Gürcüstanda azərbaycanlılara aid qəbiristanlıq dağıdılıb - TƏXRİBATDIR, YOXSA.... 

Cəmiyyət sədri hesab edir ki, bu, bəzi qüvvələrin təxribatı ola bilər



Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Daştəpə kənd qəbiristanlığında vandalizm aktı törədilib. Qəbiristanlıqda Seyid Qəmbər Əsgərovun türbəsindəki qəbri dağıdılıb. Onun ailəsinin beş üzvünün qəbirlərinin baş daşları da uçurularaq yararsız hala salınıb. Seyid Qənbər Əsgərovun yaxınları və Daştəpə sakinləri qəbirlərin qəsdən dağıdıldığını iddia edirlər. Faktla bağlı araşdırma aparılır.

Bəzi şəxslər hadisənin milli və ya etnik zəmində baş verdiyini iddia ediblər. 

Xoşagəlməz hadisəni “Şərq”ə dəyərləndirən “Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli deyib ki, ümumiyyətlə, müqəddəs ocaqları və məzarları dağıtmaq, qəbir daşlarını sındırmaq yolverilməzdir:



Zəlimxan Məmmədli: "Hədəf Azərbaycan və Gürcüstan arasındakı münasibətləri gərginləşdirməkdir"


“Hətta bununla bağlı beynəlxalq konvensiyalarda xüsusi maddələr var. Müharibə şəraitində qarşı tərəfə məxsus ərazi zəbt olunarsa belə, qəbirlərin toxunulmazlığına önəm verilir. Yəni istənilən halda məzarlara qarşı təxribata qətiyyən haqq qazandırıla bilməz. İllər öncə bizim kənddə belə bir hadisə olub. NKVD-nin qılıncının önü-arxası kəsən vaxtı zalım bir şəxs öz el-obasına çox zülm edir, ailələri ciddi təzyiq altında saxlayırdı. Bir zaman sonra kənd camaatı onun qəbrini dağıtdı. Amma bu, tamamilə ayrı məsələdir. Çünki elin dəyərlərini tapdayan adamın həmin torpaqda dəfn olunması xoş qarşılanmır. Bunu düşmənçilik adlandırmaq olmaz, çünki adını çəkmək istəmədiyim həmin şəxs sağlığında etdiyi pisliklərin cavabını alıb. Amma digər məqamlarda qəbirlərin dağıdılması düşmənçilik zəminində baş verir və ciddi fəsadlara səbəb olur. Bəzi hallarda ailə ilə nifaqlarını həll edə bilməyənlər acıqlarını o ailəyə məxsus məzarlardan çıxırlar”. 

Z.Məmmədli hadisənin dini və ya etnik zəmində baş verdiyini düşünmür:

“Sözün açığı, xüsusi olaraq hazırlanmış əməliyyat kimi görmürəm. Ancaq bu versiyanı da ehtimal etmək olar. Kifayət qədər kövrək bölgədə yerləşən kənddə bəzi qüvvələrin maraqları ola bilər. Belə məqamlarda konkret Rusiya amili də rol oynayır. Hədəf Azərbaycan və Gürcüstan arasındakı münasibətləri gərginləşdirməkdir. Keşikçidağ məbədi ilə bağlı prosesdə bunun şahidi olduq. Məzarların dağıdılmasını bu istiqamətdə növbəti təşəbbüs kimi də dəyərləndirmək mümkündür. Bütün hallarda problemi sakit başla, əlavə gərginlik yaratmadan yoluna qoymaq lazımdır. Şəxsən mən bu vandalizmi qınayıram, bizim işimiz dirilərlə olmalıdı, ölülərlə yox. Müqəddəs məzarlara və ocaqlara yanaşma çox həssas olmalıdır”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu