Rusiyanın mexanizmi faydalı deyil: Avropa, Çin və Yaponiya modelini tətbiq etməliyik

Rusiya Dövlət Duması rus dili proqramı olmayan smartfon telefonlar və kompüter satışını qadağan edən qanun qəbul edib. Qanun layihəsinə əsasən, ölkədə satılan bütün smartfon telefonlar, kompüterlər və televizorlar zavod parametrləri olaraq Rusiya proqramı ilə işləməli olacaq. Qanunun qüvvəyə minməsi üçün öncə Federasiya Şurası, daha sonra Rusiya Prezidenti Vladimir Putinin təsdiqi lazımdır.

Əlbəttə, Putinin sözügedən qərarı imzalayıb-imzalamayacağı başqa məsələdir. Şübhəsiz ki, indiki halda qonşu Rusiyada bu məsələnin gündəmə gətirilməsi bir sıra siyasi səbəblərlə bağlıdır. Bəs, sözügedən layihənin Azərbaycanda tətbiqi nə dərəcədə mümkündür? 

Məsələni “Şərq”ə şərh edən internet-media eksperti Səbuhi Abbasov deyib ki, belə qərarların mütləq şəkildə siyasi tərəfləri olur. Ekspertin sözlərinə görə, Rusiyada bu qanunun müzakirəsi çoxdan gedir:

“Rusiyada bütün elektron daşıyıcılarının mütləq şəkildə rus dilində proqramlaşdırılması müzakirə olunur. İstənilən halda rus dili böyük coğrafiyanı əhatə etdiyinə görə, bir çox qurğularda rus dilinin tətbiqi təmin edilib. Lakin “konkret rus dilindən başqa dil olmasın” mexanizmi hələ işlənməyib. Dünyada ən çox istifadə olunan dillər ingilis və rus dilləridir. İngilis dili artıq bir çox ölkələrdə, o cümlədən MDB-də çox populyardır və rus dilini sıxışdırmaqdadır. Bu mənada Rusiyada təkcə bununla bağlı deyil, bütövlükdə rus dilinin təbliği ilə bağlı irimiqyaslı layihələr hazırlanır. Lakin bir məqamı xüsusi qeyd etmək istəyirəm ki, texnoloji inkişafın davamlı olmasını təmin etmək üçün onun beynəlmiləl elementlərindən istifadə etmək qaçılmazdır”.  

S.Abbasov vurğulayıb ki, dünyada bir neçə texnoloji innovasiya mərkəzləri var və onların hamısı ingilis dilində fəaliyyət göstərir:

“Azərbaycana gəldikdə isə son on ildə ölkəmizdə informasiya texnologiyaları ilə bağlı ciddi layihələr həyata keçirilib, peyklərimiz sputnikə qalxıb. Bütün bunlar Azərbaycanda İKT-nin inkişafını ən azı 50 il irəli salıb. Ancaq bizdə Rusiyadakı kimi bir layihənin icra olunması düzgün olmazdı. Onsuz da Azərbaycan dili bir çox texniki qurğularda, o cümlədən kompüter və smartfonlarda var. Düzdür, geniş yayılmayıb və mükəmməl şəkildə deyil, həmçinin, bir sıra problemlər mövcuddur. Bu problemlərin üzərində işləmək olar. Lakin sırf Rusiyada tətbiq olunan mexanizmin eyniylə Azərbaycanda da icra olunması birmənalı şəkildə inkişafın qarşısını alacaq. İKT ilə bağlı ölkəmizdə qarşıya qoyulan əsas vəzifə yeni innovasiyaların tətbiqi, inkişafı və ən əsası istehsalı özündə ehtiva edir. Biz Rusiya yox, Avropa, Çin və Yaponiya modelini tətbiq etməliyik”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu