşı güzəştli davranan güclər İrəvana xatırlatmalıdırlar ki, Paşinyanın münaqişə üzərində mənasız yerə baş sındırmasına ehtiyac yoxdur. Həll variantı ortadadır, sadəcə bunun tətbiq edilməsi lazımdır”. 

Ekspert bildirib ki, erməni baş nazir qeyri-səmimi açıqlamalarla həm öz xalqını aldadır, həm də dünya ictimaiyyətini çaşdırmağa çalışır:

“Paşinyan siyasi manevrlərlə vaxt udmaq istəyir. Hesab edir ki, zaman Ermənistanın xeyrinə işləyir və Qarabağ məsələsi tədricən beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalır. Lakin baş nazir öz zənnində yanılır. Proseslər bütün istiqamətlərdə Azərbaycanın xeyrinə cərəyan edir. Bundan sonrakı diplomatik və ya hərbi addımların hamısı Ermənistana böyük zərbə olacaq”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu