Nadirin bir səhvi başına bəla oldu: "Xristian qadını müsəlman qadını qədər..."

Hər kəs bu dünyaya Tanrının ona verdiyi bir ömrü yaşamaq üçün gəlir. Lakin bu heç də mövcud olmaq demək deyil. Mövqeyindən asılı olmayaraq şəxsiyyət olmalarıyla, cəmiyyətdəki duruşları, əməlləri, hərəkətləri və kimlikləri ilə həyatda var olmağı isə hər kəs bacarmır.  Bəzən hər kəlməmizdə az qala Avropaya üz tutub, onlardan nəsə öyrənməyə çalışırıq. Sanki hamı avropalı olmağa çalışır. Kimisi avropalı qadın arzulayır, kimisi xristian qadınları örnək göstərir.  Elə bu günlərdə müğənni Nadir Qafarzadənin paylaşımı da müzakirələrə səbəb oldu.

Onun xanım həmkarı Manana ilə çəkdirdiyi şəklə yazdığı şərh cəmiyyətin qınağına tuş gəldi. Müğənninin "müsəlman qadınları xristian qadınlarından örnək götürsünlər" deyə müraciəti birmənalı qarşılanmayıb. Müsəlman qadınlarını bu paylaşımla aşağılayan müğənni nə deməyə çalışıb?

Bu suala müxtəlif fikirlər səslənə bilər. Müğənni xanım həmkarına xoş söz olsun deyə paylaşım edərkən müsəlman qadınlarını niyə bu qədər cılız göstərmək istədi?  Müsəlman qadınının əxlaqı, insanlığa dəyəri, analıq hisslərinə bağlılığı görən xristian qadını ilə müqayisə oluna bilərmi? Əslində biz heç bir millətin qadınını onun milli mənsubiyyəti, irqi, dini ilə müqayisə etməyi düşünmürük. Hər bir dinin yaxşı insanları qədər pisləri də olur. Biz insani dəyərləri irqlə, dinlə, avropalı, ya da şərqli olmaları ilə mizan ölçüsünə qoymuruq. Vacib olan irqindən, dinindən asılı olmayaraq insan olmaqdır. Amma heç kimə də haqq verə bilmərik ki, müsəlman qadınını hansısa dinin nümayəndəsi ilə müqayisə edib, qadınlığımızı alçaltsın.   

Əgər dindən danışırıqsa, müsəlman dinində qadına böyük dəyər var. Allah Quranda "ideal müsəlman xarakteri"ndən bəhs edib. Bu xarakterdə kişinin məsulliyyətləri eynilə qadına da aid edilib. Həmin əxlaqı yaşayan müsəlman qadın olduqca güclü və imanlıdır.
Allah Quranın bir çox ayəsində qadınların haqlarını qoruyaraq cahil cəmiyyətlərdə onlara aid edilən səhv düşüncələri aradan qaldırıb, beləliklə, qadınlara cəmiyyətdə dəyər qazandırıb. Rəbbimiz insanlara Quranda üstünlüyün cinsiyyətlə deyil, Allah qorxusu, iman, gözəl əxlaq və təqva ilə olduğunu bildirib. Qadının cəmiyyətdəki yeri haqqında, dünyanın demək olar ki, hər ölkəsində əsrlərdən bəri mübahisələr davam edir. Qadının cəmiyyətdəki statusu, ailə həyatındakı əhəmiyyəti, işləyib-işləməməsi kimi bəzi ictimai mövzular illərdir dünya gündəmindədir.

Halbuki, bir müsəlman üçün qadının cəmiyyətdəki yeri çox açıqdır və gerçək islam əxlaqının mənimsənildiyi bir cəmiyyətdə belə bir mübahisənin yaranması mümkün deyil. Çünki islamda qadınla kişi bərabərdir. Qadın və kişi əlbəttə ki, fiziki mənada biri-birlərindən fərqli xüsusiyyətlərə sahibdirlər. Ancaq qadının fiziki olaraq, kişiyə nisbətən daha gücsüz olması, onun cəmiyyət içərisində kişidən daha az dəyər görməsi üçün bir səbəb deyil.
Nadir Qafarzadənin müsəlman qadınlarına bu mesajı sosial medianın da müzakirəsinə çevrildi. Soruşurlar ki, bu qədər xristian qadını onun əxlaq ölçülərinə uyğundursa, müğənni niyə xristian qadınla ailə qurmayıb? Müsəlman qadını bu qədər qadınlıqdan bixəbərdisə, onun xanımına bunu nə qədər şamil etmək olar? Məgər Nadir  Qafarzadə evindəki müsəlman qadınına, müsəlman anasına dəyər vermir?



Nüşabə Ələsgərli: "Bir kəlmə deyir, sonra peşman olur"


Məsələyə münasibət öyrənmək üçün tanınmışlara üz tutduq. Əməkdar artist Nüşabə Ələsgərli Nadirin müsəlman qadınları ilə bağlı paylaşımına belə reaksiya verdi:

"Mən Nadiri tanımasaydım, onun əxlaqına, ürəyinə bələd olmasaydım, təbii ki, bu paylaşımına reaksiyam sərt olardı. Nadir bu paylaşımı edərkən Mananaya xoş olsun deyə yazıb. Manana həqiqətən ailəsinə sadiq bir xanımdı. Sadəcə Nadirin səhvi ondadır ki, o gərək bu paylaşımını edərkən,  bəzi kəlməsindən istifadə edib, «bəzi  müsəlman qadınları» yazaydı. Bəzi kəlməsi onu sığortalamış olardı. Hamı bilir ki, o evindəki xanımına nə qədər dəyər verir. Kaş bütün kişilər onun qədər qadına dəyər verməyi bacaraydı. Onun bir kəlmə səhvi yenidən Nadiri dillərə salıb. Nadiri tanıdığım üçün onun bu sözlərini pis yoza bilmirəm. O, elə demək istəməyib. Sadəcə səhv edib yanlış kəlmələrdən istifadə edib. Bilirsiz ki, Nadir çılğın xarakterə malikdir. Qaldı sosial şəbəkədə onu tənqid edən qadınlarla yazışmasında da qeyri-etik ifadələr işlətməsinə, doğru deyil, razıyam. Amma Nadir çılğın təbiətli insandır. Bir kəlmə deyir, sonra peşman olur. Mən əminəm ki, Nadir o şəkildə fikirlərini ifadə etmək istəməyib, sadəcə elə alınıb».



Şeyx Əbdül Mahmudbəyov: "Müsəlman qadını haqqında heç kimin belə çirkin ifadələr işlətmək haqqı yoxdur"


Əməkdar incəsənt xadimi, kinorejissor Şeyx Əbdül Mahmudbəyov da məsələyə münasibət bildirdi:

«Düzünü desəm, mən paylaşımdan xəbərsizəm. Əgər Nadir xristian qadınla şəkil paylaşaraq müsəlman qadınları xristian qadınlardan qadınlıq öyrənsin» deyə cümləsindən istifadə edibsə, səhv edib. Dünya biz müsəlmanların kökü üstə yaranıb - Həvva da, Adəm də bizim nənəmiz, babamızdı. Biz onlardan törəmişik. Müsəlman qadınının əxlaqı, mənəviyyatı dünyanın heç bir dini ilə müqayisə oluna bilməz. Müsəlman qadını haqqında heç kimin belə çirkin ifadələr işlətmək haqqı yoxdur. Xristian qadını müsəlman qadını qədər əxlaqa, mənəvi dəyərlərə, ailəyə bağlı ola bilməz. Müsəlman qadınlarının ailəyə dəyəri dünyanın bütün xristian qadınlarına örnək ola bilər. Onlar əsrlərlə yol qət etsələr də, müsəlman qadınının əzəmətini, ismətini özlərində daşıya bilməzlər. Müsəlman qadınına dil uzatmaq günahdır. Biz analarımıza necə dil uzada bilərik. Kökündən, əslindən-nəslindən xəbərsiz biri bu qədər ağılsız və mənasız kəlmələr işlədə bilər. Müsəlman qadının müqayisəyə ehtiyacı yoxdur. Dünya müsəlman qadınlarının əxlaqa, dininə, ailəsinə, imanına bağlı olmasından örnək götürür. Bu gün onun dediyi xristian ölkələri Qurandan oğurlayıb ailə modelləri qurmağa çalışırlar. Mənim müsəlman qadınımın əxlaqi dəyəri bir məktəbdi. Ona kimsə dil uzatmaq səlahiyyətində deyil. Nadirin evində xristian qadın var ki? Onun uşaqlarının anası  müsəlman qadını deyilmi? Bu nə ağılsız kəlmədir? Ayıb olsun. Mən bilmirəm bu paylaşımı ilə nə deməyə çalışıb, ancaq müsəlman qadınına haqsızlıq edib, evindəki qadına hörmətsizlik edib. Bəlkə fərqində deyilsə, bilsin çox böyük səhv edib».

Paylaş

Bizi Facebookda izləyin
Tahirə Məmmədqızı Yazarın yazıları
menu
menu