Diplomatlardan NARAZILIQ: "Elə səfirlərimiz var ki, sadəcə maaş xatirinə işləyir"

Azərbaycanı xarici ölkələrdə təmsil edən diplomatlarımızın fəaliyyətlərindən narazılıqlar var. Sosial şəbəkələrdə belə fikirlər səsləndirilir ki, səfirlərimiz yetərincə işləyə bilmirlər. Xüsusən də, Azərbaycanın ağrılı məsələsi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqq səsini olduqları ölkələrin cəmiyyətlərinə çatdıra bilmirlər. Təbii ki, istisnalar hər zaman var. Lakin, diplomatiyamızla bağlı ümumi mənzərə o qədər də ürəkaçan sayılmır. 

Əks arqument gətirənlər isə səfirlərin maaşlarının az olduğunu, alfıqları əməkhaqqı ilə istədiyimiz işi görməkdə çətinlik çəkdiklərini deyirlər. 
 


Elxan Şahinoğlu: "Səfirlər fəaliyyətini aldıqları maaşla yox, vətən təəssübü ilə tənzimləməlidirlər"


Diplomatlarımızın fəaliyyətini Sherg.az-a dəyərləndirən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, səfirlər fəaliyyətini aldıqları maaşla yox, vətən təəssübü ilə tənzimləməlidirlər:

"Mən həm jurnalist, həm də siyasi analitik kimi müxtəlif xarici ölkələrə səfər edəndə, səfirlərimizin fəaliyyəti ilə tanış olmuşam. Bəziləri öz işlərinin öhdəsindən layiqincə gəlirlər. Amma bu fikri hamısına aid etmək olmaz. Elə səfirlərimiz var ki, sadəcə maaş xatirinə işləyir, ancaq texniki məsələlərlə məşğul olurlar. Halbuki səfir həm də yaradıcı olmalıdır. Bu gün bizim Dağlıq Qarabağ kimi çox ciddi və taleyüklü torpaq problemimiz var. Emənilərin xarici işlər naziri dünyanı gəzir. Gərək bizim səfirlər də fəal olsunlar. Dağlıq Qarabağ məsələsini dünyada tanıtmaq onların ən əsas vəzifələrindən biri olmalıdır. Ermənistan lobbiçiləri müxtəlif formalarda öz təxribatçılıq fəaliyyətlərini həyata keçirirlər. Bizim belə lobbiçilərimiz yoxdur. Ona görə də səfirlərimiz iki qat məsuliyyətlə çalışmalıdırlar”.

Səfirlərin maaş məsələsinə toxunan siyasi analitik vurğulayıb ki, aldıqları əməkhaqqı səfirlərin fəaliyyətinə təsir etməməlidir:

“Diplomatlarımız beynəlxalq aləmdə Azərbaycanı təmsil edirlər. Bu, həm də vətənfdaşlıq məsələsidir. İndiki dövrdə səfirlərin maaşlarının az olduğuna inanmıram. Əgər azdırsa da belə, yenə səfirlər mümkün qədər səmərəli çalışmalı, təşəbbüskar və yenilikçi olmalıdırlar. Mən bir səfir tanıyırdım, maaşı qənaətbəxş olmasa da, yenə də səylə çalışırdı. Gərək bir işi yerinə yetirəndə, xüsusilə də beynəlxalq aləmdə ölkəni, Vətəni təmsil edəndə ilk növbədə dövlətinin imicini düşünəsən". 

Kənan Novruzov

Paylaş

Bizi Facebookda izləyin
menu
menu