Professorun 65-ci payızı: Jurnalistika fakültəsi usta jurnalistini unutmadı



 Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi əməkdar jurnalist, filologiya üzrə elmlər doktoru, professor Qulu Məhərrəmlinin 65 illik yubileyini unutmadı. Bu münasibətlə düzənlənən tədbirdə Qulu müəllimin onlarla gənc jurnalistin yetişməsində, bilik və bacarığının artırılmasındakı roluna diqqət çəkilib. Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu yubilyarın həyat və yaradıcılığından danışıb.  O, qeyd edib ki, praktik jurnalistika ilə yanaşı elmi-pedaqoji fəaliyyətlə də məşğul olan Qulu Məhərrəmli elmi araşdırmalarında jurnalistikanın ümumi nəzəriyyəsi, media konsepti, teleradionun tarixi, ekran-efirin aktual elmi-nəzəri problemləri, o cümlədən mürəkkəb dil sisteminin öyrənilməsi məsələlərinə diqqət ayırıb.



Haqqında hazırlanan video çarxın nümayişindən sonra tədbir iştirakçılarına Qulu Məhrrəmlinin 65 illik yubileyinə həsr edilmiş “Kredo” qəzetinin xüsusi buraxılışı təqdim olunub. 

Televiziya və radio jurnalistikası kafedrasının müdiri, professor Allahverdi Məmmədli çıxışında qeyd edib ki, Q.Məhərrəmli ömrünü Azərbaycan televiziya jurnalistikasının inkişafına həsr etmiş qələm sahibidir: “Mətbuatda imzası ilə möhür vuran Qulu müəllim jurnalist fəaliyyəti ərzində məşğul olduğu peşənin qayda və tələblərinə sadiq olub, sənətinin öhdəsindən ustalıqla gəlib”.




“Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli təbrik nitqində qeyd edib ki, Q.Məhərrəmli işlədiyi bütün vəzifələrdə peşəkarlığını ortaya qoyub, işində tələbkarlığı ilə seçilib, cəmiyyətdə həmişə ləyaqətli yer tutub, şərəfli ömür yaşayıb və yaşayır.






Tədbirdə iştirak edən biologiya elmləri doktoru, akademik Elşad Qurbanov, professorlar Həmid Vəliyev, Nəsir Əhmədli, elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva, Azərbaycan Dövlət Televiziyasının əməkdaşı Natəvan Dəmirçioğlu, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz, ATV+ Kabel televiziyasının bədii rəhbəri Nəmənd Rüstəmov, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Teleradio Akademiyasının prorektoru Sevinc Məmmədova, dosentlər Billurə Aslan, Sevil Həsənova, fakültənin IV kurs tələbəsi Şəbnəm Qurbansoy və başqaları həmkarları haqqında dəyərli fikirlər səsləndirib, Qulu müəllimin Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərini yüksək qiymətləndirib və ona xoş arzularını çatdırıblar.



Sonda çıxış edən yubilyar ona göstərilən diqqətə görə fakültə rəhbərliyinə, tədbirin təşkilatçılarına və iştirakçılara  təşəkürünü bildirib.

Qeyd edək ki, Q.Məhərrəmli media problemlərinə həsr edilmiş nüfuzlu beynəlxalq toplantılarda, media forumlarında dəfələrlə Azərbaycan jurnalistikasını və jurnalistika elmini təmsil edib. Media problemləri, o cümlədən telejurnalistika üzrə ekspertlərdən biridir. Jurnalistika sahəsində ən yüksək mükafatlara layiq görülüb. 30-dan çox kitabın, o cümlədən bir neçə monoqrafiya, dərslik, dərs vəsaiti, həmçinin izahlı və etimoloji lüğətlərin müəllifi olan professorun əsərləri ingilis, rus, çex, fars və koreya dillərində çap edilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu