Vəkildən təklif: "Hakimlərin maaşları 8-10 min manat olmalıdır"

“Hüquq pozuntularına yol verən hakimlərlə bağlı cəzalar çox sərt olmalıdır”. Bunu Sherg.az-a açıqlamasında tanınmış vəkil, hüquqşünas Adəm Məmmədov  deyib. Vəkil bildirib ki, hakimlərin müstəqilliklərini təmin etmək üçün mütləq onun sosial təminatını gücləndirmək lazımdır: 

“Düzdür, bununla bağlı mühüm sərəncamlar verilib və hakimlərin məvacibləri qaldırılıb. Birinci instansiya hakimlərinin maaşları təxminən 2700-2800 manata kimi artırıldı. Amma bu məbləğ kifayət deyil. Hesab edirəm ki, birinci instansiya hakimlərinin əməkhaqqları ən azından 8-10 min manat olmalıdır. Əgər belə olarsa, hakimlərin neqativ əməllərinə, korrupsiya hallarına rast gəlmərik. Maaşı yüksək olan, sosial təminatı yüksələn hakimlər nəyinsə müqabilində qanunsuz qərarlar verməyəcəklər və qərarları ədalətli olacaq. Hakimlərin asıllığı ortadan qalxacaq və müstəqillikləri təmin olunacaq”. 



Adəm Məmmədov: "Maaşı yüksək olan, sosial təminatı yüksələn hakimlər nəyinsə müqabilində qanunsuz qərarlar verməyəcəklər və qərarları ədalətli olacaq"


A.Məmmədovun sözlərinə görə, məhkəmə sistemində müsbət dəyişikliklər hiss olunmaqdadır: 

“Kütləvi biabırçılıqlar demək olar ki, ortadan qalxıb. Lakin müəyyən problemlər var ki, onları tam aradan qaldırmaq mümkün olmayıb. Bunun üçün köklü islahatlara ehtiyac var. Hesab edirəm ki, hörmətli nazir Fikrət Məmmədov bu məsələdə bir qədər qətiyyətli olarsa, müsbət nəticələr əldə oluna bilər. Cənab Prezident məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında 13 aprel 2019-cu ildə Fərman imzalayıb. Bu Sərəncam məhkəmə sisteminin işlək olması və səmərəliyi üçün çox mütərəqqidir. Həmin Fərmanın icra mexanizmini həyata keçirmək lazımdır. Əgər bunu edə bilsək, məhkəmə-hüquq sistemində arzuladığımız nəticəni əldə edərik. Monitorinqlərin keçirilməsi üçün müvafiq komissiyalar yaradılmalı və ölkənin nüfuzlu ictimai-siyasi xadimləri komissiyaya üzv seçilməlidir”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu